"Azərbaycan Mədəniyyəti – 2040" Konsepsiyasının təsdiq edilməsindən sonra mədəni sahədə görüləcək işlər, qarşıda duran vəzifələr və ümumi mənzərə özündə bir çox sualları ehtiva edir. Xüsusilə strateji hədəflərin müəyyənləşdiyi bu yeni mərhələdə milli kinonun qlobal rəqabətə davamlılığı və sənayeləşmə perspektivləri aktuallıq qazanan əsas mövzular sırasındadır. Bu mənada, kino sektoru da prosesin əsas tərkib hissələrindən biri kimi önə çıxır.
"Report" Azərbaycan Respublikasının Kino Agentliyinin baş direktoru Rəşad Əzizovla konsepsiyanın kino üçün prioritetləri, eləcə də bu sektorla bağlı bir çox məsələlər ətrafında müsahibə edib.
– Mədəniyyət konsepsiyasından başlamaq istərdim. Kino Agentliyi bu konsepsiyaya əsaslanaraq, perspektivdə hansı hədəfləri qarşısına qoyur?
– "Azərbaycan Mədəniyyəti – 2040" Mədəniyyət Konsepsiyası bu sahə üçün çox vacib və fundamental bir sənəddir. Bu sənədlə birlikdə arxayınlıqla deyə bilərik ki, mədəniyyətimizin inkişafı üçün yeni bir səhifə açılır. Uzun illər aparılan islahatlar bütövlükdə hüquqi çərçivə tələb edirdi. Bu konsepsiya ilə ortaya qoyulan yeni yanaşma aydın şəkildə göstərir ki, həm prioritet istiqamətlər müəyyənləşdirilib, həm də bu istiqamətlərdəki hədəfə çatmaq üçün alətlər formalaşdırılıb.
Bildiyiniz kimi, konsepsiyada audiovizual sahənin inkişafı istiqamətində dövlət proqramının hazırlanması əsas hədəflərdən biri kimi müəyyən edilib. Bu proqram hazırlandıqdan sonra hədəfə doğru gedilən yol planlı şəkildə müəyyən ediləcək. Eyni zamanda mədəni və yaradıcı sənayelərin inkişafına dair öhdəliklər konsepsiyada əsas istiqamətlərdən biri kimi öz əksini taparaq kinonun məhz sənaye kimi inkişafı əsas fəaliyyət istiqaməti kimi təqdim olunub.
Kinoya gəldikdə isə əsasən, incəsənət sahəsi kimi qəbul edilir, bu mənada, onu daha geniş kütləyə çatdırmaq, bu sahədə müasir texnologiyaların tətbiqi, habelə film istehsalında dayanıqlılığının təmin edilməsi onun sənaye kimi inkişafını şərtləndirir. Konsepsiyada kino sənayesinin inkişafı olduqca vacib meyar kimi göstərilir. Məqsəd özəl şirkətlərin sayının artması, dövriyyəsinin çox olması, yeni iş yerlərinin yaradılması, bu sahədə çalışan işçilərin maddi rifahının artırılmasıdır. Bütün bu vacib məsələlərin fonunda cəmiyyət üçün lazım olan məzmun və mövzular ekranlaşdırılmalıdır.
Müasir dövrdə audiovizual məzmun həyatımızın böyük bir parçasına çevrilib. Biz telefon və planşetlər, eləcə də digər bu kimi texnologiyalar vasitəsilə həmin audiovizual məzmunu istehlak edirik. Gənc nəsil bu gün internet resurslarından çox geniş istifadə edir. O zaman sual yaranır: onlar həmin məzmunlardan nəyi əldə edir? Azərbaycan dilində olan məzmun varmı? Keyfiyyəti necədir? Oradakı məzmun bizi ifadə edirmi?
Bu suallar kinonun rolunu daha da vacib edir. Çünki digər audiovizual sahələrdən fərqli olaraq, kino çox güclü tərbiyəedici funksiyaya malikdir. İnsan ədəbiyyatla yanaşı, kinodan da gündəlik davranış modellərini görüb götürür və mənimsəyir. Oradakı qəhrəmanlara oxşamaq istəyir. Kim olmaq və ya olmamaq kimi suallara cavab axtarır. Ona görə də kinonun mütləq şəkildə inkişafı mədəniyyət konsepsiyasında əks olunan bir çox sahələrə də birbaşa təsir edəcək. Dolayısı ilə deyə bilərik ki, həm dilimizin qorunması, həm yaradıcı sənayelərin inkişafı, o cümlədən milli və ailə dəyərlərinin təbliği, bilgi və davranış mədəniyyətinin inkişafı üçün kino sənayesi çox böyük bir alətdir.
– Konsepsiyanın media üçün təqdimatında "Azərbaycanfilm" kinostudiyasının mahiyyətinin dəyişməli olduğunu bildirdiniz. Burada konkret olaraq hansı mahiyyət dəyişikliyi nəzərdə tutulur?
– Əgər biz əvvəlki dövr kinematoqrafiyasına baxsaq, bütün istehsalat mərhələlərinin məhz "Azərbaycanfilm" kinostudiyasında baş tutduğunu görərik. Müasir dövrdə isə bütün sahələrdə olduğu kimi kino sahəsində də özəl sektor güclənir. Hətta sirr deyil ki, bu, dövlət siyasətində əsas hədəflərindən biri kimi qoyulur. Genişmiqyaslı islahatların nəticəsində kino sənayesi sahəsində özəl sektor güclənib və istehsal prosesinin əksəriyyəti müstəqil prodüserlər tərəfindən həyata keçirilir.
Mahiyyət necə dəyişməlidir: "Azərbaycanfilm" kinostudiyası həmin özəl sektorların iştirakı ilə kino sənaye parkına çevrilməlidir. Bizim bu gün əsas məqsədimiz budur. Yəni "Azərbaycanfilm"in tarixini, irsini, gücünü qorumaqla, özəl sektoru məhz buranın nəzdində fəaliyyət göstərməyə təşviq edirik.
– Biz sizinlə ötənilki söhbətimizdə də bu məsələ ilə bağlı danışmışdıq. O zaman demişdiniz ki, Agentliyin kinostudiyaya köçürülməsi prosesi başlayıb.
– Bəli, bu istiqamətdə işlər ötən ildən başlayıb və hazırda da davam edir. Birinci mərhələdə ümumi kosmetik təmir və abadlıq işləri nəzərdə tutulurdu ki, hazırda bu məsələ icra mərhələsindədir. Aydın məsələdir ki, Kino Agentliyinin və digər təsisatların kinostudiyada yerləşməsi üçün ora minimal şəraitə, yəni iş üçün zəruri olan tələblərə cavab verməlidir.
Ümumilikdə, heç kəsə sirr deyil ki, uzun illərdir, kinostudiyanın bərpa edilməsi ilə bağlı məsələ gündəmdə idi, lakin bu müzakirələrin reallaşdırılması faizi çox aşağı idi. Nəticələr də göz qabağındadır. Yəni bütün bunlar real addımların atılmasını tələb edirdi. Qeyd etdiyim kimi, proses artıq başlayıb və icrası davam etdirilir. Artıq həm özəl, həm qeyri-hökumət sektoru aktivləşir, bu sahədə islahatlar bir çox dövlət qurumların diqqətindədir. Əlavə olaraq bildirim ki, kinostudiyanın rezidentlərinin sayı gündən-günə artır: bunlar həm prodakşn şirkətləridir, həm fərqli-fərqli servis şirkətləri. Onlar müstəqil fəaliyyətlə yanaşı, həm də "Azərbaycanfilm"lə birgə fəaliyyət həyata keçirirlər.
– O zaman köçürülmənin bu il tam başa çatacağını deyə bilərikmi?
– Prinsip olaraq, bəli. Düşünürük ki, bu il ərzində Kino Agentliyinin baş ofisinin kinostudiyaya köçürülməsi mümkün olacaq və onu da qeyd edim ki, əməkdaşlarımız mütəmadi olaraq kinostudiya ilə əlaqədədir.
Eyni zamanda kinostudiya ilə yanaşı "Nizami" Kino Mərkəzinin də aktiv prosesə cəlb edilməsi əsas hədəflər sırasındadır. Yəni təbliğat aləti olaraq "Nizami" Kino Mərkəzi önə çıxacaq, kinostudiya isə istehsalat prosesinin mərkəzi olacaq. Bu məsələlərlə bağlı konsepsiyanın icrasından irəli gələn, Agentlik və idarəçiliyində olan kino müəssisələrinin fəaliyyətinə dair təfsilatlı plan isə proses başa çatdıqda ictimaiyyətə təqdim ediləcək.
Ümumiyyətlə, bizim məqsədimiz "Azərbaycanfilm"in dövlət sifarişli filmlərdə aktivliyini artırmaqdır. Əvvəlki dövrlərdə bu, yalnız kinostudiya tərəfindən həyata keçirilirdisə, indi bu proseslər özəl sektorlarla birgə reallaşacaq. Bu isə kino sənayesi sahəsində daha çevik idarəetmə modelinin tətbiqinə şərait yaradacaq, həmçinin sağlam rəqabət təmin olunacaq. Yəni bu proseslər dövlət monopoliyası yanaşmasından özəl sektorun rəqabətliliyini artıran sənaye istehsalı mexanizmə keçidə xidmət edir, biz buna nail olmaq istəyirik.
– Rəşad müəllim, bir məsələni də aydınlığa çıxarmağınızı istəyirəm. Kino Agentliyinin müəyyən məbləğ qarşılığında ofislərdə fəaliyyəti də zaman-zaman mediada müzakirə mövzusu olur. Fikirlər belədir ki, ümumiyyətlə, Agentliyin dövlət balansında olan başqa binalarda – məsələn, Dövlət Film Fondunun binasında yerləşdirilməsi mümkün deyildimi? Ora kinostudiya ilə müqayisədə şərait baxımdan yaxşı vəziyyətdədir.
– Əvvəla onu qeyd edək ki, Dövlət Film Fondu kino arxivi üzrə ixtisaslaşmış və xüsusi rejimdə fəaliyyət göstərən dövlət kino müəssisəsidir. Onun əsas fəaliyyət istiqaməti böyük kino arxivinin mühafizəsi və milli kino irsimizin qorunmasını əhatə edir.
Deyirsiniz, Dövlət Film Fondu kinostudiyadan daha təmirlidir, bəli, razıyam, lakin, bu infrastrukturun əsas təyinatı məhz kino irsinin qorunmasına yönəldilir. Hətta deyim ki, mövcud şərait belə bu təyinat üçün kifayət etmir. Əməkdar incəsənət xadimi Cəmil Quliyev və onun komandası uzun illərdir, kino irsinin həm rəqəmsal, həm də fiziki formada qorunub saxlanılması üçün unikal şərait yaratmağa nail olublar. Bu istiqamətdə işlərin dəstəklənməsinə və infrastrukturun daha da gücləndirilməsinə ehtiyac var.
Yeri gəlmişkən, sizə bir məlumatı da verim ki, Kino Agentliyin nizamnaməsinə əsasən, Dövlət Film Fondu ilə birlikdə mühafizə olunan milli filmlərin və onların ilkin materiallarının bərpası, konservasiyası və rəqəmsal daşıyıcılara köçürülməsi ilə bağlı tədbirlər görülməsi, ölkədə nüsxəsi olmayan milli filmlərin və digər kinomaterialların axtarılıb üzə çıxarılması istiqamətində də artıq işlər görülür.
Digər tərəfdən, Kino Agentliyi bütün dövlət kino müəssisələrində idarəçilik fəaliyyətini həyata keçirir. Burada əsas müzakirə olunacaq məsələ çox aydındır: biz agentlik olaraq kinostudiyada fəaliyyətimizi davam etdirməliyik. Bizim üçün bəlli yol budur və kinostudiyada bunun üçün lazımi infrastruktur və şərait qurulmalıdır. Sadəcə, bunun üçün müəyyən vaxt lazımdır.
– Aydındır. Bu yaxınlarda Kino Agentliyinin özəl bir şirkətlə tarixi film çəkilişi ilə bağlı müqavilə imzaladığı xəbəri yayıldı. Reaksiyalarda əsas sual bu oldu: niyə bu tip layihələr yaradıcı müsabiqələrdən kənar maliyyələşdirilir?
– Hər hansısa bir məzmunun yaradılmasında, ilk növbədə, fəaliyyət göstərəcək komandanın indiyə qədər gördüyü işlərə, keyfiyyətinə, nüfuzuna və digər bu kimi məqamlara diqqət yetirilir. Prodüserlik eyni zamanda yaxşı komanda formalaşdırma işidir. Bu faktor Kino Agentliyi ilə şirkət arasındakı münasibətlərin təşkilində əhəmiyyətli rol oynayır.
Kino Agentliyi öz fəaliyyət planına uyğun olaraq, kino sənayesinin dəstəklənməsi üçün mütəmadi olaraq film müsabiqələri təşkil edir. Bununla yanaşı, dövlət sifarişi əsasında filmlərin istehsalının dövlət satınalmalar haqqında qanunvericiliyi çərçivəsində müsabiqədən kənar təşkil olunması da mümkündür.
Müsabiqə ümumən çox çətin və mürəkkəb bir prosesdir. Burada əsas məqsəd keyfiyyətli filmin istehsalı, eyni zamanda daha çox və fərqli şirkətlərin cəlb edilməsi, o cümlədən onların fəaliyyətinin stimullaşdırılmasıdır. Keçirilən müsabiqələr müxtəlif istiqamətlər, janr və kateqoriyalarda olur. Kino sənayesinin dəstəklənməsi istiqamətində bu mexanizm şəffaflığı tam təmin edir. Müsabiqələrdə qalib olmayan şəxslərin narazı qalması çox təbii bir haldır. Yaradıcı insan narazı qala bilər, etiraz edə bilər. Kino Agentliyinin bu prosesdə əsas məqsədi müsabiqənin davamlı keçirilməsi prinsipinin qorunmasıdır, məhz bu yol hər kəsin prosesə cəlb edilməsinə yenidən şərait yaradır. Ona görə də müsabiqə yolu ilə seçilmiş filmlərin istehsalatına dəstək ildən ilə artır.
Konkret olaraq sizin sualınıza gəldikdə: bəzən dövlətə çox qısa müddətdə konkret məzmun lazım olur. Qanunvericiliyə uyğun olaraq, əsərin müəlliflik hüququ konkret şəxsə, yaxud şirkətə verilir. Bu halda əsərin istifadəsi ilə bağlı səlahiyyət ancaq o şirkətə və ya şəxsə məxsus olur. Bəhs etdiyiniz məqam da bunlardan biridir. Bu məzmun eramızdan əvvəlki tariximizə səyahəti özündə ehtiva edir: söhbət Aşquzlar dövlətinin mövcud olduğu dövrdən gedir. Bu dövr dərin təhlil olunub, bu istiqamətdə məsləhətləşmələr həyata keçirilib.
– Təhlil və məsləhətləşmələr deyirsiniz, burada, yəqin ki, AMEA nəzərdə tutulur?
– Əlbəttə. Müəllif tanınmış tarixçi alim, tarix üzrə fəlsəfə doktoru Zaur Həsənovdur. Sizə bir faktı da deyim ki, tarixi film istehsal olunduğu zaman nəinki ssenari mərhələsində, artıq tamamlanıb qəbul edilərkən belə müstəqil mütəxəssislər tərəfindən təftişə cəlb olunur. Çünki yaradıcılıq prosesində müəllif müəyyən sərbəstlik göstərə, tarixi faktlardan istəmədən yayına bilər, buna görə də elmi nəzarət vacibdir. Kino Agentliyi də mütləq şəkildə bu prinsipi qoruyur və dövlət qurumları ilə, o cümlədən AMEA ilə davamlı şəkildə əməkdaşlıq edir.
– Biz Kino Agentliyinin təşkil etdiyi müsabiqələrdən danışdıq. Mən bir az da burada tətbiq olunan ikipilləli münsif sistemindən danışmağınızı istəyirəm. Belə bir mənzərə var ki, münsiflər tam ssenari ilə tanış olduğu halda, ekspertlər şurası isə yalnız sinopsislə (ssenarinin qısa məzmunu, – müəl.) kifayətlənir. Və bu şura buna rəğmən hansısa ssenarini müsabiqəyə buraxmaya bilir. Bu yanaşma, sizcə, ədalətlidirmi?
– Hər bir seçim mütləq şəkildə reqlament tələb edir. Bu, seçim prosesini tənzimləyən, onun alqoritmini quran mexanizmdir. İstənilən halda, seçim anlayışı subyektiv xarakter daşıyır. Odur ki komissiyaların tərkibi formalaşdırılarkən Azərbaycan kinosunun görkəmli şəxsləri, o cümlədən müvafiq sahələr üzrə ixtisaslaşmış peşəkar mütəxəssislər bu prosesdə bizimlə əməkdaşlığa dəvət edilir.
Ekspertlər şurası Mədəniyyət Nazirliyi yanında fəaliyyət göstərən "Audiovizual və rəqəmsal əsərlərin məzmununun qiymətləndirilməsi üzrə ekspert şurası"dır ki, bu şura təkcə kino məzmununa cavabdeh deyil. Onlar xüsusi hallarda toplanır və lazım olan istiqamətdə fikirlərini ifadə edirlər. Agentlik tərəfindən təşkil edilən müsabiqənin pitçinq mərhələsində də bu şura fəaliyyətə cəlb edilir.
Siz nəzərə alın ki, müsabiqələrə 100-ə yaxın müraciət daxil olur. Müraciətlərin doğru və ədalətli qiymətləndirilməsi üçün hər bir ssenarinin hərtərəfli öyrənilməsi zəruridir. Məhz bu mərhələ seçim komissiyası tərəfindən həyata keçirilir ki, onlar ssenariləri oxuyur, təhlil edir və onların qərarı ilə hansısa sayda layihə növbəti mərhələyə – pitçinqə buraxılır. Əlbəttə ki, seçim zamanı qərar həm obyektiv formal meyarlara görə, həm də xüsusilə yaradıcılıq meyarlarına görə subyektiv əsaslarla verilə bilər. Bu səbəbdən, qərarvermə səlahiyyəti məhz peşəkar komissiyaların üzərindədir, Agentlik isə bu komissiyaların faydalı və şəffaf işini təşkil etmək vəzifəsini həyata keçirir.
Mən sizə onu da deyim ki, bu mərhələ, əslində, yekun deyil. Agentlik üçün əsas mərhələ qalib elan edilmiş layihələrin icrasının təmin edilməsi və büdcədən ayrılan vəsaitlərin səmərəli istifadəsinə nəzarət edilməsidir. Bəzi hallarda müsabiqədə qalib elan edilmiş şirkət sonradan layihəni həyata keçirməkdən imtina edir. Niyə? Çünki layihənin reallaşdırılması onun hazırlamasından daha məsuliyyətli bir vəzifədir.
– Yəni konkret desək, siz bu modelin optimal olduğunu düşünürsünüz.
– Qeyd etdiyim kimi müsabiqələr təsdiq edilmiş reqlament əsasında keçirilir. Əlbəttə, hər bir müsabiqənin nəticəsində təhlillər aparılır və zəruri hallarda reqlament təkmilləşdirilir. Agentliyin əsas hədəfi rahat və optimal yolun tapılmasıdır.
Təcrübə onu göstərir ki, müsabiqəyə hazırlıq müsabiqə elan olunduqdan sonra başladığı zaman nəticə effektiv olmur. Odur ki Agentlik hər il dəqiq müsabiqə təqviminin hazırlanması istiqamətində işlərini davam etdirir. Bu təqvim kino sənayesinin nümayəndələri üçün proqnozlaşdırıla bilən sistemin qurulmasını təmin edəcək ki, bu da, öz növbəsində, müsabiqələrə hazırlaşma müddətinin uzadılmasına şərait yaradacaq.
– Rəşad müəllim, son olaraq, Kino Agentliyinin ötənilki məhsuldarlığı barədə danışaq. Biz əvvəlki söhbətimizdə bu layihələrin bir çoxundan danışmışdıq. Bilmək istəyirdim ki, bu il üçün hansı layihələrin premyeraları gözlənilir?
– İstehsal nöqteyi-nəzərdən hədəfimiz prosesi sürətləndirmək idi və buna nail olduğumuzu düşünürəm. Bununla yanaşı, təbliğat xarakterli tədbirlər, o cümlədən beynəlxalq fəaliyyətlər istiqamətində aktivlik əvvəlki illərlə müqayisədə artırılıb. Cari ilin ilk rübü üzrə uşaqlar üçün tarixi-macəra filmi olan "Akinak", daha sonra "Buzlar əriyəndə" filminin premyerasının təşkili nəzərdə tutulur.
Eləcə də ən çox gözlənilən "44" bədii filminin təqdimatı da yaxın zamanlar üçün gözlənilir. Digər böyük layihələr də artıq yaxınlaşır. Məsələn, "Mənə bənzər adam", "Borc", "Nəsrəddin Hoca" filmlərinin də bu il ərzində təqdimatı baş tutacaq. Ötən il Milli Kino Günündə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Rasim Balayev çox yaxşı və təsirli bir çıxış edərək, il ərzində 8-9 tammetrajlı filmin istehsal edilməsini arzu kimi ifadə etmişdi. Bəli, biz bu arzunu Kino Agentliyi üçün hədəf kimi təyin etmişik.









