Serbiyanın beynəlxalq turizm bazarlarında mövqeyi güclənib.
"Report"un Balkan Bürosu xəbər verir ki, bunu Serbiyanın Baş naziri Curo Matsut paytaxt Belqradda keçirilən 47-ci Beynəlxalq Turizm Sərgisinin açılışında bildirib.
O qeyd edib ki, bu il sərgi "Bir səyahət – min hekayə" kimi ilhamverici şüar altında təşkil olunub.
"Serbiyanın qarşısında mühüm bir məsələ dayanır. Bu, 2027-ci ildə keçiriləcək beynəlxalq EXPO sərgisidir. Bu tədbir ölkə üçün böyük imkan, turizm sahəsinin daha da inkişafı üçün güclü təkan deməkdir",-deyə Baş nazir vurğulayıb.
Hökumət başçısı əlavə edib ki, EXPO infrastruktur, yerləşdirmə imkanları, yeni məzmun və xidmət keyfiyyətinə investisiyaları təşviq edir: "Lakin ən vacibi Serbiyanın beynəlxalq səviyyədə tanınmasını artırır. Məhz buna görə də EXPO çərçivəsində ölkənin bütün regionlarının turizm, qastronomiya, mədəniyyət, iqtisadiyyat, elm, innovasiya və yaradıcılıq potensialını təqdim edəcək "Serbiya Evi" konsepsiyasını inteqral inkişafın əsas sütunu kimi xüsusi vurğulayırıq. Beləliklə, hər bölgə öz autentikliyini, mədəniyyətini, mətbəxini, təbii gözəlliklərini və yaradıcılıq potensialını nümayiş etdirmək imkanı qazanacaq. Bu prosesdə Turizm və Gənclər Nazirliyi əsas rol oynayacaq".
Baş nazir diqqətə çatdırıb ki, məhz regionların balanslı inkişafına və turizm vasitəsilə ölkənin birləşdirilməsinə yönəlmiş bu strateji yanaşma artıq konkret nəticələr verir: "2025-ci ildə Serbiyaya 4 milyondan çox turist gəlib. Bu nəticə Serbiyanın beynəlxalq turizm bazarlarındakı mövqeyinin gücləndiyini göstərir. Serbiya bu gün dünya qarşısında açıq, özünə inamlı və 2027-ci ildə dünyanı "EXPO-2027"də qarşılamağa hazır bir ölkə kimi dayanır, bundan sonra daha güclü, daha görünən olaraq qalmağı hədəfləyir".