Regionlarda bəzi dövlət poliklinikalarında çalışan stomatoloqların ixtisar olunaraq işdən azad edilməsi məsələsi bir müddət əvvəl böyük səs-sədaya səbəb oldu. Onların toplu şəkildə TƏBİB-in binasının önünə yığışmaları, ictimaiyyətə səslərini duyuraraq, işlərinə bərpa olunmaq cəhdləri uğursuzluqla nəticələndi. Beləcə, məsələ bağlandı, stomatoloqlar da öz taleləri ilə barışmaq durumunda qaldılar. Lakin bir neçə gün öncə yenə də müxtəlif yerlərdə yeni-yeni ixtisara düşən stomatoloqların videoları ilə sosial şəbəkələrdə qarşılaşırıq. Onlar bildirirlər ki, bütün təchizatı, eləcə də dərmanları öz hesablarına qarşılayıblar, onlara bunun üçün xüsusi maliyyə ayrılmayıb, buna baxmayaraq işdən də çıxarılırlar.
İşin daha maraqlı tərəfi isə odur ki, hər il ali məktəblərdə stomatologiya ixtisası 100% dolur, məzunların sayı durmadan artır. Bəs dövlət poliklinikalarından ixtisar olunma ehtimallarını bildikləri təqdirdə, hələ də məhz bu ixtisasa qəbul olmaq istəyən, bunu arzulayan şəxslər olacaqmı? Əgər ixtisar varsa, tələb və təklif bir-birini ödəmirsə, o halda plan yerlərini azaltmaq gərəklidirmi?
Dövlət İmtahan Mərkəzindən Lent.az-a bildirildi ki, ötən il ali məktəblərdə stomatologiya ixtisası üzrə 130 yer ayrılıb:
“Azərbaycan Tibb Universitetinin (Azərbaycan bölməsi üzrə) 75, rus bölməsi üzrə 25, Naxçıvan Dövlət Universitetində isə 30 plan yeri ayrılıb. Təhsil haqqı Naxçıvan Dövlət Universitetində 2500, Azərbaycan Tibb Universitetində isə 6000 manatdır”.
Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Lent.az-a açıqlamasında bildirib ki, 10 milyonluq əhali üçün ildə 130 plan yeri elə də böyük rəqəm deyil:
“Bizdə elə ixtisaslar var ki, onlar həm özəl həm də dövlət ali təhsil müəssisələrində tədris olunur, lakin stomatologiya ixtisası dövlət universitetlərindədir. Əhalinin sayı da ildən-ilə atdığı üçün plan yerlərinin sayını azaltmağa tələsməyin tərəfdarı deyiləm. Dövlət hesabına maliyyələşmə ilə bağlı stomatoloqların ixtisarlarının obyektiv və subyektiv səbəbləri var. Yaxşı olar ki, aidiyyatı strukturlar da məsələyə öz mövqelərini bildirsinlər”.
Bəs TƏBİB hansı əsaslardan irəli gələrək ali təhsilli stomatoloqları ixtisara salır?
Məsələ ilə bağlı TƏBİB-ə ünvanladığımız sorğuya cavab olaraq bildirildi ki, bəzi regionlarda stomatoloqların sayının real ehtiyacı üstələməsi əlavə maliyyə yükünün yaranmasına səbəb olub:
“Son dövrlərdə stomatoloji xidmətlərin təşkili və şəffaflığın artırılması məqsədilə aparılan geniş təhlillər zamanı müxtəlif regionlarda stomatoloqların xidmət həcmi, iş yükü və real ehtiyac göstəriciləri araşdırılıb. Təhlillər nəticəsində bəzi stomatoloji xidmətlərin faktiki tələbatdan artıq olduğu, mövcud resursların qeyri-səmərəli istifadə edildiyi, ödənişlərin tam şəkildə nağdsız qaydada rəsmiləşdirilməməsi səbəbindən büdcə daxilolmalarının azaldığı müəyyən edilib.
Eyni zamanda bəzi regionlarda stomatoloqların sayının real ehtiyacı üstələməsi əlavə maliyyə yükünün yaranmasına səbəb olub. Araşdırmalar göstərmişdir ki, stomatoloji xidmətlərin göstərilməsi zamanı istifadə olunan maddi resurslar (işçi heyəti üzrə əməkhaqqı xərcləri, avadanlıqların saxlanması, dərman və sərfiyyat materialları, kommunal xərclər və s.) bu xidmət üzrə əldə edilən maliyyə gəlirlərini üstələyir. Bunun nəticəsində stomatoloji xidmətlərin mövcud şəraitdə əvvəlki həcmlərdə davam etdirilməsi iqtisadi cəhətdən səmərəli hesab edilmir və bu sahədə əlavə optimallaşdırma tədbirlərinin görülməsi zərurəti yaranmışdır.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin “ə” bəndinə əsasən, əmək şəraitinin şərtlərini dəyişdirmək, eləcə də işçilərin sayını və ya ştatlarının ixtisar edilməsi işəgötürənin hüquqlarından biridir. Həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayının və ya ştatlarının ixtisar olunması əmək müqaviləsinə xitam verilməsi əsaslarından hesab olunur.
Yuxarıda qeyd olunanları nəzərə alaraq bildiririk ki, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində stomatoloji xidmətlərlə bağlı aparılan təhlillərə və maliyyə-iqtisadi əsaslandırmalara uyğun olaraq, stomatoloqların sayının (ştatlarının) optimallaşdırılması, o cümlədən ixtisar edilməsi prosesi əmək qanunvericiliyinin tələblərinə ciddi riayət olunmaqla təmin edilir”.
Bəs həkimlərin bu mövzuda fikirləri nədir?
Tibb sahəsi üzrə ekspert, həkim Rasif Bağırov Lent.az-a açıqlamasında bildirib ki, əhalinin artım sayı ilə mütəxəssislərin sayını balanslaşdırmaq lazımdır:
“Azərbaycanda təkcə stomatologiya deyil, ümumilikdə bütün tibb sahəsi üzrə dünya ölkələri ilə müqayisədə həddindən çox həkim var. Hər il heç bir azalma olmadan həmin ixtisaslardan məzunlar buraxılır. Əhalinin artım sayı ilə mütəxəssislərin sayını balanslaşdırmaq lazımdır. Hələ Sovet hökuməti dövründə həkim, feldşer və digər ixtisas sahələri üzrə külli miqdarda mütəxəssis hazırlığı ilə bağlı məsələ qaldırılmışdı. O vaxt deyirdilər ki, müharibəni nəzərə alıb, bu sistemi qurublar. Guya Sovet hökuməti kapitalist dövlətləri ilə müharibə edəndə çox sayda mütəxəssis dünyasını dəyişəcək, heç olmasa, sağ qalanlar yaralılara kömək etsinlər. Bu gün də universitetlər bu prinsipi qıra bilməyiblər. Nəinki tibb ixtisasına qəbul olanların sayı azalıb, hətta başqa yeni yaradılan müəssisələrə də bu ixtisası əlavə edib, plan yeri ayırıblar. Bundan başqa, xarici ölkələrdəki həkimlər də gəlib, Bakıda klinikalar açıb, işləyirlər.
Dövlət poliklinikalarında isə stomatoloji şöbələr bərbad vəziyyətdədir
İndi həddindən artıq özəl stomatoloji kabinetlər açılıb. Bəlkə də, yoxlanılsa, məlum olar ki, o kabinetlərdə stomatoloq kimi fəaliyyət göstərənlərin bəziləri texniki işçilərdir. Özəl klinikaların sayı artıqca, əhali də oraya meyil edir. Çünki orada onları daha gülərüzlə qarşılayırlar, mehriban danışırlar, obyektlər də daha səliqəli və təmiz olur. Dövlət poliklinikalarında isə stomatoloji şöbələr bərbad vəziyyətdədir. Adam ora girib, heç müayinəyə düşmək istəmir. Nəticədə də dövlət poliklinikalarına gedən xəstələrin sayı getdikcə azalır”.
R.Bağırov qeyd edib ki, ölkədə sağlam rəqabət mühiti yaradılmadığına görə məcburən gündəlik xəstə qəbul eləməyən stomatoloqları ixtisara salırlar:
“Özəl və dövlət strukturları arasında sağlam rəqabət qurulsa, həmin stomatoloqlar ya öz üzərində çalışıb, tanınıb, xəstə qəbul edər, ya da ki, cəmiyyətə lazım olmadıqlarını başa düşüb, kənara çəkilərlər. Amma onların anidən ixtisar edilməsi mütləq narazılıq yaradacaqdı. Sərbəst rəqabət olsaydı stomatoloqlar da bu qədər narazılıq edə bilməzdilər.
İndi işə qəbul prosesi də təyinatla yox, imtahanladır. Ona görə də, imtahandan keçə bilməyənlər hansısa şikayət edə bilmirlər. İnsan anlayır ki, həmin pilləyə çatmaq üçün hələ hazır deyil”.
Sözügedən maddələrlə işdən çıxarılan stomatoloqlara kompensasiya yaxud hansısa formada maddi yardım edilirmi? Qanun bu barədə nə deyir?
Vəkil Asim Abbasov Lent.az-a açıqlamasında bildirib ki, hazırda qüvvədə olan Azərbaycan Respublikasının Əmək Məcəlləsi ixtisar zamanı işçilər üçün bir sıra təminatlar və kompensasiyalar nəzərdə tutur və bunlara əməl olunması imperativ xarakter daşıyır:
“Məcəllənin “Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları” adlı 77-ci maddəsi bu məsələləri tənzimləyir. Həmin maddənin 1-ci hissəsinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə əmək müqaviləsinə xitam verilməzdən əvvəl işçi, həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun müəyyən olunan əmək stajından asılı olaraq rəsmi qaydada əvvəlcədən xəbərdar edilməlidir. Bir ilədək əmək stajı olduqda azı iki təqvim həftəsi, bir ildən beş ilədək əmək stajı olduqda, azı dörd təqvim həftəsi, beş ildən on ilədək əmək stajı olduqda, azı altı təqvim həftəsi, on ildən çox əmək stajı olduqda isə azı doqquz təqvim həftəsi əvvəlcədən xəbərdarlıq edilməlidir. Maddənin 2-ci hissəsinə görə, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əməkhaqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. 77-ci maddənin 3-cü hissəsində isə qeyd olunur ki, əmək müqaviləsinə Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə xitam verilərkən işçiyə əmək stajından asılı olaraq işdənçıxarma müavinəti ödənilməlidir. Bir ilədək əmək stajı olduqda orta aylıq əməkhaqqı miqdarında, bir ildən beş ilədək əmək stajı olduqda, orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında, beş ildən on ilədək əmək stajı olduqda, orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında, on ildən çox əmək stajı olduqda isə orta aylıq əməkhaqqının azı iki misli miqdarında müavinət ödənilir”.
Həmçinin vəkil vurğulayıb ki, maddənin 4-cü hissəsinə əsasən, işəgötürən işçinin razılığı ilə birinci hissədə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə orta aylıq əməkhaqqının müvafiq hissəsini bir dəfəyə ödəməklə əmək müqaviləsinə xitam verə bilər:
“Belə ki, azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi əvəzinə 0,9 misli, azı altı təqvim həftəsi əvəzinə 1,4 misli, azı doqquz təqvim həftəsi əvəzinə isə 2 misli, həmçinin Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqı birdəfəlik ödənilə bilər. Kollektiv müqavilələrdə və ya əmək müqaviləsində işçilərin işə düzəldiyi dövr ərzində daha uzun müddətə orta əməkhaqqının saxlanılması, eləcə də maddənin üçüncü, dördüncü və yeddinci hissələrində göstərilən ödəmələrin daha yüksək məbləğdə verilməsi nəzərdə tutula bilər. 77-ci maddənin 8-ci hissəsinə görə, işəgötürənlər işçilərin sayının azaldılması və ya ştatların ixtisarı ilə əlaqədar işdən azad olunmuş, “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq, habelə onların arasından olan şəxs hesab edilən işçiləri sonradan işə düzəlməsi üçün öz vəsaiti hesabına zəruri yeni peşə hazırlığına cəlb etməlidirlər. Bundan əlavə, Məcəllənin 78-ci maddəsinin 1-ci hissəsinə əsasən, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasa (peşəyə) və daha yüksək peşəkarlıq səviyyəsinə malik olan işçilər işdə saxlanılır”.
TƏBİB Stomatoloqlar Səhiyyə Tibb eksperti Milli Məclis Tibb təhsili DİM Universitetlər



