2050-ci ilə qədər dünya əhalisinin təxminən 70 %-i şəhərlərdə yaşayacaq, bu baxımdan mənzil məsələsi artıq qlobal gündəmin mərkəzinə çevrilir.
"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini, Ümumdünya Şəhərsalma Forumu (WUF13) üzrə Milli Əlaqələndiricinin müavini Gülşən Rzayeva regional KİV-lər WUF13-ə həsr olunmuş onlayn brifinqdə bildirib.
O, qeyd edib ki, WUF13-ün "Mənzil: Dünya üçün təhlükəsiz və davamlı şəhərlər və icmalar" mövzusuna həsr olunması təsadüfi deyil: "Bu, bizim regionda – Mərkəzi Asiya və Cənubi Qafqazda keçirilən ilk Ümumdünya Şəhərsalma Forumu olacaq. Azərbaycan üçün WUF13-ə ev sahibliyi etmək innovasiya, ekoloji məsuliyyət və sosial inklüzivliyi birləşdirən dayanıqlı şəhər inkişafını təşviq etmək üçün geniş milli baxış göstəricisidir".
G.Rzayevanın sözlərinə görə, Bakı şəhəri tarixin müasir transformasiya ilə qovuşduğu məkan kimi bu yanaşmanı simvolizə edir.
O bildirib ki, Azərbaycan mənzil təminatı və şəhər davamlılığı məsələlərini ən yüksək siyasi səviyyədə mövqeləndirməyi hədəfləyir: "İnanırıq ki, WUF13 yalnız bəyannamələr forumu olmayacaq, icraat, tərəfdaşlıq və praktiki həllərin həyata keçirilməsi forumu olacaq. Forumun nəticələrinin ölçülə bilən fəaliyyətlərə çevrilməsini təmin etməyə çalışırıq".