Azərbaycan ənənəvi olaraq Serbiyanın paytaxtı Belqradda keçirilən və regionun ən nüfuzlu turizm tədbirlərindən biri hesab edilən Beynəlxalq Turizm Sərgisində təmsil olunur.
"Report"un Balkan bürosu xəbər verir ki, sərgi paytaxtın əsas tədbir məkanlarından olan Belqrad Sərgi Kompleksində təşkil olunub.
Serbiyanın Baş Naziri Curo Matsut, turizm və gənclər naziri Huseyin Memiçin qatıldığı sərgidə 30-a yaxın ölkədən turizm şirkətləri, milli turizm təşkilatları da iştirak edir.
Sərgi çərçivəsində B2B görüşlər, təqdimatlar, panel müzakirələri və turizm destinasiyalarının tanıtımı həyata keçirilir.
Ölkəmizi Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Teymur Süleymanzadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Azərbaycanın stendində ölkənin turizm potensialı, mədəni irsi, dağ-xizək və sağlamlıq turizmi imkanları təqdim edilir.
Ziyarətçilərə ölkənin müxtəlif bölgələri, o cümlədən Qarabağ regionunun turizm imkanları barədə məlumat verilir, reklam materialları paylaşılır və turizm şirkətləri arasında əməkdaşlıq imkanları müzakirə olunur.
Azərbaycanın sərgidə iştirakı iki ölkə arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, turist axınının artırılması və ölkənin Balkan regionunda daha fəal tanıdılması baxımından əhəmiyyətli hesab olunur.
Belqrad Turizm Sərgisi hər il minlərlə ziyarətçini və turizm sənayesinin aparıcı nümayəndələrini bir araya gətirir, regionda turizm sahəsində əsas platformalardan biri kimi çıxış edir. Son sərgi 31 ölkədən 415-dən çox iştirakçı, 32 824 ziyarətçi və təxminən 20 ölkədən min nəfər akkreditə olunmuş jurnalisti qəbul edib.

