Azərbaycan son illər kənd təsərrüfatında intensiv istehsal modelinə keçidi sürətləndirməyə çalışır və bu prosesdə subsidiya mexanizmləri əsas alətlərdən biri kimi çıxış edir. Xüsusilə ixrac potensialı yüksək olan meyvəçilik sahəsində dövlət dəstəyinin hədəfli şəkildə yönləndirilməsi həm məhsuldarlığın artırılması, həm də regionların iqtisadi canlanması baxımından vacib hesab olunur. Yeni təsdiqlənmiş intensiv gilas bağları üzrə subsidiya şərtləri də məhz bu strategiyanın tərkib hissəsi kimi təqdim edilir.
Lakin mexanizmin detalları açıldıqca, stimullaşdırma məqsədi ilə müəyyən edilən meyarların real təsərrüfat şəraiti ilə tam uzlaşmadığı görünür. Dəniz səviyyəsindən 700 metrdən yuxarı ərazilər, minimum 2 hektar torpaq sahəsi və yüksək sıxlıqda sertifikatlı ting tələbi kimi şərtlər bir tərəfdən intensiv bağçılığın keyfiyyətini təmin etməyi hədəfləsə də, digər tərəfdən regionlarda fəaliyyət göstərən çoxsaylı kiçik və orta fermerlərin bu dəstəkdən kənarda qalmasına səbəb olur. Xüsusilə gilas istehsalında aparıcı mövqedə olan Quba-Xaçmaz zonasında bu yanaşma subsidiya siyasətinin səmərəliliyi və əhatəliliyi ilə bağlı ciddi suallar yaradır.
Ümumiyyətlə, Quba-Xaçmaz, Şəki-Zaqatala, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında dəniz səviyyəsindən 700 metrdən yuxarı ərazilərdə salınan intensiv gilas bağlarına subsidiya verilməsi nəzərdə tutulur. Subsidiyalar bir torpaq sahəsində və ya bir neçə torpaq sahəsindən ibarət vahid ərazidə dirək sistemi ilə yaradılan bağlara şamil olunur. Əkin sahəsinin minimum 2 hektar olması əsas şərt kimi müəyyən edilib. Bundan başqa, intensiv gilas bağlarında hər hektara azı 1150 ədəd sertifikatlı ting əkilməsi tələb olunur. Qeyd olunan meyarlara cavab verən və 2025-ci il sentyabrın 1-dən 2026-cı il mayın 31-dək salınan gilas bağları üçün 10 min manat əkin subsidiyası ödəniləcək.
Bu şərtlərlə müəyyən edilmiş bağlar istisna olmaqla 2021-ci ilin sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan bağlar üçün 800 manat subsidiya verilir.
Lakin mexanizmin mahiyyət etibarilə intensiv bağçılığı təşviq etməsinə baxmayaraq, müəyyən edilmiş şərtlər regionlarda fəaliyyət göstərən bəzi fermerlər üçün ciddi məhdudiyyətlər yaradır. Xüsusilə subsidiyanın yalnız dəniz səviyyəsindən 700 metrdən yuxarı ərazilərə şamil edilməsi bu dəstəkdən yararlana bilən təsərrüfatların sayını kəskin şəkildə azaldır. Nəticədə subsidiya mexanizmi müəyyən mənada kiçik və orta fermer təsərrüfatlarını əhatə etmir, regionlarda mövcud torpaq strukturu, maliyyə imkanları və mikroiqlim şəraiti ilə real təsərrüfat şərtləri arasında uyğunsuzluq yaradır.
Məhz bu məqamlar fonunda "Report" mövzu ilə bağlı araşdırma aparıb.
Öncül sıralarda
Kənd təsərrüfatı eksperti Xaliq Məmmədov "Report"a açıqlamasında bildirib ki, Azərbaycan dünyada kənd təsərrüfatını dəstəkləyən, subsidiyalaşdıran və bu sahəyə dotasiya ayıran ölkələr arasında öncül mövqedədir:
"Bəli, bizdə birillik əkinlərə, xüsusilə dənli və paxlalı bitkilərə, o cümlədən kartof, çuğundur və digər açıq sahə tərəvəzlərinə, eyni zamanda bağlarda hər hektara görə subsidiya verilməsi uzun müddətdir prioritet sahə hesab olunur. Amma Quba-Xaçmaz zonasında məhz dəniz səviyyəsindən 700 metrdən yuxarı ərazilərdə salınacaq intensiv gilas bağlarına subsidiya tətbiqi ilə razı deyiləm. Bu məsələyə yenidən baxılması məqsədəuyğundur. Çünki həmin zonada gilas bağlarının salındığı 700 metrdən yuxarı ərazilər çox məhduddur".
Bu məqamda qeyd edək ki, 2024-cü ildə [2025-ci il üzrə göstəricilər hələ açıqlanmayıb] Azərbaycanda 62 883 ton gilas istehsal olunub ki, bu da 2023-cü illə müqayisədə 12 596,8 ton və ya 25 % çoxdur. 2024-cü ildə ölkə üzrə istehsal olunan gilasın 42 339,4 tonu isə məhz Quba-Xaçmaz iqtisadi rayonunun payına düşüb ki, bu da regionun sahə üzrə aparıcı mövqeyini bir daha təsdiqləyir.
Məhsuldarlıq və ixraca istiqamətlənmək
Azərbaycanda son illər kənd təsərrüfatı sektoruna qoyulan investisiyaların həcmi artmaqla yanaşı, aqrar məhsulların ixrac coğrafiyası da tədricən genişlənir. Bu prosesdə albalı və gilas kimi ixrac potensialı yüksək olan meyvələr xüsusi yer tutur. Lakin statistik göstəricilər bu sahədə artan istehsal imkanlarının ixrac nəticələrinə tam şəkildə çevrilmədiyini göstərir.
Belə ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan 7 ölkəyə - Rusiya, Qazaxıstan, Belarus, Bolqarıstan, BƏƏ, Honkonq və Gürcüstana 20,84 milyon ABŞ dolları dəyərində 16 min 758 ton albalı və gilas ixrac edib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 16 %, həcm baxımından isə 35 % azalma deməkdir. Hesabat dövründə ixrac olunan məhsulun əsas hissəsi - 16 min 642 tonu Rusiyanın payına düşüb. Bu bazara göndərilən albalı və gilasın dəyəri 20,68 milyon ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 15 % azdır.
İxrac göstəricilərindəki geriləmə ilə paralel olaraq idxalın artması da diqqət çəkir. Belə ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan xaricdən 289 min ABŞ dolları dəyərində 257 ton albalı və gilas idxal edib. Bu, dəyər ifadəsində 98 %, həcm baxımından isə 2,5 dəfə artım deməkdir. Hesabat dövründə məhsul 7 ölkədən - İran, Rusiya, Çili, Çin, Argentina, ABŞ və Türkiyədən tədarük olunub. İdxalın əsas hissəsi İran və Rusiyanın payına düşüb: İrandan 145,64 min ABŞ dolları (+2,7 dəfə) dəyərində 107,88 ton (+2,7 dəfə), Rusiyadan isə 136,62 min ABŞ dolları dəyərində 148,66 ton məhsul gətirilib. Qeyd edək ki, əvvəlki ildə Rusiyadan bu məhsul üzrə idxal qeydə alınmamışdı.
Mütəxəssislər hesab edirlər ki, bu tendensiyalar subsidiya siyasətinə yenidən baxılmasının zəruriliyini ortaya qoyur. Xaliq Məmmədovun fikrincə, dövlət dəstəyi mexanizmləri daha çox məhsuldarlığın artırılmasına və ixrac keyfiyyətinin yüksəldilməsinə yönəldilməlidir:
"İntensiv gilas bağlarına subsidiya verilməsi ilə bağlı mövcud qərar kiçik və orta fermerlərin investisiya imkanlarını məhdudlaşdırır. Bu isə onların sahəyə marağını azaldır. Quba, Qusar, Xaçmaz və Şabran rayonlarında mikroiqlim şəraiti bir-birindən ciddi şəkildə fərqlənir və bu amil subsidiya meyarlarında ayrıca nəzərə alınmalıdır".
Ekspertin sözlərinə görə, subsidiyaların yalnız coğrafi hündürlük prinsipinə əsaslanması nə iqtisadi baxımdan səmərəlidir, nə də ədalətli yanaşma hesab oluna bilər:
"İqlim və hava şəraiti kənd təsərrüfatı məhsullarına ciddi zərər vura bilər və fermerlər bu riskləri azaltmaq üçün intensiv texnologiyalara böyük vəsait xərcləyirlər. Bu baxımdan subsidiya mexanizmlərində məhsuldarlıq və ixrac göstəricilərinin əsas meyar kimi götürülməsi daha məqsədəuyğun olardı. Belə yanaşma həm kiçik və orta, həm də iri fermerlərin investisiya imkanlarını genişləndirər. Gübrələmə, dərmanlama, bitki mühafizə vasitələrindən istifadə, eləcə də yüksək məhsuldar sortların ölkəyə gətirilməsi üçün maliyyə bazası formalaşar".
X.Məmmədov əlavə edib ki, kiçik və orta fermerlər əsasən yerli materiallardan istifadə etdiklərinə görə məhsuldarlıq aşağı olur və bir ağacdan əldə edilən gəlir gözləntiləri doğrultmur. Nəticədə sahəyə maraq azalır. Onun fikrincə, subsidiya siyasətində regionlar üzrə əsas meyar dəniz səviyyəsindən hündürlük deyil, məhsuldarlıq və bazar yönümlülük olmalıdır. Məhz bu yanaşma daha dayanıqlı və ölçülə bilən nəticələrin əldə edilməsinə imkan verə bilər.
115 min tondan çox gilas istehsalı proqnozlaşdırılır
Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Seymur Səfərli isə "Report"a açıqlamasında bildirib ki, kənd təsərrüfatında subsidiya ödəniləcək bitkilər mövcud əkin sahəsi, istehsal, ixrac, idxal, proqnoz edilən istehsal, potensial ixrac və s. kimi kriteriyalar əsas götürülərək analitik təhlil əsasında müəyyən edilir: "Meyvə bitkiləri üzrə subsidiya məbləğləri isə bağın salınması xərclərinin (ting alınması, damlama suvarma sisteminin çəkilməsi, torpağın hazırlanması və s.) 30-50 %-ni əhatə edir. Əsas məqsəd salınan bağlardan davamlı olaraq məhsul əldə edilməsi və rentabelli olmasıdır. Keyfiyyətsiz əkin materialından istifadə, yanlış əkin sxeminin tətbiqi, səhv meyvə növünün seçilməsi və s. kimi səbəblərdən salınan bağların 3-6 il sonra sökülməsi və yeni bağlarla əvəzlənməsi hallarına bir çox fermer təsərrüfatlarında rast gəlinib. Son 2 ildə mövcud gilas bağlarından gözləniləndən daha az məhsul yığılmasının əsas səbəbinin anormal iqlim şəraiti ilə əlaqədar olmasına baxmayaraq, düzgün qaydada əkilən bağlarda orta məhsuldarlıq göstəricisi əldə edilib. Hazırkı subsidiya mexanizmi çərçivəsində yeni salınan bağlara şamil edilən tələblər bu kimi problemlərin qarşısını almağı hədəfləyir".
O əlavə edib ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən respublika üzrə 2020-ci ildə və ondan əvvəl salınmış gilas bağlarının əkin sahəsi 6 751 hektar, 2021-ci ildə və ondan sonra salınmış gilas bağlarının əkin sahəsi isə 6 838 hektar olub: "Bununla yanaşı, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemindəki (EKTİS) bəyan məlumatlarına əsasən 2020-ci ildə və ondan əvvəl salınmış gilas bağlarının əkin sahəsi 7432 hektar, 2021-ci ildə və ondan sonra salınmış gilas bağlarının əkin sahəsi isə 7 200 hektar olub. Statistik rəqəmlərdən məlum olduğu kimi mövcud bağların 50 %-i tam məhsula düşməyən bağlardır. Bar verən gilas bağlarında respublika üzrə bir hektara orta məhsuldarlıq göstəricisi 8-9 ton arasında dəyişir. Mövcud olan 13 589 hektar gilas bağlarının bütünlükdə məhsula düşməsi nəzərə alındıqda ölkə üzrə 115 502 ton məhsul istehsalı proqnoz edilir".
Prioritet məsələ
S.Səfərli vurğulayıb ki, mövcud vəziyyətdə əsas problemlərdən biri bütün məhsulun eyni vaxtda yetişməsi və yığım dövrünün cəmi bir ay ərzində başa çatmasıdır: "Gilasın soyuducu anbarda saxlanc müddətinin digər meyvələrlə müqayisədə daha az olmasını nəzərə aldıqda, qısa müddət ərzində daxili və xarici tələbdən çox istehsal ölkədə meyvə satışında çətinliklər yarada bilər. Halbuki, Azərbaycanın torpaq-iqlim şəraiti gilas istehsal mövsümünün daha uzun müddəti əhatə etməsinə imkan verir. İstehsal mövsümünün uzadılması xarici bazarlarda ölkənin bazar payının artırılması, ixracdan əldə olunan gəlirlərin yüksəldilməsi, həmçinin daxili bazarda hazırda qeyri-mövsüm hesab olunan aylarda qiymətlərin daha stabil saxlanılması baxımından mühüm üstünlüklər yaradır. Bu səbəbdən dağlıq ərazilərdə gecyetişən sortlardan ibarət gilas bağlarının salınması prioritet hesab edilib".
O əlavə edib ki, belə ki, gilas bağlarına şamil edilən subsidiya çərçivəsində dəniz səviyyəsindən 700 metrdən yuxarıda yerləşən əkin təyinatlı torpaqlar ümumilikdə 42 408 hektar təşkil edir: "Ümumi sahənin 15 613 hektarı Quba-Xaçmaz, 1 119 hektarı Şəki-Zaqatala, 25 276 hektarı isə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşür. Qeyd edək ki, meyvə istehsalı üzrə ixtisaslaşmış ölkələrdə müxtəlif meyvə bitkilərinin istehsal mövsümünün uzadılması, yəni yüksək ərazilərdə gecyetişən sortların, qışı mülayim keçən düzənlik ərazilərdə isə tezyetişən sortların əkini ilə uğurla tətbiq edilib".





