Macarıstandan olan komissiya Ukrayna tərəfindən dayandırılmış "Drujba" neft kəmərinin vəziyyətini yoxlamaq üçün yola düşüb.
"Report" xəbər verir ki, bu barədə Macarıstanın Baş nazirinin ofisində beynəlxalq kommunikasiyalar və əlaqələr üzrə dövlət katibi Zoltan Kovaç "Həqiqət saatı" proqramının efirində bildirib.
"Dövlət katibi Qabor Çepekin başçılığı ilə Macarıstan komissiyası "Drujba" neft kəmərinin vəziyyətini yoxlamaq üçün Ukraynaya yola düşüb. Tezliklə məlum olacaq ki, onlara ölkəyə daxil olmağa ümumiyyətlə icazə veriləcəkmi və onların Kiyevə gedişindən sonra vəziyyət necə inkişaf edəcək", - o qeyd edib.
Macarıstan hakimiyyətinin məlumatına görə, 2026-cı il yanvarın 27-dən etibarən ölkəyə "Drujba" boru kəməri ilə neft daxil olmur.