IMG-LOGO

Qazaxıstan Azərbaycan və Özbəkistanla "yaşıl dəhliz" üzrə sazişi ratifikasiya edib

11 Mar 2026 14:29 3 baxış
IMG

Qazaxıstan parlamenti bu gün keçirilən plenar iclasında "Qazaxıstan, Azərbaycan və Özbəkistan arasında "yaşıl enerji"nin istehsalı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"i ratifikasiya edib.

"Report"un Qazaxıstan bürosunun verdiyi məlumata görə, sənəd Mərkəzi Asiya ölkələrini Xəzər dənizi vasitəsilə Avropa ilə birləşdirəcək "Yaşıl enerji dəhlizi"nin yaradılmasını nəzərdə tutur.

Saziş Bakıda keçirilən COP29 konfransı çərçivəsində 2024-cü il noyabrın 13-də üç dövlətin başçıları tərəfindən imzalanıb. Sənəd bərpa olunan enerji mənbələrinin potensialından səmərəli istifadəni, ekoloji baxımdan "təmiz elektrik enerjisi" ticarətinin inkişafını, həmçinin "yaşıl enerji", ammonyak və hidrogenin Avropa bazarlarına ixracını nəzərdə tutur.

Qazaxıstanın Energetika Nazirliyinin məlumatına görə, təşəbbüsün əsas elementi Xəzər dənizinin dibi ilə yüksək gərginlikli sabit cərəyan kabelinin çəkilməsi olacaq ki, bu da "yaşıl elektrik enerjisi"ni Qazaxıstan və Özbəkistandan Azərbaycana, oradan isə Qara dəniz enerji layihəsi vasitəsilə Avropaya ötürməyə imkan verəcək.

Layihənin texniki-iqtisadi əsaslandırmasını İtaliyanın "CESI" beynəlxalq konsaltinq şirkəti hazırlayır. Texniki-iqtisadi əsaslandırmanın hazırlanmasının dəyəri təxminən 1 milyon avro təşkil edir və beynəlxalq maliyyə institutlarının qrant vəsaitləri hesabına maliyyələşdirilir.

2025-ci il iyulun 1-də Qazaxıstan, Azərbaycan və Özbəkistanın sistem operatorları layihənin həyata keçirilməsini əlaqələndirən və iştirakçı ölkələrin ekspertlərinin müntəzəm işgüzar görüşlərini keçirən "Green Corridor Alliance" birgə müəssisəsini yaradıblar. Birgə müəssisədə hər bir ölkənin payı 33,3 % təşkil edəcək.

Energetika Nazirliyində hesab edirlər ki, layihənin həyata keçirilməsi Qazaxıstanın ixrac enerji potensialını artırmağa, ölkənin dayanıqlı enerji sahəsində etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirməyə və onu Avrasiyanın əsas enerji qovşaqlarından birinə çevirməyə imkan verəcək.

Xəbər lenti