Moldova Qara dənizin dibi ilə çəkiləcək enerji kabeli (Black Sea Energy) layihəsinə qoşulma imkanlarını öyrənir.
Bunu "Report"a müsahibəsində Moldovanın Baş nazirinin müavini - xarici işlər naziri Mixay Popşoi deyib.
"Texniki-iqtisadi qiymətləndirmənin nəticələrindən asılı olaraq qoşula biləcəyimiz bir neçə davam edən layihə var. Məsələn, hazırda üzərində iş aparılan və regionu Rumıniya və Bolqarıstanla birləşdirməli olan Qara dənizin dibindən keçən enerji kabeli layihəsi. Bu layihə bizim üçün maraqlıdır və ona qoşulma imkanlarını araşdıracağıq", - o bildirib.
Nazir qeyd edib ki, layihənin həyata keçirilməsinin qiymətləndirilməsi aparıldıqdan sonra Moldovanın imkanlarının onun açdığı perspektivlərə nə dərəcədə uyğun olduğu məlum olacaq.
M.Popşoi həmçinin bildirib ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə yaxın vaxtlarda Moldovada bir sıra iri infrastruktur layihələrinin həyata keçirilməsi planlaşdırılır: "Biz bərpa olunan enerji, yol tikintisi, neft terminallarının və ya strateji neft ehtiyatları anbarlarının yaradılması sahələrində irimiqyaslı layihələrin həyata keçirilməsində təcrübəsi olan Azərbaycan şirkətlərinin cəlb olunmasında çox maraqlıyıq".
XİN rəhbəri vurğulayıb ki, tərəflər geniş spektrli təklif və təşəbbüslər üzrə fəal dialoq aparırlar: "Bu məsələlər bu yaxınlarda Azərbaycanda səfərdə olan həmkarım, energetika naziri Dorin Junqietu tərəfindən də qaldırılmışdı. Biz həmçinin Azərbaycan işgüzar dairələrinin Moldovadakı fəaliyyətinin genişləndirilməsində çox maraqlıyıq. Çünki ölkəmizdə xüsusilə istehsal sahəsində yeni imkanlar təkcə Azərbaycanı deyil, bütövlükdə Avropa İttifaqı bazarını hədəfləyən ixrac potensialı üçün əlverişli şərait yaradır".
M.Popşoinin sözlərinə görə, Moldova müxtəlif sektorlarda Avropa bazarına getdikcə daha geniş çıxış əldə edir: "Söhbət təkcə bizim üçün ənənəvi olan meyvə-tərəvəz məhsullarından deyil, həm də quşçuluq, toyuq əti, yumurta və süd məhsulları istehsalı kimi yeni istiqamətlərdən gedir.
Biz bu imkanları genişləndirməyə çalışırıq ki, Azərbaycandan olan potensial investorlar Moldovada istehsal müəssisələri qura bilsinlər. Bu, Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsinə töhfə verməklə yanaşı, həm də yüksək alıcılıq qabiliyyətinə malik olan çox böyük Avropa bazarına məhsul ixracı hesabına gəlirli biznesə çevrilə bilər".
Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış olmaq mümkündür.