Pakistanın ən nüfuzlu universitetlərindən biri olan Müasir Dillər Universitetində (NUML) fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyət Mərkəzinin yenidən qurulmasından sonra açılışı olub.
"Report"a Azərbaycanın Pakistandakı səfirliyindən verilən məlumata əsasən, bu münasibətlə təşkil olunmuş tədbirdə Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov, Pakistan Müasir Dillər Universitetinin rektoru Şahid Mahmud Kayani, ali təhsil müəssisəsinin prorektorları, müəllim və tələbə heyəti, bu ölkədə fəaliyyət göstərən beyin mərkəzlərinin nümayəndələri, eləcə də səfirlik əməkdaşları iştirak ediblər.
Universitetin rektoru Şahid Mahmud Kayani Azərbaycan və Pakistanın iki dost və qardaş ölkə olduqlarını bildirib. O, Azərbaycan Dillər Universitetində Pakistan Mədəniyyət Mərkəzinin, NUML-da isə Azərbaycan Dil və Mədəniyyət Mərkəzinin fəaliyyət göstərməsinin iki ölkə arasında mövcud çoxşaxəli əlaqələrin möhkəmlənməsində müstəsna rol oynadığını, pakistanlı və o cümlədən dünyanın müxtəlif ölkələrdən olan tələbələrin Mərkəzə xüsusi diqqət göstərdiyini bildirib.
ADU-nun rektoru, akademik Kamal Abdulla tərəfindən ünvanlanmış video-müraciətdə o, möhkəm təməllər üzərində qurulmuş və dərin tarixi köklərə malik Azərbaycan-Pakistan münasibətlərində təhsil sahəsində əməkdaşlığımızın əhəmiyyətindən danışıb və bu əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində hər iki ölkə rəhbərləri tərəfindən qarşıya qoyulmuş missiyanın vacibliyini vurğulayaraq, bu istiqamətdə ortaq elmi tədqiqat işlərinin aparılmasının önəminə toxunub.
Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov öz növbəsində Azərbaycan-Pakistan münasibətlərinin dinamik inkişafından söhbət açaraq, ötən dövrlər ərzində bu istiqamətdə görülmüş işlərdən bəhs edib.
Səfir, 2022-ci ilin iyun ayından etibarən fəaliyyət göstərən və hazırda əsaslı yenidən qurma işlərindən sonra inaqurasiyası keçirilən Azərbaycan Dili və Mədəniyyət Mərkəzinin elm, təhsil, mədəni və humanitar sahələr üzrə iki dost və qardaş ölkələr arasındakı münasibətlərin daha da dərinləşdirilməsində önəmli rol oynadığını diqqətə çatdırıb. Mərkəzin fəaliyyəti ilə bağlı göstərilən dəstəyə görə NUML-ın rəhbərliyini təşəkkür edib.



