Macarıstan Kiyevin "Drujba" neft kəməri ilə neft tranzitini dayandırmaq qərarından sonra Ukraynaya elektrik enerjisi və qaz tədarükünü dayandırmaq imkanını nəzərdən keçirir.
"Report" xəbər verir ki, Macarıstanın beynəlxalq əlaqələr üzrə dövlət katibi Zoltan Kovaç ölkənin Baş nazirinin dəftərxanasının rəhbəri Qerqey Quyaşın sözlərini "X" sosial şəbəkəsindəki hesabında paylaşıb.
Q.Quyaş qeyd edib ki, Nazirlər Kabinetinin son iclasında Macarıstanın enerji təhlükəsizliyinin təmin edilməsi məsələsi qaldırılıb.
Onun sözlərinə görə, tədarükün sabitliyini təmin etmək üçün hökumət üç ay bəs edəcək strateji neft ehtiyatlarını azad edib.
"Nazir həmçinin təsdiq edib ki, Ukraynanın düşmənçilik hərəkətlərinə cavab olaraq ölkəyə dizel yanacağı ixracı dayandırılıb. Bundan əlavə, Kiyev neft tranzitini bloklamaq qərarını saxlayacağı halda hökumət elektrik enerjisi və təbii qaz tədarükünü dayandırmaq imkanını nəzərdən keçirir", - paylaşımda qeyd olunub.