IMG-LOGO

Daşkənddə Azərbaycan-Özbəkistan mədəni əməkdaşlığı müzakirə olunub

19 Feb 2026 15:09 3 baxış
IMG

Azərbaycanla Özbəkistan arasında mədəni əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

"Report"un məlumatına görə, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva və Özbəkistan mədəniyyət nazirinin birinci müavini Bahadur Əhmədov arasında baş tutan görüşdə qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevlə özbəkistanlı həmkarı Şavkat Mirziyoyev arasında qarşılıqlı etimada əsaslanan qardaşlıq münasibətlər iki ölkənin strateji tərəfdaşlığın möhkəmlənməsində mühüm rol oynayır.

Dövlət başçılarının qarşılıqlı səfərləri və imzalanan sənədlər mədəni-humanitar əməkdaşlığın daha da genişlənməsinə və institusional əsasda möhkəmlənməsinə mühüm təkan verir.

Görüşdə Qarabağda həyata keçirilən bərpa və yenidənqurma prosesində Özbəkistanın göstərdiyi dəstək məmnunluqla qeyd olunub.

Ötən ilin dekabr ayında Azərbaycanda Özbəkistan Mədəniyyət Günlərinin uğurla keçirilməsi xüsusi vurğulanıb.

Tərəflər müştərək tarixi köklərə, adət-ənənələrə və bütövlükdə Türk Dünyasının zəngin mədəni irsinin qorunmasının əhəmiyyətinə diqqət çəkiblər.

Digər layihələrlə yanaşı, ötən il Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin təşkilatçılığı ilə görkəmli özbək yazıçı Abdulla Qədirinin "Ötən günlər" romanının Bakıda böyük uğurla səhnələşdirilməsi vurğulanıb.

Həmçinin ötən ilin dekabrında gerçəkləşdirilən Azərbaycan–Özbəkistan rəssamlarının "İpək yolu üstündə dostluq" adlı birgə onlayn sərgisi iki qardaş ölkənin mədəni birliyinin növbəti nümunələrindən biri kimi yüksək qiymətləndirilib.

Xəbər lenti