IMG-LOGO

Avropa Komissiyası SOCAR-ın "Italiana Petroli"nin səhmlərini almasını təsdiqləyib

19 Feb 2026 15:46 4 baxış
IMG

Avropa Komissiyası Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İtaliya şirkəti "Italiana Petroli"nin (IP) 99,82 % səhmlərini "API Holding"dən almasını təsdiqləyib.

Bu barədə "Report"un Avropa bürosu komissiyaya istinadən xəbər verir.

"Sövdələşmə əsasən xam neft və neft məhsullarının tədarükünü əhatə edir", - Avropa Komissiyasından bildirilib.

Təşkilatdan qeyd edilib ki, satınalma nəticədə yaranan məhdud bazar mövqelərini nəzərə alaraq, rəqabət sahəsində problem yaratmayacaq. Buna görə də məsələyə birləşmələr üzrə sadələşdirilmiş prosedur çərçivəsində baxılıb.

"Italiana Petroli" İtaliyanın ən iri inteqrə olunmuş "downstream" platformalarından biridir. Şirkət ölkə üzrə minlərlə yanacaqdoldurma məntəqəsinə, ildə təxminən 10 milyon ton emal gücünə malik iki neft emalı zavoduna, həmçinin bitum, aviasiya yanacağı və sürtgü yağları kimi xüsusi məhsulların satışına və ölkəni tam əhatə edən logistika şəbəkəsinə sahibdir.

Xatırladaq ki, SOCAR və "API Holding" arasında "Italiana Petroli"nin səhmlərinin 99,82 %-nin satın alınması haqqında saziş 2025-ci il sentyabrın 23-də imzalanıb.

Bu satınalma SOCAR-ın Avropa enerji bazarında mövcudluğunu genişləndirmək baxımından mühüm addım olmaqla yanaşı, Azərbaycanın İtaliya ilə iqtisadi və enerji əməkdaşlığının möhkəmlənməsinə, həmçinin Avropanın enerji təhlükəsizliyi və dayanıqlı inkişafına töhfə verəcək.

Xəbər lenti