IMG-LOGO

Qan yaddaşından Böyük qayıdışa: Xocalı öz yarasını özü sarıyır – REPORTAJ

29 Jan 2026 13:40 2 baxış
IMG

Yazının əvvəli burada...

Xocalı...

Bir həftəlik səfər proqramımıza nəzər salanda istər-istəməz bu ad üzərində bir xeyli dayanmışdım: Xocalı.

Bu ad, ifadə məni yenə də otuz dörd il əvvələ aparmış, oradan bu günə təkrar-təkrar nəzər salmışdım. Beynimdə zamanın çarxı fırlanmışdı: haradansa, necəsə Milli Qəhrəman Çingiz Mustafayevin səsini eşitmişdim. Və haradansa, necəsə uşaqlı-böyüklü, qocalı-cavanlı, kişili-qadınlı faciəmizin səsli mənzərəsini duymuşdum.

Bu mənim Xocalıya ikinci səfərimdir. Onda da buna səfərdən daha çox ziyarət kimi yanaşmışdım, – müqəddəs ziyarət, – elə indi də.

Yolboyu yenə də bizi müşayiət edən texnikalar görünür.

Yol salır bu texnikalar: Xocalıya qayıtmaq daha rahat olsun deyə.

Ev tikir bu texnikalar: Xocalıda bir də üşüməyək deyə.

Məktəb tikir bu texnikalar: Xocalının sağlam gələcəyi, sağlam sabahı üçün balalar böyüdək deyə.

Xocalıya daş-daş, beton-beton, yol-yol qaytarır bizi bu texnikalar: ayaqyalın, bir əlimiz-bir başımız çıxdığımız Xocalıya əbədi qayıdaq deyə.

Məhz həmin texnikalara, tikinti-quruculuq işlərinə baxa-baxa Xocalıya ilk səfərimi xatırlayıram.

Onda Xocalıya qar yağırdı.

Onda Xocalıda soyuq idi.

Onda Xocalı hələ isinməmişdi.

Onda Xocalıya səfərimin məqsədi də tamam başqa idi. Onda Xocalıya gəlməyə hətta qorxurdum da. Çünki Xocalı deyəndə nə etsəm, nə düşünsəm, nə yazsam, özümdə xoş təəssürat oyada bilmirdim. Xocalı qan idi mənim üçün, ağrı idi, fəryad idi, bir sözlə, Xocalı soyqırımı ifadəsinin sinonimi idi mənim üçün.

Və Xocalıya həmişə qar yağırdı.

Qan yaddaşından Böyük qayıdışa: Xocalı öz yarasını özü sarıyır – REPORTAJ

O da xatirimdədir ki, həmin Xocalı səfərimi eşidəndə heç sevinə bilməmişdim də. Bəlkə də, sevinməyə qorxmuşdum, bəlkə də, sevinməyi özümə günah bilmişdim.

Amma indi...

İndi səfərimizin məqsədi bəlkə də, həmin qarışıq fikirlərdən, qorxudan, günah hissindən həm də qurtulmaqdır.

İndi Xocalıda yeni nəfəs – Böyük qayıdışın böyük nəfəsi duyulur. İndi Xocalı öz yarasını ailə-ailə, ocaq-ocaq, yuva-yuva bərpa edir, indi Xocalı özü-özünü sağaldır.

İlk səfərimizdə 1992-ci ilin o qanlı və qarlı fevral gecəsinə, milli müsibət tariximizə nəzər salmaq üçün Qarqarçaydan keçmişdik.

İlk səfərimizdə xocalıların ümid yerinə çevrilməkdənsə, faciə yuvasına, soyqırımı meydanına çevrilən "azad dəhliz"də olmuşduq.

İlk səfərimizdə Azərbaycan xalqının, millətinin fərd-fərd, şəxsiyyət-şəxsiyyət deyil, bütövlükdə bir xalq, bir millət kimi işgəncə yaddaşına çevrilən həmin "əsir fermaları"ndan birində olmuşduq.

Və nəhayət, ilk səfərimizin sonunda Xocalıya köçən ilk ailələrdən birinin evində olmuş, həmin ailənin timsalında Xocalını yenidən və yenicə dünyaya göz açmış körpə kimi sığallamışdıq.

Arzu etmişdik ki, böyüyüb tez boy atsın, bütün arzularımızı çin etsin.

Bu gün həmin gündür ki, artıq abadlaşa-abadlaşa, əzəli-əbədi sakinlərinə qucaq aça-aça böyüyən, boy atan Xocalıda 30 ildən sonra ailə olmaq, ailə kimi yaşamaq hissi ilə daha yaxından tanış olacağıq.

Xocalıda ailə olmaq

Hümbətovlar ailəsi Ballıca kəndinin ilk sakinlərindəndir. Kənan Hümbətovla söhbətimizdə doğma ata-baba yurdlarından – Kosalar kəndindən didərgin düşdükləri gecəni ağrı-acı ilə xatırlayır, 33 illik məcburi köçkünlük dövründə bir çox əziyyətlərə qatlaşdıqlarını bildirir.

"Göyçay, Gəncə, Hacıkənd... Çox çətin günlərdən keçmişik, ağrı-acıya qatlaşmışıq. İndi şükür ki, artıq doğma Xocalıdayıq.

Həmişə fikrimdə bu sual var idi ki, görəsən, bir də öz ata-baba yurdumuza qayıda biləcəyikmi? Sözün düzü, Vətən müharibəsinə qədər ümidlərimiz azaldıqca azalırdı... Allah bizə bu günləri yaşadanları var eləsin, şəhidlərimizə rəhmət eləsin".

Bu sual, əslində, hamımızın fikrini məşğul edirdi. Bu sual, əslində, hamımızı eyni boyda və eyni məchulluqda düşündürürdü: görəsən, Qarabağa, Xocalıya qayıda biləcəyikmi?

Və bu sual il-il, həsrət-həsrət böyüyür, bir sualın içindən başqası çıxır, onun da içindən bir başqası... Cavabı isə bu gün, sabah, əbədi hecalanması qürur və fəxarət verən o müqəddəs dörd sözlə ifadə edirik: 44 günlük Vətən müharibəsi.

Üç oğul sahibi olan Kənan Hümbətov özü nümayəndəlikdə işlə təmin olunub. Oğlanlarından biri Xocavənd rayon Yanğından Mühafizə Hissəsində, biri isə Xocalıda "Azərişıq"da çalışır.

"Balaca oğlum isə diplomunu alsın, sonrasına baxarıq. Əsas olan odur ki, indi buraların qurulmasında, bərpasında mənim də, ailəmin də payı var. Bundan böyük xoşbəxtlik ola bilməz".

Beləcə, otuz illik işğal dövründə ev-ev, yuva-yuva sökülüb talanan, infrastrukturu yerlə bir edilən Qarabağda torpağın əsl sahibləri həmin torpaqda yurd salır, ev tikir, o torpağa həyatı qaytarır və bununla da qürur duyurlar.

Beləcə, bu otuz ildə, az qala, xarabalığa çevrilən yurd yerlərimizdə bu gün əsl sahiblərin alın təri ilə yeni bir həyat çiçəklənir, yeni bir həyat boylanır. İndi Xocalı timsalında bütöv Qarabağda üst-üstə qoyulan adidən adi daş parçaları belə əyilməz qəddimizin, milli böyüklüyümüzün və əbədi qayıdışımızın ifadəsinə çevrilir.

"Qarabağ azaddır. Xocalı azaddır".

Afinə Hümbətova isə Kosalar kəndinin mübarizə əzminə heyfslənərək çoxlu şəhid verdiklərini xatırladır.

"Mənim həyat yoldaşım, böyük qardaşım və qardaşım oğlu Birinci Qarabağ müharibəsi zamanı çiyin-çiyinə döyüşüb. Hər gün başımıza od yağırdı elə bil... kişilər ön, biz isə arxa cəbhədə döyüşürdük. Mən özüm beş uşaqla Kosalardan Hacıkəndə qədər tək getmişəm, yoldaşım, qardaşım müharibədə idi, döyüşürdü".

Ailənin bir oğlu isə məhz həmin döyüşlərdə Ballıqaya ətrafında şəhid olub.

"İndi oğlumun da, şəhid balaların da hamısının ruhu şaddır".

Xocalıya qədərki və Xocalıdan sonrakı...

Qarabağa hər səfərimizdə gecələmək üçün hava şəraitini və yolları nəzərə alıb planımıza uyğun ən yaxın məntəqəni seçirdik. Qəribəsi odur ki, indiyə qədər heç bir səfərimdə Xocalıda gecələmək ehtiyacı yaranmamışdı... ta ki səhərki dayanacağımızın Xankəndi olacağını öyrənənə qədər.

Qərara gəlirik ki, gecəni Daşbulaq kəndində keçirək. Xocalının Daşbulaq kəndində. O Daşbulaq ki, oranın azyaşlı sakini Ləfxanım Xocalı adının, faciəsinin və soyqırımı anlayışının simasına çevrilmişdi.

O Daşbulaq ki, Ləfxanımın səsi və ağrısıyla, üç gün-üç gecə qarın içində ayaqyalın, başıaçıq mühasirədə qalması ilə böyük bir xalqın yaddaşını geniş mənada, xalq yaddaşının ən dərin qatlarında özünə əbədi yer eləmişdi.

Və o Daşbulaq ki, indi, bu gün, 2026-ci ilin yanvarında, yəni o müsibət gecədən düz 34 il sonra mənim üçün "Azad Xocalıda bir gecə" adlı böyük bir mərhələnin başlanğıcıdır:

Xocalıya qədərki və Xocalıdan sonrakı...

Məhz bu gecə mənim üçün Qarabağa necə və nə böyüklükdə qayıtmağımızın ən əyani sübutuna çevriləcəkdi.

Məhz bu gecədə Xocalıda daha bütün gecələrin ah-naləyə, fəryad-qışqırıq səslərinə boyanmadığına şahidlik edəcəkdim.

Məhz bu gecə Xocalının azadlığını bir başqa ölçüdə qavrayacaqdım.

Beləcə, yavaş-yavaş axşam düşür, Daşbulaq kəndində qaş qaralır. Narın yağan qar getdikcə şiddətini artırır. Uzaqdan, adsız-soysuz bir dərinlikdən köpək səsi gəlir. Sonsuzluğa xitab edirmişcəsinə hürən o köpəyi az sonra kimsə sakitləşdirir.

Demək, Xocalıda həyat var.

Demək, Xocalıya həyat qayıdıb.

Qayıdışına şükür, Xocalı!

Yazının davamı olacaq...

Xəbər lenti