Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ölkəsinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi dövründə əsas prioritetləri açıqlayıb.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, M.Boçorişvili bu barədə QDİƏT-in baş katibi Lazar Komanesku ilə Tbilisidə keçirilən birgə mətbuat konfransında danışıb.
Nazirin sözlərinə görə, Gürcüstanın sədrliyi dövründə əsas prioritetlər regional əlaqələrin gücləndirilməsi, Orta Dəhlizin inkişafının təşviqi, enerji təhlükəsizliyinin artırılması, rəqəmsallaşma və yaxşı idarəetmənin dəstəklənməsi, həmçinin Qara dəniz regionunun turizm və mədəni potensialının genişləndirilməsi olacaq.
M.Boçorişvili qeyd edib ki, Gürcüstanın strateji mövqeyi və açıq iqtisadi siyasəti ölkəni Avropa ilə Asiya arasında mühüm əlaqə mərkəzinə çevirib. O vurğulayıb ki, Gürcüstan qlobal təchizat zəncirlərinin formalaşmasında, enerji şaxələndirilməsində və iqtisadi əməkdaşlığın dərinləşməsində etibarlı tərəfdaş olaraq qalır.
Nazir bildirib ki, Gürcüstan Orta Dəhlizi təkcə nəqliyyat marşrutu deyil, təhlükəsiz və səmərəli iqtisadi körpü kimi inkişaf etdirməyi hədəfləyir.
Neft və enerji layihələri, Qara dəniz sualtı elektrik kabeli, dəmir yolu və avtomobil magistrallarının modernləşdirilməsi, eləcə də Anakliya dərin dəniz limanı layihəsinin regionun və Avropanın rifahına mühüm töhfə verəcəyi vurğulanıb.
Qeyd edək ki, Gürcüstan 1 yanvar 2026-cı il tarixindən etibarən altı ay müddətinə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrlik edir.