Avropa İttifaqı (Aİ) Xarici İşlər Şurası, böyük ehtimalla, artıq bu gün İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) sanksiyalara məruz qalacaq üzvlərinin siyahısını təsdiqləyəcək.
"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Brüsseldəki iclasdan əvvəl İtaliyanın xarici işlər naziri Antonio Tayani bildirib.
"SEPAH-ın terror təşkilatları siyahısına daxil edilməsinə gəldikdə, düşünürəm ki, siyasi razılıq bu gün əldə olunacaq, konkret qərar isə bir neçə həftə ərzində qəbul ediləcək", - İtaliyanın XİN rəhbəri deyib.
Tayani qeyd edib ki, İranda etirazlarda minlərlə iştirakçının ölümünə səbəb olan hadisələrindən sonra bütün Avropa ölkələri belə bir yanaşma ilə razıdır. "Otuz min insan – dəqiq bilmirəm, amma bu şübhəsiz minlərlədir və bu həqiqətən də qəbuledilməzdir", - nazir vurğulayıb.
Eyni zamanda, o cavab tədbiri olaraq İran diplomatlarının ölkədən çıxarılması ehtimalını rədd edib. "Bizim üçün son həftələrdə vətəndaşlara qarşı hücumlarla əlaqədar sanksiyaların qəbul edilməsi və təcili addımların atılması vacibdir. Biz "Pasdaranın" terror təşkilatları siyahısına daxil edilməsinin tərəfdarıyıq", - Tayani bəyan edib.