Çində Myanmada mafiya tipli dələduzluq mərkəzlərini idarə edən və qaçmağa cəhd göstərən işçiləri öldürən məşhur Min ailəsinə məxsus cinayət qruplaşmasının 11 üzvü edam edilib. Bu barədə cümə axşamı Çin dövlət KİV-ləri məlumat yayıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, Min ailəsi Myanmanın şimalındakı “dörd ailə” kimi tanınan cinayət sindikatlarından biri olub. Bu qruplaşmalar internet dələduzluğu, fahişəlik və narkotik istehsalı ilə məşğul olan yüzlərlə təşkilatı idarə etməkdə ittiham edilirdi.
Edam edilən 11 nəfər sentyabr ayında ölüm cəzasına məhkum olunub. “Sinxua” xəbər agentliyinin bildirdiyinə görə, onlar qətl, qanunsuz azadlıqdan məhrumetmə və dələduzluq kimi cinayətlərdə təqsirli biliniblər.
Təqsirləndirilən şəxslərdən ikisi apellyasiya şikayəti versə də, iş Çinin ən ali məhkəmə instansiyası olan Ali Xalq Məhkəməsinə göndərildikdən sonra ilkin hökm qüvvədə saxlanılıb.
Min Syüeçan tərəfindən idarə olunan cinayətkar ailə uzun müddət Myanma-Çin sərhədində yerləşən, muxtar ərazi olan Kokanqdakı “Sürünən Pələng Villası” kimi tanınan məşhur komplekslə əlaqələndirilirdi. Çin dövlət televiziyası CCTV-nin məlumatına görə, qrup ən güclü dövründə dələduzluq və digər cinayətlərlə məşğul olan təxminən 10 min nəfəri özündə birləşdirib.
CNN telekanalı qeyd edir ki, Kokanqın paytaxtı Laukkayq Myanmanın “qanunsuzluğun hökm sürdüyü” bölgələrində kök salaraq milyardlarla dollar dövriyyəsi olan dələduzluq sənayesinin mərkəzinə çevrilib. Bu mərkəzlərdə insan alverinin qurbanı olan şəxslər mürəkkəb onlayn sxemlər vasitəsilə yad insanları aldatmağa məcbur edilib.
İllər boyu bu dələduzluq mərkəzlərində işləməyə məcbur edilmiş insanların yaxınlarının şikayətlərindən və beynəlxalq medianın artan diqqətindən sonra Pekin 2023-cü ildə bu komplekslərə qarşı tədbirlər görməyə başlayıb.
Həmin ilin noyabrında Çin hakimiyyəti ailə üzvlərinin həbsi üçün orderlər verib, onları dələduzluq, qətl və insan alverində ittiham edərək tutulmalarına görə 14 min dollardan 70 min dollara qədər mükafat təyin edib.
Min Syüeçan ailəsinin başçısı, eyni zamanda Myanma parlamentinin üzvü olmuş şəxs, daha sonra həbsdə olarkən həyatına son qoyub. Bu barədə o zaman Çin dövlət KİV-ləri məlumat yayıb.
Cümə axşamı “Sinxua” agentliyi bildirib ki, edam olunanlar arasında Syüeçanın Kokanq sərhəd qoşunlarının komandiri olan oğlu Min Qopin və nəvəsi Min Çjençjen də olub. Məlumatda qeyd olunur ki, hökm icra olunmazdan əvvəl onlar yaxın qohumları ilə görüşüblər.
“Sinxua”nın yaydığı xəbərə görə, Min ailəsinin sindikatı başqa bir cinayət qruplaşmasının lideri U Hunminlə (o da edam edilib) əlbir olaraq qəsdən qətl, xəsarət yetirmə və dələduzluqla məşğul olan şəxslərin qanunsuz saxlanılması kimi əməllər törədib. Bu hadisələr nəticəsində 14 Çin vətəndaşı həyatını itirib.
Çində edamlar Çindəki cinayətkar qruplaşmalar Min Syüeçan