Bu gün Avropa İttifaqı (Aİ) Xarici İşlər Şurasının iclasında İrana qarşı yeni sanksiyaların tətbiqi, həmçinin İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) terror təşkilatları siyahısına daxil edilməsi məsələsi müzakirə olunacaq.
"Report"un Avropa bürosunun məlumatına görə, bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Brüsseldə iclas başlamazdan əvvəl jurnalistlərə bildirib.
Onun sözlərinə görə, belə bir qərar qəbul edilərsə, SEPAH "Əl-Qaidə", HƏMAS və İŞİD kimi terror strukturları ilə bir tutulacaq.
"Əgər siz terrorçu kimi hərəkət edirsinizsə, sizinlə terrorçu kimi rəftar edilməlidir", - K.Kallas İranda etirazlar zamanı həlak olanların sayına və hakimiyyətin nümayişçilərə qarşı tətbiq etdiyi sərt tədbirlərə işarə edib.
O vurğulayıb ki, SEPAH ilə bağlı mümkün qərar aydın bir siqnal olmalıdır: "Əgər siz insanları sıxışdırırsınızsa, buna görə sanksiyalara məruz qalacaqsınız".
K.Kallas bildirib ki, artıq dinc etirazçılara qarşı zorakılıqda iştirak edən konkret şəxslərin, həmçinin sanksiya siyahısına daxil edilməsi planlaşdırılan təşkilatların bir neçə siyahısı hazırlanıb.
SEPAH-ın terror təşkilatı kimi tanınmasından sonra Aİ ölkələrinin İrandakı səfirliklərinin işi üçün mümkün risklər barədə sualı cavablandıran K.Kallas qeyd edib ki, bu ssenarilər əvvəlcədən nəzərə alınıb.
Onun sözlərinə görə, diplomatik fəaliyyət bu tədbirlər altına düşmür və İranın xarici işlər naziri Abbas Əraqçi ilə qarşılıqlı əlaqə mümkün olacaq: "Qiymətləndirmələrə görə, SEPAH-ın siyahıya daxil edilməsindən sonra da diplomatik kanallar açıq qalacaq".