Son dövrlər ölkəmizdə qaz təminatı və ödəniş sistemləri ətrafında gedən müzakirələr yeni müstəviyə keçib. Uzun illərdir tətbiq edilən smart-kart tipli sayğacların tədricən mexaniki-elektron (sonradan ödənişli) sayğaclarla əvəzlənməsi həm abonentlər, həm də ekspertlər arasında ciddi suallar doğurur. Əsas məsələ təkcə texnoloji keçid deyil, həm də abonentlərin ödəniş sisteminə olan inamı və tətbiq edilən mexanizmlərin nə dərəcədə qüsursuz işləməsidir.
Lent.az "APA-Economics"-ə istinadən xəbər verir ki, smart-kart tipli sayğaclar əslində abonentə öz xərclərini qabaqcadan planlaşdırmağa və sərfiyyatına real vaxt rejimində nəzarət etməyə imkan verən bir "özünənəzarət" aləti kimi təqdim olunmuşdu. Lakin bu sistemin praktikada özünü doğrultmayan tərəfləri və gözlənilməz texniki nasazlıqlar tez-tez narazılıqlara səbəb olur.
Xüsusilə 2026-cı ilin əvvəlində yaşanan hadisələr bu texnoloji infrastrukturun zəif bəndlərini bir daha üzə çıxardı. Yeni təqvim ilinə keçid və güzəştli limitlərin yenilənməsi zamanı "Azəriqaz" sistemində baş verən kütləvi nasazlıq minlərlə abonenti çətin vəziyyətdə qoydu. Balansını artırmaq istəyən insanların qarşılaşdığı sistem səddi smart sistemlərin hələ də böyük yüklənmələrə tam hazır olmadığını göstərdi.
Baxmayaraq ki, yanvarın 1-i axşam saatlarında problemin qismən aradan qaldırıldığı bildirildi, təkrar xətalar bir neçə gün davam etdi və yalnız yanvarın 2-3-də sistemin fəaliyyəti tam bərpa olundu. Bu hadisə bir daha göstərdi ki, rəqəmsal idarəetmə sistemləri rahatlığı təmin etsə də, texniki infrastrukturun kütləvi yüklənmələrə qarşı dayanıqlılığı hələ də aktual məsələ olaraq qalır.
Rəqəmlər və göstəricilər
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin məlumatına əsasən, 01.01.2026 tarixinə İB üzrə cəmi abonentlərin sayı 2 716 413 təşkil edib. Bunun 2 668 702-i əhali, 47 711-i isə qeyri-əhali abonent qrupunun payına düşüb.
Bununla yanaşı, 01.01.2026 tarixinə "Azəriqaz" abonentlərinin 2 017 463-ü mexaniki, 698 950-i isə smart-kart tipli qaz sayğaclarından istifadə edir.
Ötən il İstehsalat Birliyi üzrə 45 386 yeni abonent qeydiyyata alınıb ki, onlardan 37 635-i mexaniki, 7 751-i isə smart-kart tipli sayğacla təmin edilib. Bununla yanaşı, ötən il “Azəriqaz” tərəfindən 364 161 sayğac əvəz olunub (mexaniki - 348 957, smart-kart tipli - 15 204).
Qeyd etmək lazımdır ki, mövcud qaydalara əsasən, əhali üçün qazın qiyməti illik istehlak həcmindən asılı olaraq üç pillə üzrə qruplaşdırılır. Birinci pillə üzrə, illik istehlakın 1200 kubmetrədək olan hissəsi üçün hər kubmetrə görə 12,5 qəpik tarif tətbiq olunur. Bu, əhalinin böyük əksəriyyətini əhatə edən ən aşağı güzəştli qiymət həddidir. İkinci pillə, illik istehlakın 1200 kubmetrdən 2500 kubmetrədək olan hissəsini əhatə edir. Bu hədd daxilində istifadə olunan hər kubmetr qazın qiyməti 22 qəpik olaraq müəyyənləşdirilib. Üçüncü pillə isə illik istehlakı 2500 kubmetrdən çox olan abonentlərə şamil edilir. Limitdən artıq istifadə olunan qazın hər kubmetrinin tarifi 30 qəpik təşkil edir.
Təxmini hesablamalara əsasən, Bakı və Abşeronda 80-10 kvadrat metr sahəsi olan mənzilin isidilməsinə payız-qış mövsümündə (5 ay) 1 000–1 600 kubmetr civarında təbii qaz tələb oluna bilər. Fərdi evlərə (mişar daşı, kombi) gəldikdə isə bu göstərici 1 600-2 200 kubmetr civarında dəyişə bilər.
Smartdan mexaniki sayğaca keçid: qazlaşmada geri addım?
Smart-kartlı sistemdə abonent əvvəlcədən ödəniş edir, qazı yalnız balans olduqda istifadə edirdi. Bu sistem xərci nəzarətdə saxlamağa imkan verir, çünki qaz bitəndə istifadənin də dayandığı açıq görünür. Mexaniki sayğacda isə vəziyyət fərqlidir - abonent qazdan istifadə edir, hesab isə ayın sonunda formalaşır.
Məhz bu fərq bir çox abonent üçün psixoloji və maliyyə baxımından çətinlik yaradır. İnsan xərci əvvəlcədən deyil, sonradan gördüyü üçün “birdən-birə böyük borc çıxması” hissi yaranır və narazılıqların bir hissəsi də məhz buradan başlayır.
Mexaniki sayğaclara keçiddən sonra səslənən şikayətlərin böyük qismi sərfiyyat və borc məbləği ilə bağlıdır. Abonentlər bildirirlər ki, sayğac dəyişəndən sonra sərfiyyat əvvəlki aylara nisbətən daha çox göstərilir. Bu, hər zaman real istehlak artımı demək olmaya bilər.
Burada əsas problem oxunuş mexanizmi ilə bağlıdır. Mexaniki sayğaclarda göstəricilər operator tərəfindən oxunur və sistemə daxil edilir. Oxunuşun gecikməsi, yanlış yazılması və ya köhnə sayğacla yeni sayğac arasındakı keçidin düzgün sənədləşdirilməməsi borcun şişmiş görünməsinə səbəb ola bilər. Abonentlərin “borc səhv yazılıb” iddialarının əsas mənbəyi də adətən bu mərhələdir.
Digər bir narazılıq isə sayğacın xəbərdarlıq edilmədən dəyişdirilməsi ilə bağlıdır. Bəzi abonentlər dəyişiklik zamanı akt tərtib olunmadığını və ya izah verilmədiyini bildirir ki, bu da etimadsızlığı artırır.
Sayğac dəyişdiriləndən sonra sərfiyyatın artmış görünməsi iki səbəbdən qaynaqlana bilər. Birinci səbəb, real istehlakla bağlıdır: smart-kartlı sistemdə insanlar qazdan daha qənaətlə istifadə edirdilər, çünki balans bitəndə qaz da dayanırdı. Mexaniki sistemdə isə bu “məcburi nəzarət” yoxdur.
İkinci səbəb, texniki və inzibati xarakter daşıyır. Oxunuşun düzgün aparılmaması, keçid göstəricilərinin səhv hesablanması və ya hesabat dövrlərinin üst-üstə düşməsi real istehlakdan artıq rəqəmlərin görünməsinə səbəb ola bilər. Bu isə abonentdə “sayğac çox yazır” fikrini formalaşdırır.
Qeyd olunan və digər məsələlərlə bağlı sosial məsələlər üzrə ekspert İlqar Hüseynli “APA-Economics”ə açıqlamasında vəziyyəti təhlil edib.
Sistem niyə çöktü?
İlqar Hüseynlinin sözlərinə görə, yanvarın 1-dən etibarən 15 min abonentin eyni vaxtda limit keçidi etməsi, qiymət tənzimlənməsi və sistemin yenilənməsi (update) prosesi "Azəriqaz" üçün gözlənilməz böhran yaradıb:
"Azəriqaz heç özü də bilmədən və öncədən hesablamadan, smart-kartlarla bağlı çox gərgin bir vəziyyətə düşdü. Birdən-birə sistem çöktü. Halbuki bu keçid prosesi baş verməmişdən öncə mütləq test yoxlaması aparılmalı idi".
Ekspert qeyd edir ki, bu problemdə birbaşa məsuliyyət qurumun İT şöbəsinin üzərinə düşür. Belə ki, elektron sistemlərin yükü qaldıra bilmə qabiliyyəti sınaqdan keçirilməli və yalnız bundan sonra icraya yönəlməli idi.
İki günlük "qazsızlıq": Şaxta təhlükəsi
Yaranmış texniki nasazlıq nəticəsində abonentlər bir-iki gün ərzində qaz təminatından məhrum oldular. İlqar Hüseynli xatırladır ki, bu vəziyyət xüsusilə istilik sistemi qazdan asılı olan evlərdə faciəvi nəticələrə yol aça bilərdi:
"Nəzərə alaq ki, yanvarın 1-i və 2-si dəhşətli şaxtalar və qarlı hava şəraiti olsaydı, əhalinin istilik təminatı ilə bağlı daha ciddi narazılıqlar yaranardı. İnsanların ödədikləri pullar hesaba oturmadı, kombi sistemləri və su qızdırıcıları işləmədi".
Ekspert vurğulayıb ki, kompensasiya məsələsi gündəmdə olmasa da, bu hadisə "Azəriqaz"ın tarixində ən böyük böhranlardan biri kimi yadda qaldı.
Smart yoxsa mexaniki: Hansı daha əlverişlidir?
Cəmiyyətdə sayğac növləri ilə bağlı fərqli fikirlərin olduğunu deyən İlqar Hüseynli, texniki baxımdan bu cihazların eyni mexanizmlə işlədiyini bildirir. Onun fikrincə, hansı sayğacın çox və ya az yazması məsələsi daha çox subyektiv hissiyyatdır:
"Mən hər iki sayğacdan istifadə etmişəm və təxminən eyni məbləğdə ödəniş çıxıb. Lakin bir abonent kimi mexaniki sayğacı daha əlverişli hesab edirəm. Çünki smart-kart bəzən bloka düşür, onu açdırmaq vaxt aparır və əlavə 'süründürməçilik' yaradır".
Yeni tariflər: İstifadə etmədiyim qaza görə niyə ödəniş etməliyəm?
Digər diqqətçəkən məqamlardan biri də yeni tətbiq olunmuş sabit tariflərdir. Artıq vətəndaşlar qazdan istifadə etməsələr belə, hər ay müəyyən məbləğ (əhali üçün 1 AZN, biznes üçün 3 AZN) ödəməlidirlər.
"İnsanlarda haqlı sual yaranır: istifadə etmədiyim qaza görə niyə pul ödəməliyəm? "Azəriqaz"ın istinad etdiyi Latviya kimi ölkələrdə mərkəzləşmiş istilik sistemi var. Orada insanlar bizimki qədər fərdi qaz pulu ödəmir, ona görə də sabit ödəniş normal qarşılanır", - İlqar Hüseynli vurğulayıb.
Ekspert yekunda qeyd edib ki, bu tip sistem yenilənmələrindən öncə preventiv tədbirlər görülməli və müştəri məmnuniyyəti əsas meyar götürülməlidir. Əks halda, tarif artımları və texniki nasazlıqlar sosial narazılığı artırmağa davam edəcək.
qaz sayğacları



