Koreya Xalq Demokratik Respublikasının (KXDR) hava hücumundan müdafiə (HHM) bölmələri Cənub tərəfdən dövlətlərarası sərhədi keçən Cənubi Koreya kəşfiyyat pilotsuz uçuş aparatını izləyib və onu Şimali Koreya ərazisi üzərində ələ keçiriblər.
"Report" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi tərəfindən dərc edilmiş Koreya Xalq Ordusu Baş Qərargah nümayəndəsinin bəyanatında deyilir.
Onun sözlərinə görə, hadisə 4 yanvar tarixində baş verib. KXDR-in HHM bölmələri Cənubdan sərhədi keçən hava hədəfini aşkar edib və izləyib, daha sonra radioelektron mübarizə vasitələrindən istifadə edərək onu öz ərazisində endiriblər.
Baş Qərargah nümayəndəsi pilotsuz uçuş aparatında müşahidə vasitələrinin quraşdırıldığını bildirib. PUA qalıqlarının analizinin yekunlarına görə məlum olub ki, o, üç saatlıq uçuşa proqramlaşdırılıbmış və bu müddət ərzində KXDR-in mühüm obyektlərini çəkməli imiş.
Qeyd olunub ki, pilotsuz uçuş aparatının kameralarında KXDR ərazisi üzərində çəkilmiş, demək olar ki, yeddi dəqiqə davam edən yazılar aşkar edilib.
"Bu videomateriallar, sözügedən pilotsuz uçuş aparatının müşahidə və kəşfiyyat məqsədilə respublikamızın hava məkanını pozduğunu göstərən aydın sübutdur", - deyə hərbçi qeyd edib və vurğulayıb ki, Seulda hakimiyyət dəyişikliyindən hətta bir il keçdikdən sonra da sərhəddə Cənubi Koreya təxribatları davam edir.