Qəzzada atəşkəslə bağlı koordinasiyanı ABŞ edir, buna görə də sülh planının yeni mərhələsinin başlanma tarixinin Vaşinqton tərəfindən müəyyənləşdirilməsi gözlənilir.
"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "TRT Haber"in canlı efirində bildirib.
"İkinci mərhələ ilə bağlı Fələstin və HƏMAS-ın üzərinə düşən işlər tamamlanıb, amma İsrail oyunun qaydalarını dəyişmək istəyir, yeni şərtlər irəli sürür. Gələn həftə sülh planının ikinci mərhələsi ilə bağlı bəyannamə hazırlana bilər", - Türkiyənin xarici işlər naziri vurğulayıb.
Onun sözlərinə görə, Qəzza zolağında əvvəlcə Sülh şurası qurulmalı və müvəqqəti idarəetmə təşkil olunmalıdır.
"ABŞ Türkiyənin Qəzzada fəaliyyətini dəstəkləyir, İsrail isə buna etiraz edir. Humanitar və digər məsələlərlə bağlı işimizi davam etdirəcəyik, amma hərbçi yerləşdirilməsi dəqiqləşdirilməyib" , - Hakan Fidan qeyd edib.