Vaşinqton və Kiyev Ukraynanın müharibədən sonrakı bərpası üçün 800 milyard dollarlıq saziş imzalamağı planlaşdırır.
"Report"un məlumatına görə, bu barədə "The Telegraph" nəşri öz mənbələrinə istinadən yazıb.
Məlumata görə, detalların Davosda prezidentlər Donald Tramp və Volodimir Zelenski arasında razılaşdırılması planlaşdırılır, plan 10 il üçün nəzərdə tutulub.
Mənbələr iddia edir ki, planın mahiyyəti iki lider arasındakı görüşdən iqtisadi sazişi – müharibənin dayandırılmasına dair ABŞ tərəfindən dəstəklənən təklifin əsas bölməsini yekunlaşdırmaq üçün istifadə etməkdir.
"Rifah planı" adlanan bu layihə Ukraynanın bərpası və iqtisadi inkişafına yardım göstərilməsi üçün onillik ərzində təxminən 800 milyard dolların cəlb edilməsini hədəfləyir.
Nəşr qeyd edir ki, Ukrayna Prezidenti Volodimir Zelenski həm ölkənin müharibədən sonrakı iqtisadi bərpa planını, həm də təhlükəsizlik təminatları haqqında sazişi yekunlaşdırmaq üçün gələn həftə Ağ Evə səfər etməyi planlaşdırırdı.
Lakin "istəklilər koalisiyası"ndakı avropalı tərəfdaşlar ona ABŞ-yə getməməyi məsləhət görüblər və əvəzində Tramp ilə görüş üçün daha uyğun alternativ kimi Davos Ümumdünya İqtisadi Forumunu təklif ediblər.