Yanvarın 7-də ABŞ tərəfindən saxlanılmış Rusiya bayrağı altında üzən "Bella 1" ("Marinera") gəmisinin heyət üzvləri arasında Ukrayna vətəndaşları da var.
"Report"un "İnterfaks-Ukrayna"ya istinadən məlumatına görə, bu barədə Ukraynanın Vaşinqtondakı səfiri Olqa Stefanişina "Telegram" kanalında bildirib.
"Biz ABŞ-nin səlahiyyətli orqanları ilə daimi təmasdayıq və artıq Dövlət Departamentini vətəndaşlarımıza konsulluq çıxışının təmin edilməsinin zəruriliyi barədə məlumatlandırmışıq", – deyə diplomat qeyd edib.
Stefanişinanın sözlərinə görə, Ukrayna səfirliyi vəziyyəti nəzarətdə saxlayır və Ukrayna vətəndaşları ilə əlaqə yaratmaq üçün bütün lazımi tədbirləri görür.
Xatırladaq ki, yanvarın 7-də ABŞ Şimali Atlantikada, Böyük Britaniya yaxınlığında "Marinera" neft tankerini nəzarətə götürüb. Adını "Bella 1"dən "Marinera"ya dəyişən gəmi, ötən ay Venesuela sahillərində ABŞ Sahil Mühafizəsi tərəfindən təqib olunub.
Gəmidə 28 nəfər olub.