IMG-LOGO

Dünya Bankı: Azərbaycanda reallaşdırılmamış ticarət potensial əmtəə dövriyyəsinin 58 %-ni təşkil edir

09 Jan 2026 16:01 3 baxış
IMG

Ticarət və birbaşa xarici investisiyalar vasitəsilə qlobal iqtisadi inteqrasiya Avropa və Mərkəzi Asiya regionunda məhsuldarlığın artırılması üçün ən güclü, lakin hələ kifayət qədər istifadə edilməyən mənbələrdən biri olaraq qalır.

Bu barədə "Report" Dünya Bankının hesabatına istinadən xəbər verir.

"Region ölkələrində ticarətin strukturu hələ də məhsuldarlığın artırılması üçün maksimum effekti təmin edə biləcək modelə uyğun deyil. İxrac zəif şaxələndirilib, əsasən aşağı mürəkkəbliyə malik məhsullara və ən yaxın bazarlara yönəlib. Bu, ticarətin keyfiyyətinin yüksəldilməsi və coğrafiyasının genişləndirilməsi üçün əhəmiyyətli potensialın olduğunu göstərir", - hesabatda qeyd olunur.

Dünya Bankı qeyd edir ki, son qlobal sarsıntılar nəticəsində ticarət axınlarındakı dəyişikliklərə, o cümlədən regiondaxili ticarətin artmasına və "friend-shoring"in (siyasi etibarlı tərəfdaşlarla əməkdaşlıq) inkişafına baxmayaraq, Mərkəzi Asiya ölkələri ən dinamik dünya bazarları ilə ticarət imkanlarından yetərincə faydalanmır.

Bankın qiymətləndirmələrinə görə, reallaşdırılmamış ticarət ən çox Mərkəzi Asiyanın resurs və aqrar iqtisadiyyatlar üçün səciyyəvidir və potensial ticarət dövriyyəsinin 55 %-dən çoxunu təşkil edir. Ən yüksək göstəricilər Türkmənistanda (72 %), Tacikistanda (64 %), Qırğızıstanda (63 %) və Özbəkistanda (59 %) qeydə alınıb.

Azərbaycanda reallaşdırılmamış ticarətin payı 58 %, Monteneqroda 56 %, Albaniya və Ermənistanda 54 % təşkil edir. Gürcüstanda bu göstərici 48 %, Belarusda 47 %, Qazaxıstan və Şimali Makedoniyada 45 %, Bosniya və Herseqovina və Moldovada 44 %, Ukrayna, Serbiya və Xorvatiyada 36 %-dir. Ən aşağı göstəricilər Rumıniya (28 %), Bolqarıstan (27 %), Türkiyə (26 %), Rusiya (26 %) və Polşada (19 %) qeydə alınıb.

Dünya Bankı vurğulayır ki, regionun bir çox ölkələri, xüsusən də Mərkəzi Asiyanın resurs və kənd təsərrüfatı iqtisadiyyatları İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələri və Çin kimi əsas istiqamətlərə potensiallarından daha az ixrac həyata keçirir. Bu, əsasən ticarət logistikasının kifayət qədər inkişaf etməməsi və məhdudlaşdırıcı ticarət siyasəti ilə bağlıdır. Reallaşdırılmamış potensialın böyük hissəsi emal sənayesinin payına düşür ki, bu da artım və innovasiyaların əsas kanallarının istifadəsini məhdudlaşdırır.

Bank qeyd edir ki, reallaşdırılmamış ticarət həcmi həm müəssisələrin beynəlxalq bazarlara çıxış zamanı üzləşdiyi çətinlikləri, həm də xidmət ixracı sahəsində əldən verilmiş imkanları əks etdirir. Eyni zamanda, ixracı ölkələr deyil, şirkətlər həyata keçirdiyi üçün ən yüksək səmərəlilik göstəricilərini nümayiş etdirən ixracatçılardır.

Nisbətən az sayda olmasına baxmayaraq, Mərkəzi Asiya ölkələrində ixracatçılar əlavə dəyərin yaradılmasına, məşğulluğa, əməkhaqqı artımına və əsas kapitalın yığılmasına qeyri-mütənasib şəkildə böyük töhfə verir, iqtisadi artımın və məhsuldarlığın artırılmasının əsas hərəkətverici qüvvələri kimi çıxış edirlər.

Dünya Bankı qeyd edir ki, bir qayda olaraq məhdud sayda sahələrdə cəmlənmiş birbaşa xarici investisiya axını daxili iqtisadiyyata zəif inteqrasiya olunub. Xarici investisiyalar hesabına yerli şirkətlərin səmərəliliyin artırılması mümkün olsa da, bu potensialın reallaşdırılması birbaşa institusional keyfiyyətdən və bazar mühitindən asılıdır. Mərkəzi Asiya ölkələrində xarici şirkətlərin mövcudluğu yerli firmaların göstəricilərinin nəzərəçarpacaq dərəcədə yaxşılaşmasına nadir hallarda gətirib çıxarır. Bu, xüsusilə əlaqəli və təchizat sektorlarında özünü büruzə verir.

Bankın qiymətləndirmələrinə görə, ticarət və birbaşa xarici investisiyalar məhsuldarlığa dörd qarşılıqlı əlaqəli kanal vasitəsilə təsir göstərir. Rəqabət mühiti "yaradıcı məhv" və köhnəlmiş biznes modellərinin yenilənməsinə kömək edir, xarici investisiyalar isə bu prosesin gücləndirilməsində mühüm rol oynayır.

Dünya Bankı vurğulayır ki, məhsuldarlıq bu kanalların qarşılıqlı təsirindən, dəstəkləyici siyasətin və səmərəli institutların mövcudluğundan asılıdır. Mərkəzi Asiya ölkələri üçün bu, struktur islahatlarının davam etdirilməsi, rəqabət qanunvericiliyinin inkişafı, əmək bazarlarının çevikliyinin artırılması və maliyyəyə çıxışın genişləndirilməsinin zəruriliyini göstərir. Təhsilə, peşə hazırlığına və innovasiyalara investisiya qoyuluşu şirkətlərin daha tez adaptasiya olmasına və səmərəliliyi artırılmasına imkan verir.

Bank qeyd edir ki, qlobal qeyri-müəyyənlik şəraitində milli iqtisadiyyatların dayanıqlı təməllərini formalaşdırmaq xüsusilə vacibdir. Qlobal ticarətdəki dəyişikliklərə uyğunlaşmaq üçün yeni bazarlar və investisiya mənbələri tapılmalıdır, məhsuldarlığa yönəlmiş çevik iqtisadiyyat isə bu çağırışlarla daha yaxşı mübarizə aparır.

"Struktur dəyişikliklərinin potensialının reallaşdırılması üçün siyasət sektorlar arasında resursların yenidən bölüşdürülməsinə kömək etməli, işçi qüvvəsi və kapital daha məhsuldar sahələrə keçid etməlidir. Bu, bazar təhriflərinin aradan qaldırılmasını, zərərlə işləyən sektorlara subsidiyaların azaldılmasını, infrastrukturun inkişafını və yenidən hazırlıq proqramları hesabına əmək bazarının çevikliyinin artırılmasını nəzərdə tutur.

Müəssisələr arasında resursların yenidən bölüşdürülməsi üçün şirkətlərin inkişafı qarşısında duran maneələr azaldılmalı, lisenziyalaşdırma sadələşdirilməli, tənzimləyici məhdudiyyətlər minimuma endirilməli, rəqabət isə gücləndirilməlidir. Səmərəli kiçik və orta müəssisələr üçün maliyyəyə çıxışın genişləndirilməsi və mənfəətsiz "zombi şirkətlər"ə dəstəyin tədricən dayandırılması vacib elementdir", - hesabatda qeyd olunur.

Dünya Bankının analitikləri hesab edirlər ki, "yaradıcı məhv"dən maksimum faydanın əldə olunması yeni firmaların bazara asanlıqla daxil ola, qeyri-səmərəli firmaların isə bazarı nizamlı şəkildə tərk edə biləcəyi mühit tələb edir. Bura iflas prosedurlarının sadələşdirilməsi, startaplar üçün inzibati maneələrin azaldılması və vençur kapitalı bazarının inkişafı daxildir. Aktiv məşğulluq siyasəti ticarətin liberallaşdırılması ilə bağlı sosial xərcləri azalda və şəffaflığa ictimai dəstəyi təmin edə bilər.

"Müəssisələrin davamlı surətdə modernləşdirilməsi məqsədilə siyasət şirkətlərdə təlimləri və texnologiyaların mənimsənilməsini stimullaşdırmalıdır. Bu, həm də elmi-tədqiqat və təcrübə-konstruktor işləri üçün vergi güzəştləri vasitəsilə mümkündür. Milli potensialın artırılması xarici investorlarla tərəfdaşlıqların və birbaşa xarici investisiyaların effektivliyini artırır", - hesabatda qeyd olunur.

Bankın analitikləri hesab edirlər ki, təchizatçılar üçün proqramların inkişafı, rəqabətli xidmət bazarları (telekommunikasiya və logistika daxil olmaqla), gömrük prosedurlarının sadələşdirilməsi və infrastrukturun modernləşdirilməsi ticarət xərclərini azaldır. İxracatçılara ünvanlı dəstək, standartlara cavab vermək üçün yardım və informasiya maneələrinin aradan qaldırılması Mərkəzi Asiya ölkələrinin ticarət və investisiya potensialından daha fəal şəkildə istifadə olunmasına töhfə verir.

Xəbər lenti