Azərbaycan və Ermənistan arasında sülh və yaxınlaşma prosesi artıq təkcə ikitərəfli ölçüdə deyil, daha geniş geosiyasi müstəvidə qiymətləndirilməlidir.
"Report"un Balkan bürosu xəbər verir ki, bunu Belqradda "Sülh, əməkdaşlıq və təhlükəsizlik perspektivləri: Vaşinqton sammitindən sonra Azərbaycan və Ermənistan" mövzusunda dəyirmi masa zamanı Strateji Araşdırmalar Forumunun (FORST) prezidenti və Serbiya Milli Assambleyasının sabiq deputatı doktor Neven Svetiçanin (Neven Cvetićanin) deyib.
"Bu, Avrasiya məkanında daha möhkəm sabitliyin təməlini təşkil edən bir hekayədir" , - o bildirib və əlavə edib ki, sülh artıq yalnız milli məsələ və ya beynəlxalq münasibətlər səhnəsindəki rəqabət elementi deyil.
N. Svetiçanin strateji marşrutlar, nəqliyyat dəhlizləri, enerji axınları və formalaşmaqda olan yeni təhlükəsizlik arxitekturası kontekstində sülhün mühüm əhəmiyyət kəsb etdiyini bildirib:
"Bu baxımdan Azərbaycan və Ermənistan arasında normallaşma prosesi lokal xarakterli məsələ deyil. Bu, Xəzər dənizindən Avropa İttifaqına qədər uzanan geniş coğrafiyada sabitliyin taleyini müəyyən edən amildir. Beynəlxalq ictimaiyyət dialoqun yeni mərhələsini dəstəkləyir. Lakin sülh tək bir sənədlə yaranmır. O, üç əsas proses üzərində qurulur: kommunikasiyanın institusionalizasiyası; artıq başlanmış qarşılıqlı iqtisadi əlaqələr; etibarlı təhlükəsizlik təminatları".
Onun fikrincə, hazırda strateji baxımdan üç paralel transformasiya müşahidə olunur:
"Bunlar böyük güclərin yanaşmalarının dəyişməsi, regional aktorların rolunun artması və nəqliyyat–enerji bağlantılarının əhəmiyyətinin yüksəlməsidir. Bu kontekstdə Bakı ilə İrəvan arasında normallaşma Orta Dəhlizin funksionallığına, Avropanın enerji mənbələrinin şaxələndirilməsinə və daha geniş təhlükəsizlik arxitekturasına birbaşa təsir göstərir. Müasir şəraitdə sabitlik ən böyük strateji üstünlükdür. Sabitlik investisiyaların artması, nəqliyyat xərclərinin azalması və risklərin minimuma enməsi deməkdir. Lakin sülh inklüziv və dayanıqlı olmalıdır.
Dayanıqlı sülh hüquqi təminatlar, insan hüquqlarının qorunması və ortaq maraqlar yaradan iqtisadi layihələr tələb edir. İqtisadi rasionalizm və geosiyasi balans olmadan siyasi razılaşmalar kövrək qalır, bunu Balkanların təcrübəsi göstərib. Bu mənada nəqliyyat marşrutlarının açılması, infrastrukturun inkişafı və Avropa bazarları ilə inteqrasiya təkcə iqtisadi deyil, həm də fundamental təhlükəsizlik məsələsidir".
Serbiya Milli Assambleyasının sabiq deputatı qeyd edib ki, perspektiv olmayan yerdə münaqişə riski artır. Perspektiv və inkişaf olan yerdə isə sabitlik möhkəmlənir:
"Mən iki dəfə Qarabağda olmuşam və yenidənqurma, inkişaf istiqamətində atılan real addımları görmüşəm. Bu proses göstərir ki, uzunmüddətli sabitliyə aparan yol mərhələli, planlı və strateji yanaşma tələb edir. Serbiya həm Balkan, həm də daha geniş Avrasiya məkanının bir hissəsi kimi, Cənubi Qafqazın sabit, açıq və əməkdaşlığa hazır olmasında maraqlıdır. Cənubi Qafqaz ölkələri öz gələcəklərini qurmaq imkanına malik olmalıdırlar, bu, beynəlxalq ictimaiyyətin dəstəyi ilə, lakin kənar müdaxilə olmadan baş verməlidir. Çoxqütblü dünya nizamında regional sabitlik xüsusi əhəmiyyət daşıyır".
N.Svetiçanin vurğulayıb ki, Cənubi Qafqaz əhəmiyyətli mərkəzlərdən birinə çevrilmək potensialına malikdir.