IMG-LOGO

Yollarda bəzək üçün quraşdırılan işıq dirəkləri: texniki problem, ya insan həyatına təhdid? - ARAŞDIRMA

09 Jan 2026 14:09 4 baxış
IMG
0 0

Magistral yollarla bağlı vətəndaş narazılığı

Lent.az APA-nın bu mövzuda yazdığı araşdırmanı təqdim edir:

Yol-nəqliyyat hadisələrinin əhəmiyyətli hissəsi gecə saatlarında qeydə alınır və mütəxəssislər bu hallarda yolun işıqlandırılmamasını əsas risk faktorlarından biri kimi qiymətləndirirlər. Görünüş məsafəsinin azalması, sürücülərin yolu və yol nişanlarını vaxtında aydın görə bilməməsi qəza ehtimalını artıran əsas amillər sırasındadır. Bu baxımdan avtomobil yollarının işıqlandırılması yol təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

Mövcud vəziyyət göstərir ki, Bakı şəhərində əsas magistral yolların və mərkəzi prospektlərin böyük hissəsi işıqlandırılsa da, kənar qəsəbələrdə və yaşayış massivlərinə gedən yollarda bu istiqamətdə çatışmazlıqlar qalmaqdadır. Regionlarda isə vəziyyət daha qabarıq şəkildə özünü göstərir. Rayon mərkəzlərində əsas küçələr nisbətən işıqlandırılsa da, kəndlərarası, eləcə də respublika və yerli əhəmiyyətli yolların bir hissəsində işıqlandırma ya ümumiyyətlə mövcud deyil, ya da texniki baxımdan yetərli hesab olunmur.

Nəticədə gecə saatlarında hərəkət edən sürücülər üçün yolun relyefi, piyada keçidləri və maneələr vaxtında görünmür. Bu da yol-nəqliyyat hadisələri riskini artırır. Xüsusilə, piyadaların iştirakı ilə baş verən qəzaların əhəmiyyətli hissəsinin gecə saatlarına təsadüf etməsi problemin sosial tərəfini daha da aktuallaşdırır.

Eyni zamanda, vətəndaşlar bildirirlər ki, Pirşağı, Böyükşor və Mehdiabad magistral yollarında işıqlandırma sistemi, demək olar tamamilə işləmir. Xüsusilə, qış fəslində hava hələ tam işıqlanmamış bu işıqların söndürülməsi ciddi narahatlıq yaradır.

Küçə işıqlandırması şəhər və kənd mühitinin təhlükəsizliyini təmin edir

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov APA-ya bildirib ki, zəif dizayn edilmiş yol işıqlandırması qəzaların artmasına və enerji itkisinə səbəb ola bilər:

“Yolun işıqlandırılması dizaynında təhlükəsizlik, uzaq məsafəni görmək və enerji səmərəliliyi əsasdır. Əsas amillərə müxtəlif yol tiplərinə uyğunlaşdırılmış adekvat işıqlandırma səviyyələrinə nail olmaq və parıltı və qaranlıq ləkələri minimuma endirmək üçün vahid işıq paylanmasının təmin edilməsi daxildir. Dizayn mülahizələrinə həmçinin optimal rəng temperaturlarının seçilməsi və görünürlük üçün göstərilməsi, effektiv əhatə dairəsi üçün dirəklərin strateji olaraq yerləşdirilməsi və enerjiyə qənaət edən LED həllərinin seçilməsi daxildir.

Bundan əlavə, dizaynlar ətraf mühitə təsirləri nəzərə almalı, əlverişsiz hava şəraitinə tab gətirməli və uzunmüddətli texniki xidmət ehtiyacları ilə xərcləri balanslaşdırmalıdır, nəticədə təhlükəsizlik və davamlılığı artırmalıdır. Küçə işıqlandırması şəhər və kənd mühitinin təhlükəsizliyinin, funksionallığının və estetikasının təmin edilməsində mühüm rol oynayır”.

Küçə işıqları qəza riskini azaldır

Ekspert bildirib ki, yolları, səkiləri və ictimai yerləri işıqlandırmaqla, küçə işıqları görmə qabiliyyətini əhəmiyyətli dərəcədə artırır, sürücülər, velosipedçilər və piyadalar üçün qəza riskini azaldır: “Yaxşı işıqlandırılmış küçələr də cinayətkar fəaliyyətlərin qarşısını alır, sakinlər və qonaqlar üçün təhlükəsizlik hissi yaradır. Küçələrin düzgün işıqlandırılması, həmçinin sürücülərə kəsişmələrdə və yollarda daha effektiv naviqasiya etməyə kömək etməklə nəqliyyat axınını yaxşılaşdıra və tıxacları azalda bilər. Həddindən artıq parıltı sürücülərin diqqətini yayındıra və ya görmə qabiliyyətini poza bilər. Effektiv yol işıqlandırma dizaynları müvafiq şüa bucaqları və qoruyucu üsullardan istifadə etməklə parıltını minimuma endirir”.

Yol işıqlandırmasında texniki tələblər

Aslan Əsədov qeyd edib ki, işıqlandırma tələbləri yolun istifadəsindən asılı olaraq dəyişir: “Magistral yollar, şəhər küçələri, piyada keçidləri və kənd yolları xüsusi görünmə və təhlükəsizlik problemlərini həll etmək üçün müxtəlif işıqlandırma dizaynlarını tələb edir. Yağış, qar və güclü külək kimi hava şəraiti işıqlandırmanın işinə təsir edə bilər. İşıqlar davamlı və korroziyaya, temperaturun dəyişməsinə və nəmə davamlı olmalıdır. Yolun eni və tələb olunan əhatə dairəsi ilə müəyyən edilir. Tipik dirəklər arasındakı məsafə 25 ilə 50 metr arasında dəyişir. Dirəklər yolun növündən asılı olaraq adətən 6–12 metr hündürlükdədir”.

Bəzi yerlərdə işıqlandırma sistemi ümumiyyətlə yoxdur, bəzilərində isə elektrik dirəkləri sadəcə bəzək rolunu oynayır

Ekspert həmçinin sürücülərə çağırış edib: “Günün qaranlıq saatlarında daha diqqətli olmalı, yaşayış məntəqələri olan yerlərdə sürət həddini maksimum aşağı salmalıdırlar. Piyada vurulması ilə nəticələnən qəzaların böyük əksəriyyəti piyadaların yolu onlar üçün təyin olunmayan hissələrdən keçməsi nəticəsində baş verir. Bakıda qaranlığa qərq olan küçə və yollar kifayət qədərdir. Bəzi yerlərdə işıqlandırma sistemi ümumiyyətlə yoxdur, bəzilərində isə elektrik dirəkləri sadəcə bəzək rolunu oynayır, istər piyada, istərsə də sürücülər üçün təhlükə mənbəyinə çevrilir. Hazırda ölkə magistrallarından Bakı-Şamaxı yolunun Müşviqabad qəsəbəsindən keçən hissəsində, Bakı-Ələt yolunun M2 magistralının 65 km-lik hissəsi, Bakı-Quba yolunun M1 magistralının Sumqayıt şəhəri hissəsindən keçən hissəsində işıqlanma tamamlanıb. Amma bölgələr üzrə magistrallara bunu şamil etmək olmaz, əsas hissələr üzrə təxminən 3-4 km-lik hissələrdə işıqlanmalar var. Cavabdeh qurum “Azərişıq” və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidir”.

Magistral və respublika əhəmiyyətli yollarda işıqlandırma necə aparılır?

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, Agentliyin balansında olan işıqlandırma sistemlərinə nəzarət hazırda yalnız magistral və respublika əhəmiyyətli avtomobil yollarını əhatə edir:

“Sözügedən işıqlandırma sistemləri əsasən bu yolların yaşayış məntəqələrindən keçən hissələrində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, sürücülər və piyadalar üçün görünüş məsafəsinin artırılması məqsədilə quraşdırılıb və istismar olunur.

Mövcud mərhələdə digər yol sahələrində işıqlandırma sistemlərinin qurulması Agentliyin illik təsdiq olunmuş maliyyə imkanları çərçivəsində mümkün deyil. Bununla belə, gələcək dövrlərdə məqsədyönlü maliyyə vəsaiti ayrıldığı təqdirdə, nəqliyyat axınının intensivliyi, yol-nəqliyyat hadisələrinin statistikası və əhalinin təhlükəsizlik ehtiyacları nəzərə alınmaqla əlavə yol sahələrində də müasir işıqlandırma sistemlərinin quraşdırılması məsələsinə baxıla bilər.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yol infrastrukturunun mərhələli şəkildə təkmilləşdirilməsi və yol hərəkəti iştirakçıları üçün daha təhlükəsiz şəraitin yaradılması istiqamətində fəaliyyətini davam etdirir”.

Yolların işıqlandırılması ilə bağlı dövlət büdcəsi qanunvericiliyində ayrıca açıq performans göstəricisi və ya məbləği yoxdur

Qanunvericiliyə görə, avtomobil yolları və onların infrastrukturu, o cümlədən işıqlandırma kimi tədbirlər adətən “Dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri)”, müvafiq icra hakimiyyəti orqanlarının xərcləri, yaxud yerli büdcələr çərçivəsində planlaşdırılır, lakin dövlət büdcəsi qanunvericiliyində ayrıca açıq performans göstəricisi və ya məbləği yoxdur.

Müvafiq xərclər adətən Avtomobil Yolları Dövlət Agentliyinin və yerli icra hakimiyyətlərinin fəaliyyət planı çərçivəsində həyata keçirilir və bu xərclər “infirastuktur” və “kommunal xidmətlər” kateqoriyaları altında ümumi investisiya və cari xərclər daxilində nəzərdə tutulur. Bu səbəbdən işıqlandırmanın büdcə məbləği yalnız o xərclər daxilində müəyyənləşdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi işıqlandırmanın büdcə məbləği ilə bağlı məsələyə əlavə şərh verməyib.

Bakıda işıq dirəklərinin istismarı və enerji idarəsi tənzimlənir

Bakı Şəhər İşığı Elektrik Şəbəkə Müəssisəsindən bildirilib ki, müəssisə yalnız onların balansında olan işıq dirəklərinin istismarına cavabdehdir: “Hər hansısa ərazidə qəza baş verdiyi təqdirdə, dərhal növbətçi qəza briqadası əraziyə yollanaraq mövcud problemi aradan qaldırır.

Bundan əlavə, bəzi yollarda avtomobillərin az olduğu, gecə saatlarında elektrik enerjisinə qənaət məqsədilə hissəli işıqlandırma sisteminə keçid təmin olunur”.

Yollarda işıqların yandırılıb-söndürülmə saatları ilə bağlı məsələyə aydınlıq gətirilib

Müəssisədən o da bildirilib ki, bu, avtomatik sistemdir: “Havanın qaralmasından asılı olaraq, axşam saatlarında yandırılır. Səhər isə hava işıqlanan kimi elektron sistem vasitəsilə işıqlar avtomatik söndürülür. Bəzən biz günorta saatlarında müxtəlif ərazilərdə işıqların yandığını görürük. Bu ona görə deyil ki, onlar yaddan çıxıb, bu profilaktik tədbirlərlə bağlı olan prosesdir. Qısamüddətlik işıqlar yandırılır, nöqsanlar aradan qaldırılandan sonra dərhal söndürülür”.

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin şöbə müdiri Cəbrayıl Əliyev deyir ki, kənd yaşayış məntəqələrində küçə işıqlandırması ümumi elektrik enerjisi istehlakının təxminən 2–5 faizini təşkil edir:

“Beynəlxalq təcrübəyə əsasən, kənd yaşayış məntəqələrində küçə işıqlandırması ümumi elektrik enerjisi istehlakının təxminən 2–5 faizini təşkil edir. Son illərdə bir sıra ölkələrdə LED və günəş enerjisi əsaslı işıqlandırma sistemlərinə keçid nəticəsində bu göstərici 1–2 faizə qədər azalıb”.

O qeyd edib ki, Cəbrayıl, Şuşa, Xocalı, Laçın və digər şəhər və rayonlarda yeni salınan küçə və avtomobil yollarının işıqlandırılmasında əsasən LED texnologiyalarından istifadə olunur:

“İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri çərçivəsində LED əsaslı və günəş enerjisi ilə çalışan hibrid işıqlandırma sistemlərinin tətbiqi geniş vüsət alıb. Ağdam, Füzuli, Cəbrayıl, Şuşa, Xocalı, Laçın və digər şəhər və rayonlarda yeni salınan küçə və avtomobil yollarının işıqlandırılmasında əsasən LED texnologiyalarından istifadə olunur. Bir sıra yaşayış məntəqələrində monokristal günəş panelləri ilə təchiz edilib, avtonom rejimdə çalışan işıq dirəkləri quraşdırılıb ki, bu da mərkəzləşdirilmiş elektrik şəbəkəsindən asılılığın minimuma endirilməsinə imkan yaradır.

Hazırda işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 7000-dən artıq LED əsaslı işıqlandırma qurğusu quraşdırılıb. Bunların təqribən 40 faizi, yəni 3 000 ədədi günəş enerjisi ilə işləyən hibrid sistemlərdir. Bərpa və yenidənqurma işlərinin mərhələli şəkildə davam etdirilməsi fonunda bu göstəricilərin növbəti illərdə daha da artacağı gözlənilir”.

Qaranlıq vaxtda yol hərəkətində riskləri artıran amil

Baş Dövlət Yol Polisi İdarəsindən isə bildirilib ki, işıqlandırılmayan ərazilərdə, xüsusilə sutkanın qaranlıq vaxtlarında baş verən yol-nəqliyyat hadisələri daha ağır nəticələrlə müşayiət olunur: “Aparılan təhlillər göstərir ki, bu cür qəzaların əsas səbəbləri məhdud görünüş məsafəsi, piyadaların və müxtəlif maneələrin gec sezilməsi, eləcə də sürətin yol və hava şəraitinə uyğun seçilməməsidir. Qaranlıq vaxtı risk yalnız sürücülər üçün deyil, eyni zamanda, yol kənarı ilə hərəkət edən və ya yolu keçən piyadalar üçün də ciddi şəkildə artır.

Gecə vaxtı sürücülər və piyadalar üçün təhlükəsizlik qaydası

Sürücülərə tövsiyə edirik ki, gecə saatlarında hərəkət edərkən sürəti yolun vəziyyətinə və görünüş imkanlarına uyğun seçsinlər, zərurət yarandıqda normadan aşağı sürətlə hərəkət etməkdən çəkinməsinlər, yaxın və uzaq işıqlardan düzgün istifadə etsinlər və qarşıdan gələn nəqliyyat vasitələrinin sürücülərini “kor” etməsinlər. Eyni zamanda, yol kənarında hərəkət edən piyadalar, heyvanlar və qəfil ortaya çıxan maneələr nəzərə alınmalı, təhlükəsiz məsafə saxlanılmalı, avtomobilin texniki sazlığı, xüsusilə faraların işlək vəziyyəti əvvəlcədən yoxlanılmalıdır. Yol Polisi həmçinin yorğun və diqqəti dağınıq vəziyyətdə sükan arxasına əyləşməməyi vacib hesab edir.

Piyadalar və digər yol hərəkəti iştirakçılarına isə tövsiyə olunur ki, imkan daxilində işıqlandırılmış yollardan və piyada keçidlərindən istifadə etsinlər, qaranlıq vaxtı açıq rəngli və ya əks-olunan elementləri olan geyimlərə üstünlük versinlər, yolu keçməzdən əvvəl nəqliyyat vasitələrinin məsafəsini və sürətini düzgün qiymətləndirsinlər, yolun hərəkət hissəsində lüzumsuz dayanmaqdan və qəfil hərəkətlərdən çəkinərək öz təhlükəsizliklərini təmin etsinlər”.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladıb ki, qaranlıqda görünməmək təhlükəsiz olmaq demək deyil və bir anlıq diqqətsizlik belə geri dönüşü olmayan ağır nəticələrə səbəb ola bilər: “İdarə sutkanın qaranlıq vaxtı, xüsusilə işıqlandırılmayan ərazilərdə hərəkətin bütün iştirakçılarını daha məsuliyyətli və diqqətli olmağa çağırır”.

Problem maliyyədə deyil, idarəetmədədir

Məsələ ilə bağlı iqtisadçı Rəşad Həsənov bildirib ki, mövcud şəraitdə yolların işıqlandırılması ilə bağlı problemlərin əsas səbəbi maliyyə çatışmazlığı deyil:

“Bu sahədəki əsas maneələr daha çox müvafiq istiqamətdə idarəetməni həyata keçirən qurumların səriştəsizliyi, ayrılmış vəsaitlərin düzgün idarə olunmaması, bəzi hallarda korrupsiya predmetinə çevrilməsi və təyinatı üzrə xərclənməməsi ilə bağlıdır. Eyni zamanda, məsul qurumların laqeydliyi də bu problemlərin dərinləşməsində az rol oynamır.

Dövlət büdcəsindən hər il sosial infrastrukturun, o cümlədən yolların işıqlandırılmasının təmin edilməsi, infrastrukturun saxlanılması və kommunal öhdəliklərin yerinə yetirilməsi məqsədilə vəsaitlər ayrılır. Bu baxımdan, mövcud problemlərin davam etməsi ayrılan maliyyə resurslarının səmərəsiz istifadəsini açıq şəkildə ortaya qoyur.

Davamlı işıqlandırma ictimai rifahın tərkib hissəsidir

Günümüzdə yolların işıqlandırılması sahəsində daha səmərəli və dayanıqlı həllərin tətbiqi mümkündür. Xüsusilə alternativ enerji mənbələrindən istifadə və bu istiqamətdə müvafiq infrastrukturun qurulması kommunal xərclərin əhəmiyyətli dərəcədə optimallaşdırılmasına imkan verə bilər.

Eyni zamanda, işıqlandırma sistemlərinin sensorlar, eləcə də müxtəlif rəqəmsal və ağıllı idarəetmə mexanizmləri vasitəsilə tənzimlənməsi səmərəliliyi ciddi şəkildə artıra bilər. Hazırda bir çox hallarda gündüz saatlarında işıqların yandığı, gecə isə işıqlandırmanın yetərli və əhatəli olmadığı müşahidə olunur. Halbuki bu kimi nöqsanlar müasir rəqəmsal həllər vasitəsilə asanlıqla aradan qaldırıla bilər. Bu yanaşma həm də enerji sərfiyyatını, tələb olunan güc və iş saatlarını azaltmağa imkan verər.

Nəticə etibarilə, işıqlandırmanın davamlılığının təmin olunması ictimaiyyətin həyat keyfiyyətinin yüksəldilməsinə, yol-nəqliyyat hadisələrinin sayının azaldılmasına və insanların axşam saatlarında daha təhlükəsiz hərəkət etməsinə şərait yaradar. Bütün bu hədəflərə isə mövcud şərtlər daxilində böyük maliyyə xərcləri olmadan, kiçik, məqsədli və ardıcıl siyasət vasitəsilə nail olmaq mümkündür”.

Yolların işıqlandırma problemi texniki detal yox, insan həyatının təhlükəsizliyinə qarşı təhdiddir

Beləliklə, yol-nəqliyyat hadisələrinin artım dinamikası, mütəxəssis rəyləri və vətəndaşların gündəlik müşahidələri birmənalı şəkildə göstərir ki, avtomobil yollarında işıqlandırma artıq texniki detal deyil, birbaşa insan həyatına təsir edən strateji təhlükəsizlik amilidir. Qaranlıqda itən görünüş məsafəsi sürücünün qərarvermə müddətini saniyələrlə azaldır, piyadanın isə təhlükəsizliyini minimuma endirir. Bir yol nişanının, piyada keçidinin və ya yol kənarında dayanan maneənin vaxtında seçilməməsi geri dönüşü olmayan ağır nəticələrə səbəb ola bilər.

Mövcud maliyyə məhdudiyyətləri və enerji qənaəti ilə bağlı yanaşmalar obyektiv reallıqdır, lakin bu amillər yol hərəkəti təhlükəsizliyinin əsas komponentlərini kölgədə qoymamalıdır. Xüsusilə yaşayış məntəqələrindən keçən magistrallar, kəndlərarası yollar və piyadaların intensiv istifadə etdiyi ərazilər prioritet qaydada işıqlandırılmalı, beynəlxalq standartlara cavab verən vahid və funksional sistemlər tətbiq olunmalıdır. LED və günəş enerjisi əsaslı müasir texnologiyalar həm enerji istehlakını azalda, həm də uzunmüddətli perspektivdə istismar xərclərini minimuma endirə bilər ki, bu da “təhlükəsizlik – səmərəlilik – dayanıqlılıq” balansını təmin edən optimal modeldir.

Eyni zamanda, yol infrastrukturunun inkişafı yalnız fiziki qurğuların quraşdırılması ilə məhdudlaşmamalı, davamlı texniki nəzarət, vaxtında texniki xidmət və ictimai nəzarət mexanizmləri ilə müşayiət olunmalıdır. Sönük və ya işləməyən işıq dirəkləri faktiki olaraq işıqlandırılmayan yol deməkdir və bu cür hallar real təhlükə mənbəyinə çevrilir. Burada cavabdeh qurumların koordinasiyalı fəaliyyəti ilə yanaşı, problemli ərazilərin açıqlanması və mərhələli həll planlarının ictimaiyyətə təqdim edilməsi də vacibdir.

Nəticə etibarilə, qaranlıq yollarda baş verən hər bir faciə yalnız yol qəzası deyil, həm də qarşısı alına biləcək risklərin vaxtında aradan qaldırılmamasının acı nəticəsidir. İnsan həyatının təhlükəsizliyi nə enerji qənaətinə, nə də büdcə xərclərinə qurban verilə bilər. Təhlükəsiz yol anlayışı təkcə asfaltın keyfiyyəti ilə deyil, gecə-gündüz təmin olunan görünürlük və etibarlılıqla ölçülür. Çünki yol təhlükəsizliyi işıqla başlayır və insan həyatı ilə ölçülür.

yollaeda roblemlər Araşdırma

Xəbər lenti