Son yüz ildə bəşəriyyətin əldə etdiyi texnoloji tərəqqinin təməlində sənaye inqilabları dayanıb. Bu gün isə gəldiyimiz mərhələdə təkcə texnologiyaların deyil, sənayenin özünün də bu günü və gələcəyi "intellekt" inqilabı ilə sıx şəkildə bağlıdır. Məhz süni intellekt inqilabı insanlıq tarixində ən dərin və ən sistemli texnoloji sıçrayışlardan birinə çevrilmək üzrədir.
Süni intellekt artıq böyük məlumatlar, robototexnika və Əşyaların İnterneti (IoT) kimi texnologiyaların əsas hərəkətverici qüvvəsi rolunu oynayır. Generativ süni intellekt isə avtomatlaşdırmanı keyfiyyətcə yeni mərhələyə yüksəldib. Söhbət təkrarlanan tapşırıqların və iş proseslərinin optimallaşdırılması və sadələşdirilməsi üçün texnologiya və proqram təminatından geniş istifadə edilməsindən gedir. Əl ilə icra olunan, əmək tutumlu proseslər minimal insan müdaxiləsi ilə tapşırıqları yerinə yetirə bilən avtomatlaşdırılmış sistemlərlə əvəzlənir. Bu yanaşma səhvləri və gecikmələri azaldır, əl əməyindən asılılığı minimuma endirir, eyni zamanda səmərəliliyi, dəqiqliyi, məhsuldarlığı və iqtisadi məqsədəuyğunluğu artırır.
Süni intellekt təkcə prosesləri avtomatlaşdırmır, həm də yeni məhsul və xidmətlərin yaradılmasına, mövcud həllərin təkmilləşdirilməsinə, innovativ biznes modellərinin formalaşmasına imkan verir. Optimallaşdırma alətləri vasitəsilə xərclər və resurs istehlakı azalır, bununla da ətraf mühitə düşən yük yüngülləşir. Başqa sözlə, süni intellekt iqtisadi səmərəliliklə ekoloji məsuliyyəti eyni xətt üzərində birləşdirir.
Süni intellekt qərar qəbuletməni sürətləndirir
Süni intellektin böyük həcmdə məlumatları təhlil etmək və nəticələri anlaşılan, vizual formatlara çevirmək qabiliyyəti qərar qəbuletmə prosesini əhəmiyyətli dərəcədə sürətləndirir. Bu texnologiya insan müdaxiləsi olmadan kompüterlərə, robotlara və dronlara ətraf mühiti şərh etmək, məlumatları emal etmək, onlardan öyrənmək və əldə edilən biliklər əsasında müstəqil qərarlar qəbul edərək müvafiq hərəkətlər etmək imkanı yaradır. Məhz məlumatdan öyrənmək və ona əsaslanaraq hərəkət etmək qabiliyyəti intellekt inqilabının həlledici xüsusiyyətidir.
Lakin süni intellektin öyrənməsi və ağıllı qərarlar verməsi üçün böyük həcmdə məlumat tələb olunur. Təsadüfi deyil ki, bu gün məlumat "yeni qızıl", dövrün əsas strateji aktivi kimi dəyərləndirilir. Paradoks ondadır ki, süni intellektin özü də son illərdə misilsiz həcmdə məlumat axını yaradıb. Qiymətləndirmələrə görə, dünyada mövcud olan məlumatların təxminən 90 %-i cəmi son iki il ərzində formalaşıb.
Bu qədər məlumatın saxlanması və emalı isə güclü və çevik infrastruktur tələb edir. Müasir dünyada bu missiyanı məlumat mərkəzləri yerinə yetirir. Hazırda qlobal miqyasda 11 800-dən çox məlumat mərkəzi fəaliyyət göstərir və onların sayı artmaqda davam edir. Süni intellekt artıq yalnız bu mərkəzlərin hesablama gücünü istehlak edən texnologiya deyil, o, eyni zamanda bu sektorun inkişaf trayektoriyasını müəyyən edən strateji amilə çevrilib.
AGI (ümumi süni intellekt), avtonom AI sistemləri və kvant gücləndirilmiş maşın öyrənməsi modelləri kimi yeni texnoloji nəsillərin meydana çıxması məlumat mərkəzlərinin səmərəlilik, çeviklik və dayanıqlıq göstəricilərində ciddi keyfiyyət dəyişikliklərinə yol açacaq.
Texnoloji rəqabətin arxitekturası dərin transformasiya keçir
Qlobal İKT bazarının mövcud konyunkturası göstərir ki, süni intellektin və paralel şəkildə məlumat emalı infrastrukturunun inkişafı texnoloji üstünlük olmaqla yanaşı, ölkələr üçün uzunmüddətli rəqabət qabiliyyətinin əsas sütunlarından birinə çevrilib. Bu sahədə vaxtında atılan addımlar həm bu gün, həm də gələcək onilliklərdə dövlətlərin iqtisadi çəkisini və geosiyasi mövqeyini müəyyən edəcək.
Prezident İlham Əliyevin ötən gün yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın hədəflərindən birinin regional süni zəka qovşağına və İT mərkəzinə çevrilmək olduğunu vurğulaması bu yanaşmanın siyasi səviyyədə də aydın şəkildə formalaşdığını göstərir. Dövlət başçısı tərəfdaşlarla birgə məlumat mərkəzlərinin yaradılması üzərində iş aparıldığını, kibertəhlükəsizlik mərkəzinin qurulması, mütəxəssislərin hazırlanmasını diqqətə çatdırıb:
"Kibertəhlükəsizlik mərkəzinin yaradılması, mütəxəssislərimizin təlimi ilə bağlı planlarımız və artıq icra olunmuş layihələrimiz var - biz bir çox mütəxəssislərimizi xaricə təlimlərə göndəririk və eyni zamanda, Azərbaycanda təlimlər təşkil edirik - hədəfimiz, bağlılıqla yanaşı, süni zəka və informasiya texnologiyaları üçün bir "hab"a çevrilməkdir. Potensial mövcuddur. Güclü siyasi iradə mövcuddur", - deyə Prezident qeyd edib və Amerika şirkətlərinin bu prosesdə əsas tərəfdaşlar kimi görüldüyünü xüsusi vurğulayıb.
Son bir ildə Azərbaycanda süni intellektin inkişafı istiqamətində atılan addımlar bu hədəflərin artıq konkret institusional çərçivə qazandığını göstərir. İlk növbədə, "Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyası"nın təsdiqlənməsi mühüm mərhələ kimi qiymətləndirilməlidir. Strategiyanın əsas prioritetlərindən biri ölkədə süni intellekt üzrə kadr potensialının formalaşdırılması və rəqəmsal transformasiyanın sürətləndirilməsidir. Bu məqsədlə yaradılan Süni İntellekt Akademiyasının (AI Academy) tədris proqramları beynəlxalq standartlara uyğun şəkildə, dünyanın aparıcı universitetlərinin təcrübəsi əsasında hazırlanıb. Akademiyada MIT, Kaliforniya Universiteti, Karnegi Mellon, Harvard və Stanford kimi nüfuzlu ali məktəblərin professor və alimlərinin qonaq mühazirəçi qismində iştirakı nəzərdə tutulur ki, bu da yerli kadr hazırlığını qlobal bilik ekosisteminə birbaşa bağlayır.
Süni intellektin tətbiqi ilə bağlı artan hesablama tələbatını qarşılamaq üçün ölkədə Superkompüter Mərkəzinin yaradılması isə bu strategiyanın texnoloji dayaqlarını gücləndirir. İnnovasiya subyektləri, biznes strukturları və dövlət layihələri üçün nəzərdə tutulmuş mərkəzdə "NVIDIA H200 GPU" çipləri əsasında qurulmuş yüksək performanslı hesablama sistemləri yerləşdirilib. GPU əsaslı bu infrastruktur böyük həcmli məlumatların emalını və mürəkkəb süni intellekt modellərinin yüksək sürətlə işləməsini təmin edir. Nəticədə yerli AI layihələri xarici resurslardan asılı olmadan ölkə daxilində inkişaf etdirilə bilir. Hazırda mərkəzin imkanlarının genişləndirilməsi üçün yeni nəsil GPU çiplərinin alınması istiqamətində işlər davam etdirilir.
Süni intellekt texnoloji tərəqqinin lokomotivinə çevrilir
Azərbaycan hökumətinin bu sahədə apardığı siyasət beynəlxalq tədqiqat institutlarının da diqqətindən kənarda qalmayıb. Nüfuzlu "Oxford Insights" mərkəzinin tərtib etdiyi "Hökumətin Süni İntellektə Hazırlıq İndeksi 2025" hesabatına əsasən, Azərbaycan 2025-ci ildə süni intellektə hazırlıq üzrə dünyada ən sürətli irəliləyiş göstərən ölkə kimi qiymətləndirilib. İndeksdə Azərbaycan 111-ci pillədən 70-ci pilləyə yüksəlib, ümumi balı isə bir il ərzində 39,92-dən 48,96-ya çatıb. Ölkə Cənubi Qafqazda lider mövqeyə yüksəlib, Mərkəzi Asiya regionunda isə üçüncü yerdə qərarlaşıb.
Ayrı-ayrı indikatorlar üzrə toplanmış ballar da bu irəliləyişin struktur xarakter daşıdığını göstərir: "Dövlət siyasəti potensialı" - 53,5, "AI infrastrukturu" - 46,21, "İdarəetmə" - 50, "Dövlət sektorunda AI-nin tətbiqi" - 66,97, "İnkişaf və diffuziya" - 34,73, "Dayanıqlıq" - 58,27.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Rəqəmsal Ticarət Qovşağının rəhbəri vəzifəsini icra edən Aygün Əhmədovanın "Report"a verdiyi açıqlama bu mənzərəni daha geniş kontekstdə şərh edir. Onun sözlərinə görə, Prezidentin vurğuladığı məlumat mərkəzlərinin yaradılması və enerji üstünlüyü qlobal təcrübə baxımından strateji əhəmiyyət daşıyır: böyük miqyaslı data mərkəzləri və yüksək hesablama gücü tələb edən süni intellekt modelləri enerji təminatı məhdud olan ölkələr üçün ciddi baryer yaradır. Azərbaycan isə regionda əlavə 2 giqavatlıq elektrik enerjisi ehtiyatına malik yeganə ölkə kimi bu məhdudiyyəti strateji üstünlüyə çevirə bilən nadir dövlətlər sırasındadır. Bu üstünlüyün "yaşıl enerji" gündəliyi ilə uzlaşması isə onun təsir radiusunu daha da genişləndirir.
A. Əhmədova qeyd edib ki, bu yanaşma "2025-2028-ci illər üçün Süni İntellekt Strategiyası" və "2026-2029-cu illər üçün Rəqəmsal İqtisadiyyat Strategiyası" ilə tam məntiqi uyğunluq təşkil edir:
"Süni İntellekt Strategiyası hesablama və məlumat infrastrukturu ilə yanaşı, AI Akademiyası, menecerlər üçün təlimlər, mühəndis və mütəxəssis hazırlığı, elmi tədqiqatların maliyyələşdirilməsi və elmi-sənaye əməkdaşlığının qurulması vasitəsilə kadr və istedad bazasının gücləndirilməsini prioritetləşdirir".
Onun sözlərinə görə, Rəqəmsal İqtisadiyyat Strategiyası isə bu potensialın sənaye, logistika, maliyyə, KOB-lar və dövlət idarəçiliyində real iqtisadi dəyərə çevrilməsini hədəfləyir: "Məlumat mərkəzlərinin yaradılması, regional süni zəka və informasiya texnologiyaları qovşağının formalaşdırılması məhz bu strategiyalarda qarşıya qoyulan hədəflərin ardıcıl, koordinasiyalı və keyfiyyətli icrasından asılıdır. Bu hədəflərin real nəticələrə çevrilməsi isə Azərbaycanın regional süni zəka və İT mərkəzinə çevrilməsi məqsədinin reallaşmasında həlledici rol oynayacaq".





