IMG-LOGO

İlham Əliyevin fikirləri Azərbaycanın qlobal transformasiyaya hazır olduğunu nümayiş etdirir - RƏY

07 Jan 2026 20:14 11 baxış
IMG

Prezident İlham Əliyevin yerli telekanallara verdiyi müsahibədə səsləndirilən fikirlər Azərbaycanın qlobal transformasiyaya hazır, strateji baxışa malik dövlət olduğunu bir daha nümayiş etdirir.

Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.

O qeyd edib ki, Azərbaycanın enerji siyasəti uzun illər ərzində regional və qlobal sabitliyin təminatçısı kimi formalaşıb:

"Bu siyasət bu gün yeni məzmun kəsb edərək "yaşıl transformasiya" mərhələsinə daxil olur. Enerji diplomatiyasından "yaşıl gündəliyə" keçid ölkənin milli maraqlarına əsaslanan, praqmatik və uzaqgörən yanaşmasının məntiqi davamıdır.

Prezident İlham Əliyevin müsahibəsində xüsusi vurğuladığı məqamlardan biri Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaş kimi formalaşmış beynəlxalq imicidir. Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum, Cənub Qaz Dəhlizi kimi nəhəng layihələr təkcə enerji ixracı marşrutları deyil, eyni zamanda, siyasi sabitlik və qarşılıqlı etimad platformalarıdır. Bu layihələr sayəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Prezidentin qeyd etdiyi kimi, Azərbaycan heç vaxt enerji resurslarını siyasi təzyiq alətinə çevirməyib, bütün tərəfdaşlar qarşısında götürdüyü öhdəliklərə sadiq qalıb".

Ş.Seyidzadənin fikrincə, məhz bu yanaşma ölkəni etibarlı enerji təchizatçısı statusuna yüksəldib. Enerji diplomatiyası Azərbaycanın xarici siyasətinin əsas dayaqlarından biri olaraq ölkəyə uzunmüddətli strateji üstünlüklər qazandırıb. Bu üstünlüklər bu gün "yaşıl keçid" prosesində yeni imkanlar yaradır.

Deputat vurğulayıb ki, ölkə başçısının müsahibəsində Azərbaycanın "yaşıl gündəliyinə" xüsusi yer ayrılması təsadüfi deyil:

"Dövlət başçısı açıq şəkildə bildirir ki, bərpa olunan enerji mənbələrinin inkişafı ölkənin uzunmüddətli strategiyasının əsas istiqamətlərindən biridir. Xüsusilə, Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji zonası" elan edilməsi bu siyasətin konkret təzahürüdür. Azad edilmiş ərazilərdə Günəş, külək və su enerji potensialının yüksək olması bu regionu "yaşıl energetika" üçün ideal məkana çevirir. Prezidentin qeyd etdiyi kimi, burada tətbiq olunan "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları enerji səmərəliliyini və ekoloji tarazlığı təmin edir".

Milli Məclisin üzvü onu da əlavə edib ki, Prezidentin müsahibəsi Azərbaycanın yeni qlobal gündəliyini aydın şəkildə ortaya qoyur.

"Bu, etibarlı enerji tərəfdaşı olmaqla yanaşı, "yaşıl transformasiya"nın fəal iştirakçısına çevrilməkdir. Strategiya ölkənin milli maraqlarını qoruyur, beynəlxalq nüfuzunu gücləndirir və qlobal çağırışlara cavab verən məsuliyyətli dövlət modelini formalaşdırır. Enerji diplomatiyasından "yaşıl transformasiya"ya uzanan bu yol Azərbaycanın XXI əsrdə qlobal sistemdə tutduğu mövqenin mahiyyətini əks etdirir. Bu yol davamlı inkişafın, beynəlxalq əməkdaşlığın və gələcək nəsillərə məsuliyyətin strateji ifadəsidir", - deputat vurğulayıb.

Xəbər lenti