IMG-LOGO

ADY: Bu il Şərq istiqaməti Orta Dəhlizin inkişafında növbəti mərhələ olacaq

07 Jan 2026 19:31 9 baxış
IMG

Bu il ərzində Şərq istiqamətində daşıma Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, TBNM) inkişafında növbəti mərhələ olacaq.

"Report" xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC sədrinin müşaviri Emil Məmmədov sosial şəbəkələrdəki hesabında yazıb.

E.Məmmədov qeyd edib ki, son bir neçə il ərzində ADY Orta Dəhlizi konsepsiya mərhələsindən real əməliyyat səviyyəsinə keçirməyə nail olub.

"Qərb istiqamətində daşımalar ildən-ilə artır və bu artım artıq konkret addımlara əsaslanır: "Middle Corridor Multimodal" birgə müəssisəsi (MCM) vasitəsilə koordinasiya, Bakı–Tbilisi–Qars dəmir yolu üzrə buraxılış qabiliyyətinin genişlənməsi, vaqon və konteyner parkının artırılması, Xəzər dənizi üçün yeni konteyner gəmilərinin inşasına başlanması, eləcə də liman və infrastrukturun davamlı şəkildə təkmilləşdirilməsi", - müşavir yazıb.

Onun sözlərinə görə, 2026-cı ilə baxışda əsas çağırış artıq Qərb istiqamətinin miqyası deyil, sabit və proqnozlaşdırıla bilən Şərq istiqamətli daşımaların formalaşdırılmasıdır.

"Məhz bu mərhələdə Avropa tərəfdaşlarının rolu həlledici olur. Beynəlxalq sərgilər, beynəlxalq səfərlər və HHLA, "Rhenus Logistics", "DB Cargo", MSC və "Rail Cargo Group" kimi aparıcı şirkətlərlə aparılan mütəmadi işgüzar dialoq Orta Dəhlizə olan real və artan marağı açıq şəkildə göstərir. 2026-cı il bu marağı Şərq istiqamətli real həcmlərə çevirməyin ilidir. Əsasən bir istiqamətli dəhlizi iki istiqamətli tələbat modelinə gətirmək zamanıdır", - E.Məmmədov əlavə edib.

Qeyd edək ki, 2025-ci ildə Transxəzər marşrutu üzrə yükdaşımaların 5,2 milyon tona çatacağı gözlənilir. Bunun 4,2 milyon tonu marşrutun iştirakçısı olan ölkələrin ərazisindən keçəcək. Ümumi həcmin 2,5 milyon tonu quru yüklərin (96 min TEU), 1,7 milyon tonu isə neftin payına düşəcək.

2027-ci ilə qədər Orta Dəhlizin ötürücülük qabiliyyətinin illik 10 milyon tona çatacağı ehtimal olunur. Bu isə Azərbaycanın tranzit potensialını daha da gücləndirəcək və infrastruktura yeni investisiyaların cəlb edilməsinə şərait yaradacaq.

2030-cu il üçün TBNM ilə yükdaşımalar 11,4 milyon ton səviyyəsində proqnozlaşdırılır.

Xəbər lenti