ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, onun rəhbərliyi altında görülən tədbirlər sayəsində NATO ölkələri müdafiə xərclərini artırıb və maliyyə öhdəliklərini yerinə yetirməyə başlayıblar.
"Report"un məlumatına görə, Tramp bunu "Truth Social" sosial şəbəkəsində yazıb.
"NATO-nun böyük pərəstişkarlarına xatırladım: onlar müdafiəyə ÜDM-in cəmi 2 %-ni xərcləyirdilər və əksəriyyəti hesablarını ödəmirdilər – mən gələnədək. ABŞ ağılsızlıqla onların yerinə ödəniş edirdi! Mən, bütün hörmətimlə, bu göstəricini ÜDM-in 5 %-nə çatdırdım – və onlar ödəyirlər, həm də dərhal. Hamı deyirdi ki, bu mümkün deyil, amma mümkün oldu, çünki, hər şeydən əlavə, onların hamısı mənim dostlarımdır", - o qeyd edib.
Tramp vurğulayıb ki, ABŞ-nin müdaxiləsi olmasaydı, Rusiya artıq bütün Ukraynanı nəzarətə götürmüş olardı. O, şəxsi olaraq səkkiz hərbi münaqişəni başa çatdırdığını və milyonlarla insanın həyatını xilas etdiyini xatırladıb. Trampın sözlərinə görə, Rusiya və Çin "ABŞ olmadan NATO-dan qorxmur".
"Biz həmişə NATO-nun yanında olacağıq, hətta onlar bizim yanımızda olmasalar belə. Çin və Rusiyanın qorxduğu və hörmət etdiyi yeganə ölkə ABŞ-dir", - ABŞ lideri əlavə edib.