Ukrayna və ABŞ Parisdə növbəti məsləhətləşmə raundunu keçirərək müharibənin başa çatdırılması üzrə əsas çərçivənin mühüm elementlərini və liderlər səviyyəsində gələcək təmasların mümkün formatlarını müzakirə ediblər.
"Report" xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov öz "Telegram" kanalında bildirib.
O qeyd edib ki, ABŞ tərəfindən danışıqlarda xüsusi nümayəndə Stiven Uitkoff, ABŞ-nin Fransadakı səfiri Çarlz Kuşner, Donald Trampın kürəkəni Cared Kuşner və Ağ Evin əməkdaşı Coş Qruenbaum iştirak ediblər. Ukrayna tərəfindən isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Andrey Qnatov, Prezident Ofisinin rəhbəri Kirill Budanov, onun birinci müavini Sergey Kislitsa, "Xalqın xidmətçisi" fraksiyasının rəhbəri David Axramiya və Prezident Ofisinin müşaviri Aleksandr Bevz iştirak ediblər.
"Görüş zamanı müharibənin başa çatdırılması üzrə əsas çərçivənin mühüm elementləri ətraflı müzakirə olundu. Xüsusi diqqət Ukraynanın, Avropa tərəfdaşlarının və ABŞ-nin iştirakı ilə liderlər səviyyəsində gələcək təmasların mümkün formatlarına yönəldildi. Günün yekununda Ukrayna Prezidenti üçün ətraflı hesabat hazırlanır", - Umerov yazıb.