Avropa İttifaqı Kiprdə, Latın Amerikasında, Qrenlandiyada, Ukraynada, Qəzzada beynəlxalq hüququn pozulmasını qəbul edə bilməz.
"Report"un Avropa bürosunun məlumatına görə, bunu Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Antoniu Koşta Kiprin Aİ-yə sədrliyinin başlanması münasibətilə Nikosiyada keçirilən mərasimdə bildirib.
"Qrenlandiya onun xalqına məxsusdur. Danimarka və Qrenlandiyaya dair heç bir qərar onlarsız qəbul edilə bilməz. Onlar Avropa İttifaqının tam dəstəyi və həmrəyliyinə malikdirlər", - o vurğulayıb.
Aİ Şurası prezidentinin sözlərinə görə, Avropa beynəlxalq hüququn və çoxtərəfliliyin möhkəm və sarsılmaz müdafiəçisi olaraq qalacaq.
"Biz, avropalılar, öz tariximizdən bilirik ki, birtərəfli addımlar münaqişələrə, zorakılığa və qeyri-sabitliyə gətirib çıxarır. Rusiyanın Ukraynaya basqını bunu bir daha çox aydın şəkildə göstərdi. Aqressiv müharibə beynəlxalq hüququn və BMT Nizamnaməsində təsbit olunmuş prinsiplərin kobud şəkildə pozulmasıdır. Avropa İttifaqının Ukraynaya dəyişməz dəstəyi həmin prinsiplərin müdafiəsidir", - Koşta əlavə edib.
Onun fikrincə, Kiprin sədrliyi, həmçinin Ukraynanın bərpasına dəstəyin davam etdirilməsi və Avropaya inteqrasiyası yolunda qətiyyətli irəliləyiş üçün mühüm məqam olacaq.
"Bu, Avropa İttifaqının Avropada uzunmüddətli sülhü, sabitliyi və rifahı təmin etmək üçün edə biləcəyi ən yaxşı sərmayə olacaq. Bu, həm Ukrayna, həm Moldova, həm də Avropaya inteqrasiyası yolunda inamla irəliləyən Balkan ölkələrinə aiddir", – Koşta fikirlərini yekunlaşdırıb.