IMG-LOGO

Cənub Qaz Dəhlizindən Balkanlara: Azərbaycanın enerji diplomatiyasının yeni istiqamətləri - ŞƏRH

05 Mar 2026 14:33 4 baxış
IMG

Müstəqilliyini əldə etdikdən sonra Azərbaycan zəngin karbohidrogen ehtiyatları hesabına dünyanın bir sıra ölkələri və Avropanın enerji bazarına müxtəlif layihələrlə çıxış əldə edib. Son illərdə isə ölkənin apardığı uğurlu enerji siyasəti rəsmi Bakının Avropada mühüm və etibarlı tərəfdaş səviyyəsinə qaldırıb. Azərbaycan həm də regionun enerji təhlükəsizliyinin təmin olunmasında lider rolu oynayır. Xüsusilə Cənub Qaz Dəhlizi kimi strateji layihələr Azərbaycana Avropa bazarına birbaşa çıxış imkanı verir. Bu layihə eyni zamanda region ölkələri arasında enerji əməkdaşlığını da inkişaf etdirir, dərinləşdirir.

Bununla belə, dünya enerji sektorunda söz sahibi olma yolunda əzmlə irəliləyən ölkə yeni layihələrin reallaşdırılmasına, beynəlxalq enerji əməkdaşlığının genişləndirilməsinə xüsusi diqqət ayırır. Məsələn, Azərbaycan Prezidenti İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası ilə bağlı tədbirdə çıxış edib. Ölkə başçısı çıxışında çox mühüm məqamlar toxunaraq, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələri və enerji sektorunda həyata keçirilən yeni təşəbbüsləri diqqətə çatdırıb.

Prezident qeyd edib ki, Azərbaycan üçün mühüm hadisələrdən biri İtaliyada iki böyük neft emalı zavodunun alınması ilə bağlı razılaşmadır. Bu zavodların ümumi emal gücü ildə təxminən 10 milyon ton təşkil edir. Dövlət başçısının sözlərinə görə, əgər bu gücə Türkiyənin Egey dənizi sahilində yerləşən neft emalı müəssisəsi də əlavə olunarsa, Azərbaycanın regiondakı ümumi emal gücü 22 milyon tona çatacaq. Azərbaycanın bu regionda neft emalı gücünü 22 milyon tona çatdırması əslində ölkənin enerji strategiyasında yeni mərhələnin təzahürüdür.

Artıq Azərbaycan təkcə xammal ixracatçısı kimi yox, həm də enerji məhsulları istehsal edib bazara çıxarmaq niyyətini ortaya qoyur. Bu isə ölkənin regional sənaye aktoru kimi mövqeyini daha da gücləndirir. Emal gücünün artması ölkənin enerji sektorunda əlavə dəyərin daha böyük hissəsini əldə etməsinə imkan yaradır. İşin digər tərəfi isə Avropa enerji bazarının əsas logistika mərkəzlərindən birinin Aralıq dənizi regionu olması ilə bağlıdır. Azərbaycan da belə mərkəzdə mövcudluğunu gücləndirməklə Avropa bazarında uzunmüddətli enerji tərəfdaşı kimi rolunu daha da möhkəmləndirir. Bundan əlavə, İtaliyada iki neft emalı zavodunun alınması da Avropanın enerji infrastrukturuna birbaşa inteqrasiyanı təmin edir. Bu isə göstərir ki, Azərbaycan təkcə enerji və enerji məhsullarını bazara çıxarmır, eyni zamanda strateji addımlar ataraq, dünya enerji sektorunda mövqeyini möhkəmləndirir. Zavodlar vasitəsilə Azərbaycan həm də enerji tədarük zəncirinin mühüm hissəsinə nəzarəti təmin edir. Bu addımlar Azərbaycanı iqtisadi cəhətdən daha da gücləndirir, Avropa ölkələri ilə uzunmüddətli iqtisadi əlaqələr qurmağa imkan verir.

Həm də nəzərə almaq lazımdır ki, Türkiyədəki zavodla birlikdə ümumi emal gücünün 22 milyon tona çatması Azərbaycanın Aralıq dənizi enerji sistemində regional emal və logistika şəbəkəsi formalaşdırdığını göstərir. Geniş və strateji planlama sayəsində əldə edilən bu uğur həm də müxtəlif bazarlara çıxış imkanı yaradır, enerji məhsullarının tədarükündə fasiləsizliyi təmin edir. Qeyd etdiyimiz kimi, strateji planlama Azərbaycanın emal müəssisələri üçün geosiyasi riskləri də azaldır. Çünki müxtəlif ölkələrdə yerləşən bu müəssisələr istehsal və satış infrastrukturunun bir regiondan asılı qalma riskini ortadan qaldırır. Bu baxımdan Azərbaycan enerji sektorunda regional inteqrasiya modelini tətbiq edən ölkələrdən birinə çevrilir.

Nəzərə almaq lazımdır ki, Azərbaycanın aldığı zavodların İtaliyada minlərlə yanacaqdoldurma məntəqəsi var. Bu da ölkəyə pərakəndə satış şəbəkəsi əldə etməyə, daha çox gəlir qazanmağa şərait yaradır. Həm də bu satış məntəqələri enerji sektorunda istehsaldan son istehlakçıya qədər bütün dəyər zəncirinə nəzarət imkanı verir. Nəticədə, SOCAR Avropa yanacaq bazarında birbaşa istehlakçı ilə əlaqə quraraq sabit gəlir axını yarada və bazar payını genişləndirə bilər.

Bundan əlavə, dövlət başçısı çıxışında qeyd edib ki, Azərbaycan Türkiyədə böyük gücə malik elektrik stansiyası da alıb. Bu isə ölkənin enerji sektorunda fəaliyyət sahəsini genişləndirdiyini göstərir. Bu isə sübut edir ki, Türkiyə ilə enerji sektorunda əməkdaşlıq iki ölkə arasında strateji iqtisadi əlaqələr daha da güclənib. Bundan əlavə, ölkənin yalnız neft və qaz sektorunda deyil, həm də elektrik enerjisi istehsalında regional oyunçuya çevrilmək niyyətini əks etdirir. Eyni zamanda qeyd etmək lazımdır ki, bu addımlar ölkəyə enerji portfelini şaxələndirməyə və gəlir mənbələrini artırmağa imkan yaradır.

Bununla yanaşı, Serbiyada elektrik stansiyasının tikintisi ilə bağlı müqavilənin imzalanması Azərbaycanın Balkan regionunda enerji investoru kimi fəaliyyət göstərmək niyyətidir. Avropanın enerji sistemində strateji əhəmiyyətə malik Balkan bölgəsinin seçilməsi də təsadüfi deyil. Çünki Azərbaycan həm Avropanın müxtəlif bölgələrində enerji infrastrukturunun inkişafına töhfə verməklə mövqeyini gücləndirir, həm də regional təsir imkanlarını genişləndirir. Bundan əlavə, bu cür layihələr siyasi və iqtisadi əməkdaşlığın dərinləşməsinə də şərait yaradır.

Qeyd edək ki, Azərbaycanın son dövrlər həyata keçirdiyi enerji layihələri Avropada enerji mənbələrinin diversifikasiyasına ehtiyacın artdığı bir dövrdə xüsusilə strateji əhəmiyyət daşıyır. Enerji infrastrukturu və investisiyalar vasitəsilə Azərbaycan yalnız iqtisadi deyil, həm də geosiyasi təsir imkanlarını genişləndirir. Bu baxımdan enerji sektoru Azərbaycanın xarici siyasətində mühüm alətlərdən birinə çevrilir.

Avropada qaz tələbatının yüksək səviyyədə qalması və daxili istehsalın məhdud olması şəraitində Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycanın qaz təchizatı Avropa enerji təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyan alternativ mənbələrdən birinə çevrilir. Köhnə Qitədə qaz istehlakının böyük hissəsi idxal hesabına təmin edilir. Qlobal bazarda maye qazın qiyməti isə dalğalanmalara həssasdır. Bu isə regionu daha sabit və uzunmüddətli boru kəməri qazı mənbələrinə yönəldir. Məhz bu prizmadan yanaşdıqda Azərbaycan mövcud hasilat potensialını artıraraq, artıq 16 Avropa ölkəsinə qaz ixrac edir.

Bundan əlavə, Türkmənistan və Qazaxıstan kimi Mərkəzi Asiya ölkələrinin qaz resurslarının tranzitində vasitəçi rolunu oynayır. Bu isə Azərbaycana Avropanın enerji balansında daha mühüm mövqeyə yüksəlməyə imkan verir. Belə bir enerji marşrutunun inkişafı yalnız təchizatın diversifikasiyasını gücləndirmir, həm də qaz qiymətlərinin sabitləşməsinə və sənaye sektorunun rəqabət qabiliyyətinin qorunmasına töhfə verir.

Qısası, Azərbaycanın enerji infrastrukturu və beynəlxalq şirkətlərlə əməkdaşlığı ölkəni Avropa ilə Asiya arasında mühüm enerji körpüsünə çevirərək regionun geoiqtisadi və geosiyasi əhəmiyyətini daha da artırır. Ölkənin enerji strategiyası göstərir ki, artıq Azərbaycan sadəcə resurs ixracatçısı deyil, eyni zamanda həm hazır məhsul satır, həm də tranzit rolunu gücləndirir. Bu da milli iqtisadiyyatın qlobal rəqabətədavamlılığını təmin edir…

Kamil Məmmədov

Xəbər lenti