IMG-LOGO

İranın Naxçıvana dron hücumu nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub - YENİLƏNİB

05 Mar 2026 14:45 4 baxış
IMG

İranın Naxçıvana dron hücumu ilə bağlı Naxçıvan Muxtar Respublikası (MR) Səhiyyə Nazirliyinə müraciət edən dörd nəfərin kimliyi məlum olub.

"Report"un Naxçıvan bürosu xəbər verir ki, yaralıların vəziyyəti stabildir, həyati təhlükə yoxdur.

Babək rayon Nehrəm qəsəbə sakini, 1998-ci il təvəllüdlü Əsəd Cəfərov hava limanında əmək fəaliyyəti zamanı partlayış dalğasının təsiri nəticəsində qapalı kəllə-beyin travması və barotravma alıb. Bununla əlaqədar onda eşitmə qabiliyyəti ilə bağlı müəyyən problemlər müşahidə olunub. Zərərçəkənə ilkin tibbi yardım göstərilib, hazırda vəziyyətinin qiymətləndirilməsi məqsədilə tibbi müayinələr aparılır.

Culfa rayon sakini, 1996-cı il təvəllüdlü Mehdi Əsgərov da hadisə zamanı xəsarət alıb. Onun çiyin nahiyəsində yaralanma qeydə alınıb. Yaralıya tibbi müdaxilə olunub və zəruri müalicə tədbirləri görülüb. Hazırda müalicəsi davam etdirilir.

Naxçıvan şəhər sakini, 1986-cı il təvəllüdlü Reyhanə Vəliyeva partlayış dalğasının təsiri nəticəsində qapalı kəllə-beyin travması və barotravma alıb. Hazırda onun müalicəsi davam etdirilir.

Naxçıvan şəhər sakini, 1996-cı il təvəllüdlü Zülfüqar Zülfüqarlı isə partlayış nəticəsində döş qəfəsinin arxa səthinin küt travması alıb. Ona tibbi yardım göstərilib və müalicəsi davam etdirilir.

14:15

İranın Naxçıvana dron hücumu ilə bağlı Naxçıvan Səhiyyə Nazirliyinə dörd nəfərdən müraciət daxil olub.

Bunu "Report"un yerli bürosuna açıqlamasında Naxçıvan Muxtar Respublikası Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinin müdiri Sahib Abuzərov bildirib.

Onun sözlərinə görə, xəstələrə ilkin tibbi yardım göstərilib, vəziyyətləri stabildir:

"Onlardan iki nəfərə baş-beyin travması, digər iki nəfərə isə kürək nahiyəsinin küt travması diaqnozu qoyulub. Hazırda hər biri müvafiq şöbələrə yerləşdirilib və müalicələri davam etdirilir".

Xəbər lenti