Yaxın Şərq regionunda baş verən son hadisələr fondunda dollar indeksinin möhkəmlənməsi və bu şəraitdə manatın nominal effektiv bahalaşması ticarət tərəfdaşlarında inflyasiyanı neytrallaşdıra bilər.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.
Məlumata görə, AMB qlobal mühitdə baş verən prosesləri və onların qlobal enerji bazarlarında qiymətlərə təsirlərini davamlı izləyir: "Son hadisələrin qlobal enerji bazarında təklifin daralmasına və bu əsasda enerji məhsullarının qiymətinin artımına təsirləri ehtimal olunur. Neft və qaz qiymətləri üzrə mövcud - fevral fərziyyələri yenilənərsə, AMB bu məlumatları ictimaiyyətlə bölüşəcək".
Tənzimləyici qurumdan qeyd edilib ki, qlobal enerji qiymətləri ticarət tərəfdaşlarında, xüsusilə də enerji idxalçı olan ölkələrdə istehsal xərclərinə təsir göstərir: "Neft və qaz qiymətləri üzrə davamlı artım müşahidə olunarsa, ticarət tərəfdaşlarında inflyasiya arta bilər. Lakin son hadisələr fondunda dollar indeksinin möhkəmlənməsi və bu şəraitdə manatın nominal effektiv məzənnəsinin artması ticarət tərəfdaşlarında inflyasiyanın artımını neytrallaşdıra bilər".
AMB-nin Azərbaycan neftinin qiyməti ilə bağlı proqnozlarına hər hansı dəyişiklik edib-etməyəcəyinə gəlincə belə qeyd edilib: "Əvvəlki dövrlərin təcrübəsi göstərir ki, müvafiq proseslərin qlobal dəyər zəncirinə təsirlərinin qalıcı və keçici olduğunu müəyyən etmək üçün bir qədər vaxt və əlavə təhlillər lazımdır. Hazırda AMB baş verən proseslərin qlobal əmtəə və xidmətlər bazarlarının müxtəlif seqmentlərinə, xüsusilə də Azərbaycan neftinin qiymətinə və idxal olunan ərzaq qiymətlərinə təsirini qiymətləndirir, zəruri olduğu halda özünün yanvar fərziyyələri üzrə müvafiq dəqiqləşmələr aparacaq".
Qurum həmçinin bəyan edib ki, enerji qiymətlərinin artımı tədiyə balansının cari hesablar hesabına əsasən iki istiqamətdə təsir göstərir: "Gəlir kanalı üzrə ixrac gəlirlərimiz artır, xərc kanalı üzrə əmtəə və xidmət idxalı genişlənir. Əlbəttə ilkin və təkrar gəlirlər balansına da təsirlər olur. Lakin əsas təsirlər əmtəə və xidmət üzrə olur. Baş verən proseslərin neft və qazın qiymətinə artım istiqamətində təsir edəcəyi barədə fikir söyləmək üçün qiymətləndirmələr davam etdirilməlidir".
Qeyd edilib ki, cari əməliyyatlar balansının (CƏB) profisiti valyuta bazarında sabitliyin əsas amili kimi çıxış edir: "AMB-nin proqnozlarına görə 2026-2027-ci ildə də CƏB-in profisitli olacağı gözlənilir. Neft və qazın qiyməti artarsa, bu profisitin genişlənməsi yüksək ehtimal olunur".
AMB-nin məlumatında vurğulanıb ki, hazırda maliyyə sektoru stabildir, maliyyə bazarları stabil fəaliyyət göstərir: "Ümumilikdə maliyyə sektorunun bütün göstəriciləri, xüsusilə də kapital adekvatlığı və likvidlik mövqeyi normativləri əhəmiyyətli üstələyir, kredit portfelinin keyfiyyəti üzrə müsbət dinamika müşahidə olunur və dollarlaşma göstəriciləri tarixi minimuma çatıb".
Bildirilib ki, neft qiymətlərinin yüksək səviyyədə qalmasının valyuta ehtiyatlarının idarə olunması strategiyasına təsirinin müsbət olacağı ehtimal olunur.
"Son proseslərin ölkədə makroiqtisadi sabitlik və maliyyə sabitliyi üzrə hər hansı bir ciddi təhdid yaradacağını ehtimal etmirik. Bu, baş verərsə əvvəlki illərin təcrübəsi əsasında deyə bilər ki, AMB hökumətlə birlikdə effektiv şəkildə bu təhdidlərə qabaqlayıcı reaksiya verəcək", - AMB-nin məlumatında vurğulanıb.