Naxçıvana dron hücumu göstərir ki, İran hökuməti başını itirib.
Bunu "Report"un yerli bürosuna açıqlamasında Türkiyə Geosiyasi Proqnozlaşdırma İnstitutunun rəhbəri, ehtiyatda olan general-mayor Güray Alpar deyib.
General-mayor bildirib ki, İranın ona dəstək verən Azərbaycan kimi bir ölkəyə dronlarla hücum etməsi bağışlanan bir davranış deyil: "İranın Azərbaycana, qonşu ölkələrə hücumunu şiddətlə qınayırıq. İran bu hücumları dayandırmalıdır. Türkiyəyə də belə hücum cəhdi oldu, buna rəsmi səviyyədə etiraz edildi. "İran batırsa, qonşu ölkələr də batsın" prinsipi yanlışdır".
G.Alparın fikrincə, İranın bu cür davranışları sanki özünün məhvini elan etməsi kimi anlaşılır: "Hər kəsi öz əleyhinə yönəldərsə, İranın aqibəti necə olar?! Belə məntiqsiz davranışdan görünən odur ki, İran hökuməti başını itirib. Sanki bu dövlət öz süqutunu elan etmək istəyir. Odur ki, İranın raket və ya dronlarla qonşu ölkələrə bu şəkildə hücumları doğru yanaşma deyil, biz bunu pisləyirik".
Türkiyəli general onu da vurğulayıb ki, əgər İranın daxilində bu dövlətə zərər vermək istəyən qruplar varsa, hökumət təcili tədbirlər görməlidir: "Hazırkı dönəmdə İranın son dərəcə diqqətli davranması lazımdır. Hökumət bu məsələ ilə bağlı dəqiq təlimat verməlidir".
Qeyd edək ki, 5 mart tarixində İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən İran ərazisindən pilotsuz uçuş aparatları ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Naxçıvan beynəlxalq hava limanına və digər mülki infrastruktura hücum aktları həyata keçirilib. Hava Limanının binasına zərər dəyib, dörd mülki şəxs xəsarət alıb.