Azərbaycana Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, TBNM) çərçivəsində marşrutun iştirakçı ölkələri arasında logistik proseslərin rəqəmsal inteqrasiyasını təmin etməli olan süni intellekt sahəsində əməkdaşlıq mexanizminin (MC-AICM) yaradılması təklif edilib.
"Report" xəbər verir ki, belə bir təşəbbüslə Özbəkistanın sabiq xarici işlər naziri Vladimir Norov sosial şəbəkə hesabında bildirib.
"Azərbaycan artıq Orta Dəhlizin geoiqtisadi inteqratoruna çevrilib və regional süni intellekt habının yaradılması növbəti məntiqi addımdır", - o bildirib.
Sabiq nazirin sözlərinə görə, Orta Dəhliz artıq Avrasiyanın əsas ticarət yollarından birinə çevrilməkdədir:
"Lakin onun gələcək rəqabət qabiliyyəti təkcə yeni dəmir yollarının və limanların tikintisi ilə deyil, həm də rəqəmsallaşma səviyyəsi ilə müəyyən ediləcək. Məhz rəqəmsallaşma və süni intellekt əsaslı logistika dəhlizin qlobal miqyasda rəqabətə davamlı olub-olmayacağını müəyyən edəcək. Azərbaycan Ələt limanının intellektual sistemlərinə, rəqəmsal gömrük xidmətlərinə və Bakı-Tbilisi-Qars dəmir yolunda süni intellekt dəstəkli planlaşdırma alətlərinə, eləcə də genişlənən multimodal şəbəkəsinə investisiya yatırmaqla bu transformasiyaya rəhbərlik edir".
V.Norov vurğulayıb ki, Avrasiya logistikasının əsas problemlərini – yollarda keçən uzun müddəti, tıxacları və pərakəndə gömrük rejimlərini – yalnız fiziki infrastrukturun inkişafı hesabına həll etmək mümkün deyil. Onun fikrincə, Orta Dəhlizə yüklərin real vaxt rejimində izlənilməsi, ölkələr arasında məlumatların uyğunlaşdırılması və sinxronlaşdırılması; prediktiv logistika alətləri; süni intellekt əsaslı risklərin təhlili sistemləri; vahid rəqəmsal standartlar lazımdır.
Sabiq nazir qeyd edib ki, Azərbaycan artıq rəqəmsal transformasiyanın praktiki nəticələrini nümayiş etdirir: "Xüsusilə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında (Ələt) konteyner daşımalarının həcmi 2025-ci ildə rəqəmsal iş proseslərinin tətbiqi sayəsində 40 % artıb. Öz növbəsində, "Azərbaycan Dəmir Yolları" intellektual planlaşdırma alətlərinin tətbiqi hesabına Çin-Avropa marşrutu üzrə konteyner qatarlarının hərəkətini 34 % artırıb".
V.Norovun fikrincə, milli rəqəmsallaşmadan tam regional inteqrasiyaya keçid üçün TBNM-in bütün ölkələri arasında rəqəmsal logistikanın əlaqələndirilməsi məqsədilə birgə süni intellekt mexanizmi yaradılmalıdır.
Mexanizmin aşağıdakı funksiyaları yerinə yetirəcəyi ehtimal olunur: gəmilərin gəlişinin, qatarların hərəkətinin, Xəzərdəki hava şəraitinin və limanların yüklənməsinin birgə proqnozlaşdırılması üçün süni intellekt əsaslı prediktiv logistika platformasının yaradılması; risklərin süni intellektlə qiymətləndirilməsi, ilkin məlumat mübadiləsi və bütün dəhliz boyu yüklərin avtomatlaşdırılmış rəsmiləşdirilməsi ilə vahid rəqəmsal gömrük sisteminin tətbiqi; güclərin planlaşdırılması və müxtəlif ssenarilərin modelləşdirilməsi üçün əsas liman və terminalların - Ələt, Aktau, Kurık və Potinin qarşılıqlı fəaliyyət göstərən "rəqəmsal əkizləri"nin işlənib hazırlanması; vahid kibertəhlükəsizlik standartları və yüklərin rəqəmsal identifikasiyası ilə transsərhəd məlumat idarəetmə sisteminin formalaşdırılması; pilot layihələrin (ağıllı vaqonlar, IoT sensorlar) həyata keçirilməsi, eləcə də gömrük və logistika idarələrinin mütəxəssislərinin ixtisasının artırılması üçün Bakıda süni intellekt sahəsində İnnovasiya və Təlim Mərkəzinin yaradılması.
V.Norovun sözlərinə görə, mexanizmin ehtimal olunan mənzil-qərargahı qismində Azərbaycanın seçilməsi Ələt limanında müasir rəqəmsal logistika zonasının mövcudluğu və ölkənin Avrasiya nəqliyyat marşrutunun əlaqələndiricisi rolu ilə əsaslandırılır.
Sabiq nazir həmçinin Mərkəzi Asiya dövlətləri ilə C5 formatında inteqrasiyanın fəallaşmasını, inkişaf etmiş rəqəmsal infrastrukturu, eləcə də Sian limanı və aparıcı Avropa logistika şəbəkələri ilə strateji tərəfdaşlığı vurğulayıb.
Xatırladaq ki, Şərq-Qərb istiqamətində 2025-ci ildə 392 blok-qatarın qəbulu ilə 2024-cü ilin müvafiq göstəricisi 37% üstələnib. Eyni zamanda, 2025-ci ildə Bakı Limanında konteyner dövriyyəsi rekord vuraraq 100 min TEU-nu keçib.
Bununla yanaşı, dəhlizlər üzrə ötürücülük qabiliyyətinin artırılması, Bakı Limanının illik yükaşırma həcminin 260 min TEU-ya qədər genişləndirilməsi və sərhəd-keçid prosedurlarının təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.
2024-cü ildə Transxəzər Marşrutu üzrə yük daşımaları 62 % artaraq 4,5 milyon tona çatıb. 2025-ci ildə isə yükdaşımaların 5,2 milyon tona çatacağı gözlənilir.
2027-ci ilə qədər Orta Dəhlizin ötürücülük qabiliyyətinin illik 10 milyon tona çatacağı ehtimal olunur. Bu isə Azərbaycanın tranzit potensialını daha da gücləndirəcək və infrastruktura yeni investisiyaların cəlb edilməsinə şərait yaradacaq.
Qeyd edək ki, Orta Dəhliz ilə yük daşımaları üzrə 2030-cu il üçün hədəf proqnoz 11,4 milyon tondur.