IMG-LOGO

Nazir müavini: "Çexiya-Azərbaycan əməkdaşlığının gələcəyi "yaşıl enerji" və infrastrukturdadır" - MÜSAHİBƏ

04 Feb 2026 14:09 3 baxış
IMG

Qlobal enerji bazarlarının transformasiyası və Avrasiyada logistika zəncirlərinin yenidən qurulması fonunda Çexiya və Azərbaycan arasında iqtisadi tərəfdaşlıq keyfiyyətcə yeni səviyyəyə çatır. Çexiyanın Azərbaycan xammalının ən iri alıcılarından biri olduğu neft-qaz sektorunda ənənəvi möhkəm əlaqələr bu gün iddialı diversifikasiya gündəliyi ilə tamamlanır.

Bununla belə, münasibətlərin hazırki mərhələsi sadə resurs ticarətindən dərin texnoloji inteqrasiyaya keçid tələb edir. Çexiya şirkətlərinin Orta Dəhliz infrastrukturunun inkişafında iştirakı,"ağıllı şəhərlər" konsepsiyaları çərçivəsində innovasiyaların tətbiqi, eləcə də bərpa olunan enerji və "yaşıl transformasiya" sahəsində layihələrin həyata keçirilməsi əsas inkişaf istiqamətlərinə çevrilir.

Çexiyanın Sənaye və Ticarət Nazirliyinin Avropa İttifaqı və Xarici Ticarət Bölməsinin baş direktoru, nazir müavini David Müller "Report"a müsahibəsində yaxın 5-10 ildə hansı sektorların tərəfdaşlığın hərəkətverici qüvvəsinə çevriləcəyi, Azərbaycan iqtisadiyyat nazirinin Praqaya səfərinin birgə layihələrin həyata keçirilməsinə necə təsir edəcəyinə və Çexiya texnologiyalarının regionun infrastrukturunun modernləşdirilməsində oynaya biləcəyi rolu barədə danışıb.

Həmin müsahibəni oxucularımıza təqdim edirik:

- Çexiya və Azərbaycan arasında iqtisadi münasibətlərin mövcud vəziyyətini necə qiymətləndirirsiniz? İkitərəfli əməkdaşlığın genişləndirilməsi üçün daha çox potensiala malik olan sahələr hansılardır?

- Fikrimcə, iqtisadi əlaqələrimiz çox möhkəmdir və ildən-ilə yaxşılaşmağa davam edir. Son illərdə ikitərəfli ticarətin həcmi əhəmiyyətli dərəcədə artıb, ən böyük sıçrayış isə 2024-cü ildə baş verib. Həmin il ticarət dövriyyəsi 30 % artaraq 1,85 milyard avronu ötüb. Eyni zamanda, Çexiya dünyada Azərbaycan neftinin ikinci ən böyük idxalçısıdır.

Tarixən Çexiya ilə Azərbaycan arasında ticarət münasibətlərinin əsasını karbohidrogen sektoru təşkil edib və bu amil əlaqələrimizin möhkəm təməlini formalaşdırıb. Bununla belə, mən əməkdaşlığın şaxələndirilməsinə qarşılıqlı marağı alqışlayıram. Bu baxımdan nəqliyyat və nəqliyyat infrastrukturu, bərpa olunan enerji, su təchizatı və tullantıların idarə edilməsi, ekoloji texnologiyalar, innovasiyalar və "ağıllı şəhər" kimi sahələri gələcək əməkdaşlığın perspektivli istiqamətləri hesab edirəm.

- Son illərdə ölkələrimiz arasında ticarət dövriyyəsi sabit, lakin mötədil səviyyədə qalır. Onun artırılması üçün hansı addımlar atılır? Ticarəti stimullaşdırmaq üçün yeni iqtisadi missiyalar, biznes forumlar və ya hökumətlərarası təşəbbüslər planlaşdırılırmı?

- Ticarət dövriyyəsinin ümumi həcmi orta səviyyədə olsa da, onu əhəmiyyətsiz adlandırmaq olmaz: 2024-cü ildə Azərbaycan ticarətin həcminə görə 30-cu yerdə qərarlaşıb və Çexiyanın ümumi xarici ticarət dövriyyəsinin 0,5 %-i onun payına düşüb. Məqsədimiz bu göstəricini artırmaqdır və bunun üçün nazirliyimiz mütəmadi olaraq biznes missiyaları, seminarlar və digər tədbirlər təşkil edir. Bu il biz "ağıllı şəhərlər" sektorunda növbəti işgüzar missiya təşkil etməyi planlaşdırırıq.

Bundan başqa, biz bu il İqtisadi, Elmi-Texniki və Mədəni Əməkdaşlıq üzrə Qarışıq Komissiyanın VI iclasının keçirilməsi imkanını araşdırırıq. Eyni zamanda, ticarət agentliyimiz olan "CzechTrade" regionda aktiv şəkildə fəaliyyət göstərir və Çexiyanın Azərbaycana ixrac potensialının artırılmasını təşviq etməyə davam edir.

- Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun bu yaxınlarda [2025-ci ilin iyul ayında] Praqaya səfəri iqtisadi dialoqun inkişafında mühüm mərhələ oldu. Bu danışıqlar zamanı hansı konkret razılaşmalar əldə olunub və ya əməkdaşlıq istiqamətləri müəyyən edilib?

- Bu, çox önəmli görüş idi və M.Cabbarovun əməkdaşlığımızın ən vacib sahələrini müzakirə etmək üçün Çexiyaya səfər etməsindən məmnunam. Əsas müzakirə mövzularından biri, şübhəsiz ki, bir çox Çexiya şirkətinin geniş təcrübəyə malik olduğu karbohidrogen və bərpa olunan enerji sahəsində əməkdaşlıq idi. Biz, həmçinin Aİ-yə neft və qaz idxalının şaxələndirilməsində Azərbaycanın etibarlı tərəfdaş kimi qlobal enerji təhlükəsizliyində mühüm rolunu vurğuladıq.

Müzakirələrdə digər vacib istiqamət nəqliyyat sektoru olub. Ümid edirəm ki, biz bu müzakirələri davam etdirəcəyik və görüş zamanı yuxarıda qeyd olunan sahələr üzrə toxunulan bəzi layihələrin həyata keçirilməsində irəliləyiş əldə edəcəyik.

- Energetika ənənəvi olaraq əməkdaşlığın əsas sahələrindən biridir. Çexiya şirkətlərinin bərpa olunan enerji və "yaşıl texnologiyalar" da daxil olmaqla Azərbaycanın enerji layihələrində iştirak perspektivlərini necə qiymətləndirirsiniz? Çexiya enerji səmərəliliyi və sənayenin dekarbonizasiyası sahəsində birgə layihələri nəzərdən keçirirmi?

- Bəli, əminəm ki, bərpa olunan enerji ən perspektivli sahələrdən biridir və bir sıra şirkətlərin Azərbaycan bazarına çıxmağa hazır olduğu mənə məlumdur. Biz ekoloji dayanıqlığa töhfə verən və BOEM layihələri, enerji səmərəliliyinin artırılması və "ağıllı" təmiz texnologiyaların tətbiqi kimi qlobal iqlim məqsədlərinə cavab verən təşəbbüsləri dəstəkləyirik.

Nazirliyin ekspertləri və yuxarıda qeyd olunan şirkətlərlə birgə bu məsələləri və gələcək addımları müzakirə edirik.

- Çexiya maşınqayırma, kimya və müdafiə sahələrində güclü mövqeyə malikdir. Çexiya texnologiyalarının Azərbaycanda birgə istehsalı və ya lokallaşdırılması ilə bağlı layihələrə maraq varmı?

- Biz bu sektorlarda müxtəlif imkanları və layihələri araşdırmaqda maraqlıyıq və gələcəkdə onları həmkarlar və tərəfdaşlarla müzakirə edəcəyik.

- Azərbaycan Cənubi Qafqazda nəqliyyat-logistika habı kimi mövqeyini fəal şəkildə möhkəmləndirir. Çexiya şirkətlərinin Orta Dəhliz və Bakı-Tbilisi-Qars da daxil olmaqla beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı ilə bağlı layihələrdə iştirak potensialı necə qiymətləndirilir?

- Orta Dəhlizin uğurla və vaxtında başa çatdırılması mövcud geosiyasi vəziyyətdə böyük əhəmiyyət kəsb edir, çünki bu, əlaqələrimizin gələcək inkişafına və iqtisadi əməkdaşlığın dərinləşməsinə kömək edəcək. Artıq qeyd edildiyi kimi, bu, ən perspektivli sahələrdən biridir və mən həmkarlarımla cari təşəbbüslərdə iştirak etmək üçün səy göstərəcəyəm.

Çexiya şirkətləri artıq Azərbaycanda böyük layihələrdə, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsində iştirak edib və biz bu əməkdaşlığın davam etdirilməsini səbirsizliklə gözləyirik. Bununla əlaqədar qeyd etmək istərdim ki, Çexiya öz şirkətlərini digər məsələlərlə yanaşı, bu mövzuya xüsusi diqqətin yetirildiyi Aİ-nin "Global Gateway" təşəbbüsündə iştirakına dəstək verməyə hazırdır.

- Zəngəzur dəhlizi layihəsi Avrasiya logistikası kontekstində maraq doğurur. Bu dəhlizin Avropa və Asiya arasında ticarət yollarına mümkün təsiri ilə bağlı Çexiyanın mövqeyi nədən ibarətdir? Bu layihə nəqliyyat siyasətində və davamlı təchizat zəncirlərində Aİ strategiyasına təsir edə bilərmi?

- Biz iqtisadi əlaqələrimizi möhkəmləndirə, Orta Dəhlizin potensialını reallaşdırmağa kömək edə və bütün regionda əməkdaşlığa töhfə verə biləcək bütün təşəbbüsləri dəstəkləyirik.

- Ölkələrimiz arasında investisiya əməkdaşlığı getdikcə daha böyük əhəmiyyət kəsb edir. Çexiya Azərbaycan investisiyalarının cəlb edilməsi üçün nə kimi tədbirlər görür? Bu investisiyalar Çexiya iqtisadiyyatının hansı sektorlarında daha səmərəli ola bilər? Çexiyalı investorlar Azərbaycanda infrastruktur, turizm və ya sənaye sahələrində layihələrə maraq göstərirmi?

- Çexiya iqtisadiyyatı çox açıq və ixrac yönümlü olduğu üçün xaricdə uğur qazanmaq istəyən şirkətlərimizin dəstəklənməsi bizim əsas prioritetlərimizdən biridir. Bununla yanaşı, biz xarici investorları da qəbul etməkdən çox məmnunuq. Beləliklə, fəaliyyətimiz həm çexiyalı investorların və ixracatçıların təşviq edilməsinə, həm də ölkənin investisiya cəlbediciliyinin artırılmasına yönəlib. Biz şirkətlərin beynəlxalq bazarlara çıxışını asanlaşdırmağa çalışır, genişlənmənin müxtəlif mərhələlərində - imkanların öyrənilməsi, tərəfdaşların axtarışı və xaricdə böyük layihələrin hazırlanmasında rəhbərlik və praktik dəstək təklif edirik.

Səfirliklərimiz, "CzechTrade"in xaricdəki ofislər şəbəkəsi, ixracın maliyyələşdirilməsi və sığorta institutları, "CzechInvest" agentliyi və ölkə daxilindəki digər strukturlar bu məsələdə mühüm rol oynayır. Bu təşkilatlar birlikdə şirkətlərə aktual bazar məlumatları, etibarlı əlaqələr və risklərin idarə edilməsi alətlərini təqdim edirlər. Eyni zamanda biz yalnız birdəfəlik ixrac müqavilələrinin dəstəklənməsinə deyil, uzunmüddətli tərəfdaşlıq münasibətlərinin qurulmasına və yüksək əlavə dəyərə malik sektorlara diqqət yetiririk.

Azərbaycana gəlincə, artıq qeyd olunduğu kimi, nəqliyyat və energetika ən perspektivli sektorlardır və Çexiyanın böyük şirkətləri Azərbaycan bazarına çıxmaqda maraqlıdır. Ümid edirəm ki, onlar uğur qazanacaq və əvvəlki uğurlarını davam etdirəcək.

- Turizm ictimai diplomatiyanın mühüm alətidir. Çexiya ilə Azərbaycan arasında turist axınının artırılması üçün hansı addımlar atılır? Viza prosedurlarının sadələşdirilməsi və ya birbaşa hava əlaqəsinin inkişafı planlaşdırılırmı?

- Turizmin əhəmiyyətli olması fikri ilə razıyam və bu baxımdan ölkələrimiz arasında bu sahənin inkişafına töhfə verən birbaşa uçuşların mövcud olmasından çox məmnunam. Bu, konkret olaraq rəhbərlik etdiyim departamentin və ya nazirliyin səlahiyyətinə aid olmasa da, deyə bilərəm ki, Çexiya səfirlikləri turizmə xüsusi diqqət yetirir.

Bununla yanaşı, ölkəmizdə fəaliyyət göstərən "CzechTourism" adlı ixtisaslaşmış agentlik Çexiyaya və Çexiyadan turist axınının artmasına kömək edir.

- Qlobal rəqəmsallaşma və innovasiya trendləri fonunda Çexiya və Azərbaycan arasında məsələn, İT, startaplar, kibertəhlükəsizlik və ya "ağıllı" istehsal sahələrində texnoloji əməkdaşlıq nəzərdən keçirilirmi?

- Şübhəsiz ki, bu məsələ gündəmdədir, çünki qeyd etdiyiniz kimi, qlobal trendlər qaçılmazdır, biz kənarda qala bilmərik, qarşılıqlı əməkdaşlıq isə böyük fayda vəd edir. Bu, həm prioritet sektorların dəyişməsində, həm də həyata keçirdiyimiz missiyaların məqsədlərində öz əksini tapır: üstünlük yüksək texnoloji sahələrə və uzunmüddətli tərəfdaşlığa verilir.

Bizim bu prosesi dövlət səviyyəsində dəstəkləmək üçün başqa alətlərimiz var, lakin nəticə etibarilə hər şey şirkətlərin özündən asılıdır. Buna görə də biz əsasən hər iki ölkənin əsas oyunçuları arasında əlaqələrin qurulmasına diqqət yetirir və irəli sürülən konkret təşəbbüsləri dəstəkləməyə çalışırıq.

- İqtisadi, Sənaye və Elmi-Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın gələcək iclasının gündəliyinə hansı əsas təşəbbüslərin daxil edilməsi planlaşdırılır və görüşün konkret tarixi müəyyən edilibmi?

- Təəssüf ki, hazırda konkret cavab verə bilmərəm, çünki bu məsələni nazirlikdəki həmkarlarım tərəfdaşlarla müzakirə edir. Lakin mən artıq bizim üçün prioritet olan mövzuları və sahələri qeyd etmişəm və şübhəsiz ki, onları müzakirə etməyə, eləcə də müvafiq layihə və təşəbbüslər irəli sürməyə çalışacağıq.

Mən qəti şəkildə inanıram ki, bu məsələdə azərbaycanlı tərəfdaşlarımızla həmfikir olacağıq və komissiya əməkdaşlığımızın növbəti mühüm mərhələsinə çevriləcək.

- Çexiya-Azərbaycan tərəfdaşlığının inkişafı ilə bağlı uzunmüddətli strategiyanız nədən ibarətdir? Yaxın 5-10 ildə davamlı və qarşılıqlı faydalı əməkdaşlıq üçün hansı sahələrdə daha çox potensial görürsünüz?

- Azərbaycanla iqtisadi əlaqələrimizin dərinləşəcəyini və zamanla daha balanslaşdırılmış müstəviyə keçəcəyini gözləyirəm. Artıq möhkəm təməlimiz var və hər iki tərəf qeyri-ənənəvi sahələrdə əməkdaşlığın genişləndirilməsinə açıq şəkildə maraq göstərir.

Çexiya şirkətləri əvvəllər Azərbaycanda mühüm layihələrdə iştirak ediblər və biz yenidən belə təşəbbüslərdə iştirak imkanını alqışlayırıq. Şübhəsiz ki, əməkdaşlığımızı yeni səviyyəyə çatdırmaq üçün imkanlar var. Əgər açıq dialoqu qoruyub saxlasaq və biznes dairələrimiz arasında əlaqələri davam etdirsək, inanıram ki, tərəfdaşlığımız hər iki tərəfə uzunmüddətli fayda gətirəcək şəkildə inkişaf edəcək.

Bundan başqa, Aİ-nin beynəlxalq tərəfdaşlığın inkişafı və "Global Gateway" təşəbbüsü vasitəsilə strateji layihələrə investisiya səylərinin intensivləşməsindən məmnunam. İnanıram ki, yaxın illərdə Çexiya şirkətləri bu səviyyədə də uğur qazanacaq - bu, iqtisadi əlaqələrimizdə tamamilə yeni səhifə açacaq, layihələrin daha genişmiqyaslı və əhəmiyyətli olmasına imkan verəcək, habelə istehsalın lokallaşdırılması vasitəsilə yüksək əlavə dəyərə malik sektorlarda əməkdaşlığımızı dərinləşdirəcək.

Xəbər lenti