163 nömrəli tam orta ümumtəhsil məktəbinin 10 c sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) fevralın 4-ü ehtiyyatsızlıq nəticəsində pəncərədən yıxılıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Lent.az-a verilən məlumata görə, məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb:
"Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb. Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır.
İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur", – deyə idarədən bildirilib.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Lent.az-ın sorğusuna bildirilib ki, hazırda həmin şəxsin müalicəsi reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir:
"Fevralın 4-də saat 08:50-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, 163 nömrəli orta məktəbdən yıxılma səbəbilə çağırış qeydə alınıb. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 15 yaşlı oğlan sol biləyin sınığı diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Almacıq sümüyünün, bel fəqərələrinin, qabırğa və sol dabanın sınıqları diaqnozları təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda həmin şəxsin müalicəsi reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir".
Hadisələr