“Əli və Nino” kitab evinin sahibi Nigar Köçərli ilə “Liv Bona Dea” Hospitalı bir-birini məhkəməyə verib.
Lent.az xəbər verir ki, bununla bağlı N.Köçərli öz feysbuk hesabında paylaşım edərək vurğulayıb ki, “Liv Bona Dea” Hospitalına qarşı məhkəmə çəkişməsinə hazırlığa başlayıb:
“Ağrıyan insan canı üzərindən böyük məbləğlər alıb, əvəzində lazımi tibbi xidmət göstərməyən mütəşəkkil sistemə qarşı çıxıram. Qarşıda uzun bir yol var. Amma bu yolda tək deyiləm. Onların əməllərindən əziyyət çəkən bütün pasiyentlərin nümayəndəsiyəm.İnsan xəstəliyi ilə alver edənlərə qarşı çıxıram. Xəstələrə qayğı tələb edirik. Ağrılarımızı baha qiymətləndirib, ucuz xidmət göstərən başdansovdu yanaşmaya qarşıyıq”,-deyə paylaşımda qeyd edib.
Həmçinin hospitaldan da Lent.az-a bildirilib ki, Nigar Köçərli Liv Bona Dea Hospital barədə müxtəlif narazılıqlar səsləndirsə də, bu müddət ərzində hər hansı hüquqi addım atmayıb, işgüzar nüfuzumuza və hüquqlarımıza vurulmuş zərərin aradan qaldırılması məqsədilə məhkəməyə müraciət etmişik:
“Son dövrlərdə Liv Bona Dea Hospitalda əməliyyat olunmuş vətəndaş Nigar Köçərli tərəfindən şəxsi Instagram hesabı və digər sosial şəbəkə platformalarında xəstəxanamız haqqında həqiqəti əks etdirməyən, işgüzar nüfuzumuza xələl gətirən paylaşımlar edilmiş və hazırda da bu paylaşımlar davam etdirilməkdədir. Qeyd edilən hallarla bağlı olaraq, qanunvericiliyin tələblərinə uyğun şəkildə tərəfimizdən 31.01.2026 tarixində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmiş, iddia ərizəsinə əlavə olunmuş sənədlər məhkəmə tərəfindən qeydiyyata alınmışdır.
Bildirmək istərdik ki, Nigar Köçərli Liv Bona Dea Hospital barədə müxtəlif narazılıqlar səsləndirsə də, bu müddət ərzində hər hansı hüquqi addım atmamışdır. Yalnız tərəfimizdən məhkəməyə müraciət edildikdən sonra qarşı tərəf vəkil ilə müqavilə bağladığını və məhkəməyə müraciət etdiyini ictimai şəkildə bəyan etmişdir. Liv Bona Dea Hospital olaraq biz bütün məsələlərin yalnız qanun çərçivəsində və hüquqi müstəvidə həll edilməsinin tərəfdarıyıq. İşgüzar nüfuzumuza və hüquqlarımıza vurulmuş zərərin aradan qaldırılması məqsədilə məhkəməyə müraciət etmişik və bu mərhələdə hər hansı kütləvi informasiya vasitəsində əlavə açıqlama verməyə ehtiyac görməmişik. Çünki bir şəxsin haqlı və ya haqsız olması yalnız məhkəmə qərarı ilə müəyyən edilir. Yekun məhkəmə qərarı əldə edildikdən sonra, nəticə barədə ictimaiyyətə müvafiq məlumat təqdim ediləcəkdir".
Qeyd edək ki, Nigar Köçərli bir müddət əvvəl "Liv Bona Dea" Hospitalında əməliyyatından sonra narazılığını bildirmişdi.
Nigar Köçərli Liv Bona Dea Hospital