"SOCAR AQŞ" MMC "Günəşli" yatağında tənzimlənən təzyiqlə qazma texnologiyasının ("Managed Pressure Drilling", MPD) tətbiqi üzərində işləyir.
"Report" xəbər verir ki, bunu "SOCAR AQŞ"nin geoloqu Saleh Orucov Bakıda keçirilən "IADC Drilling Caspian & Black Sea 2026" konfrans və sərgisində bildirib.
Onun sözlərinə görə, MPD texnologiyasının tətbiqi "Günəşli" yatağı üçün kritik əhəmiyyət kəsb edir, çünki burada layların tükənməsi təbii xarakter daşımır, aktiv və uzunmüddətli işlənmədən irəli gəlir: "Bu şəraitdə MPD-dən istifadə, xüsusilə "Günəşli" yatağının dayazsulu sahələrində birinci dərəcəli əhəmiyyət kəsb edir".
S.Orucov qeyd edib ki, "Günəşli" yatağında şaquli gərginliyin qiymətləndirilməsi zamanı ən etibarlı nəticələri ekstrapolyasiya metodu təmin edir, lay təzyiqinin proqnozlaşdırılması üçün isə ən dəqiq və konkret məlumatları struktur korreksiya metodu verir.
O, həmçinin xatırladıb ki, bu günə qədər "SOCAR AQŞ" "Günəşli" yatağında ümumilikdə 70-dən çox quyu qazıb.