Malayziyanın Sabah ştatının kənd təsərrüfatı, balıqçılıq və qida sənayesi naziri Camavi Caafar Kuala-Lumpur beynəlxalq hava limanının tualetində yaş döşəmədə sürüşərək başından xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə "The Star" nəşri nazirin sosial şəbəkələrdəki paylaşımına istinadən məlumat yayıb.
Hadisə noyabrın 23-ü səhər saatlarında VIP sərnişinlər üçün gözləmə zonasında baş verib. Hava limanının tibb işçiləri Caafara yardım göstərib və yaraya tikiş qoyublar.
Nazir hava limanının operatoru "Malaysia Airports Holdings Bhd" şirkətinə tualetdə döşəmənin sürüşkənliyinin azaldılmasını, yaxınlıqdakı klinikaya təcili çıxışın təmin edilməsini və əməkdaşlara ilkin tibbi yardım üzrə təlim keçirilməsini təklif edib.
Hava limanının operatoru hadisə yerinə baxış keçirildikdən sonra təhlükəsizliyin təmin edilməsi üçün zəruri tədbirlər görüldüyünü bildirib.
Mənbə: report.az