Azərbaycanın gənclərdən ibarət cüdo millisi Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında ən azı bir qızıl medal qazanmağı hədəfləyib.
Bunu "Report"a açıqlamasında komandanın baş məşqçisi Rüstəm Alimli deyib.
Mütəxəssis mundialı 3 medalla başa vuran yığmanın çıxışını dəyərləndirib:
"Bizim üçün turniri uğulu hesab etmək olar. Yarışı 3 medalla başa vurduq. Əslində ən azı bir qızıl medal qazanmağı hədəfləyirdik, çünki şansımız çox idi. Təəssüf ki, bu imkandan istifadə edə bilmədik. Lakin bu cüdodur və burada belə hallar yaşana bilir. Artıq Vətənə qayıtmışıq və digər məşqçilərlə birlikdə idmançıların görüşlərini izləyərək təhlillər aparırıq."
R.Alimli 2026-cı ili gənclərdən ibarət cüdo millisi üçün uğurlu hesab etdiyini söyləyib:
"Ümumilikdə bu ili cüdoçularımız üçün uğurlu hesab etmək olar. Onlar dünya və Avropa çempionatlarında layiqli çıxış etdilər. Əsas odur ki, heyətdə çox perpektivli idmançılar yer alır. Bəzi cüdoçular artıq əsas yığmanın heyətinə qoşulurlar. İnanırıq ki, onlar böyüklərdən ibarət millidə də öz sözlərini deməyi bacaracaqlar".
Qeyd edək ki, gənclər arasında dünya çempionatında Ramazan Əhmədov (+100 kq) gümüş, Məhəmməd Musayev (66 kq) və Davud Namazlı (100 kq) isə bürünc medala sahib çıxıblar.
Mənbə: report.az