IMG-LOGO

Qərbi Azərbaycanın yaddaş yerləri - Əhalisi bir neçə dəfə deportasiyaya məruz qalan Zod kəndi

23 Nov 2026 14:01 2 baxış
IMG

"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsi çərçivəsində Ermənistanda 1980-ci illərin sonlarına qədər azərbaycanlıların yaşadığı Zod (indiki Sotk) kəndinin tarixi haqqında araşdırma dərc olunub.

"Report" xəbər verir ki, bu barədə məqalə "Perished civilization"da yayımlanıb.

Qeyd olunub ki, kənd bir neçə əsr ərzində Zod adını daşıyıb. 1991-ci ilin aprelində Ermənistanda Azərbaycan irsini erməniləşdirmək və məhv etmək siyasəti çərçivəsində kəndin adı dəyişdirilərək Sotk qoyulub. Kənd 1995-ci ildən Ermənistan Respublikasının Geğarkunik vilayətinin tərkibindədir.

Kənd haqqında qeydlərə XVI və XVIII əsrlər Osmanlı mənbələrində rast gəlinir. XVIII əsrin ortalarından Rusiya işğalına qədər kənd İrəvan xanlığının Göyçə mahalının tərkibində olub.

1827-ci ildə Rusiya İrəvan xanlığının ərazisini işğal edib, 1828-ci il Türkmənçay müqaviləsi isə onun Rusiya imperiyası tərkibinə birləşdirilməsini təsbit edib. Çar Rusiyası dövründə kənd İrəvan quberniyasının Novo-Bayazid qəzasının tərkibində olub.

1829-1832-ci illərdə Rusiya hakimiyyətinin tapşırığı ilə keçmiş İrəvan və Naxçıvan xanlıqları ərazilərinin kameral təsviri tərtib edilib. Sənədə salınmış məlumatlara əsasən, kənddə hamısı əsilləri azərbaycanlı olmaqla 245 nəfər yaşayıb.

Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara görə, 1915-ci ilə qədər müxtəlif vaxtlarda kənddə yalnız və ya, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar. 1886-cı ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 1088 nəfər yaşayıb.

29 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti İrəvan (indiki Yerevan) şəhərini və bəzi ətraf əraziləri ermənilərə güzəştə gedib. Beləliklə, müasir azərbaycanlıların əcdadlarının tarixən yaşadığı torpaqlarda Birinci Ermənistan Respublikası yaradılıb.

1918-1920-ci illərdə Ermənistan Respublikasında hakimiyyətdə olan millətçi Daşnaksütyun partiyası İrəvan quberniyasında, o cümlədən digər bölgələrdə, xüsusən də Zəngəzur, Qarabağ və Naxçıvanda türk əhaliyə qarşı etnik təmizləmə keçirib. Həmin dövrdə Zod Basarkeçər ərazisinin daşnaklara ən inadlı müqavimət göstərən kəndlərindən biri olub. 1919-cu ilin aprelində ərazidə erməni qoşunlarının mütəmadi olaraq artilleriya tətbiq etdikləri intensiv döyüşlər gedib. Arxiv sənədlərinə əsasən, aprelin ortalarında erməni qoşunları kənddə qırğın törədiblər, kəndin özünü isə dağıdıblar.

Etnik təmizləmənin nəticələri 1919-cu ilin statistik məlumatlarında öz əksini tapıb, sənədə əsasən, kənddə bir nəfər də olsun, sakin qalmayıb.

1920-ci illərin əvvəllərində azərbaycanlı əhali kəndə qayıtmağa başlayıb.

Erməni mənbələrinin məlumatlarına əsasən, 1989-cu ildə kənddə 2790 nəfər yaşayıb.

1955-ci ildə Zod kəndində anadan olmuş və 1989-cu ilin mart ayına qədər orada yaşamış Vilidon Əliyev xatırlayır: "1988-ci ilin noyabr-dekabr aylarında köç başladı. Ermənilər bizə təzyiq elədilər ki, çıxmalısınız, yoxsa sizi qıracağıq. Axırda biz çıxdıq, 1989-cu ilin martında… Bizim kənddə erməni yaşamayıb. Biz 750 ailə idik, hamını sayanda 2000 nəfərdən çox idik".

1980-ci illərin sonlarında ermənilərin Qarabağa dair ərazi iddiaları və iki respublika arasında münasibətlərin gərginləşməsi nəticəsində azərbaycanlılar tamamilə Ermənistan SSR ərazisindən qovulublar. Azərbaycanlıların qovulmasından sonra kəndə ermənilər yerləşdiriliblər.

2021-2024-cü illərdə "Yoxa çıxmış sivilizasiya" kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlərin gedişində kənddə məzar daşlarının bir hissəsinin salamat qaldığı azərbaycanlı qəbiristanlığı aşkar edilib. Bəzi məzar daşları XIX əsrə aiddir.

Qərbi Azərbaycanın yaddaş yerləri - Əhalisi bir neçə dəfə deportasiyaya məruz qalan Zod kəndi

Mənbə: report.az

Xəbər lenti