ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton zərəri 6,3 milyard dollar qiymətləndirilən "Binance" kriptovalyuta birjasına edilən genişmiqyaslı haker hücumunda Şimali Koreyanın əli olmasına dair hələlik yekun məlumatlara malik deyil.
"Report" "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə Amerika lideri Floridadakı iqamətgahında jurnalistlərə açıqlamasında deyib.
"Biz hazırda bunu aydınlaşdırırıq. Biz Şimali Koreyanın bununla əlaqəli olub-olmadığını bilmirik, amma əgər belədirsə, o zaman biz bu məsələni onunla müzakirə edəcəyik", - Tramp deyib.
Daha əvvəl ABŞ-nin Federal Təhqiqatlar Bürosu (FTB) kiberhücuma görə məsuliyyəti Şimali Koreyanın "Trader Traitor" haker qruplaşmasının üzərinə atıb.
Qurumun məlumatına görə, cinayətkarlar oktyabrın 29-da "Binance" birjasından 6 milyard dollardan çox məbləğdə kriptovalyuta aktivləri oğurlayıblar. FTB həmçinin bildirib ki, oğurlanmış vəsaitlər, əsasən, "Ethereum" kriptovalyutasına çevrilir.
Öz növbəsində, "Binance" hücum nəticəsində müştərilərin məruz qaldığı itkiləri tam ödəməyi vəd edib.
Mənbə: report.az