İrəvandakı Müqəddəs Anna kilsəsində Ermənistanın Baş naziri Nikol Paşinyana hücum etmək cəhdi ilə bağlı başlanmış cinayət işi çərçivəsində üç nəfərə ittiham irəli sürülüb.
"Report" xəbər verir ki, bu barədə Ermənistan mediası İstintaq Komitəsinin mətbuat katibi Kimu Avdalyana istinadən məlumat yayıb.
İş üzrə üç Ermənistan vətəndaşı saxlanılıb: 18 yaşlı David və Mikael Minasyanlar, həmçinin ictimai-siyasi xadim Gevork Gevorkyan.
David Minasyana xuliqanlıq (Ermənistan Cinayət Məcəlləsinin 297-ci maddəsi) və vəzifəli şəxsin qanuni xidməti və ya siyasi fəaliyyətinə müdaxilə ittihamları irəli sürülüb. Mikael Minasyan xuliqanlığa yardım və vəzifəli şəxsin qanuni fəaliyyətinə müdaxilədə, Gevork Gevorkyan isə xuliqanlığın təşkili və vəzifəli şəxsin qanuni xidməti və ya siyasi fəaliyyətinə müdaxilənin təşkilində ittiham olunur.
Hadisə martın 29-da səhər ibadət zamanı baş verib. Paşinyan kilsəni tərk edərkən orada olan şəxlərdən biri mühafizə xidmətinin əməkdaşı ilə mübahisəyə başlayıb, digəri isə baş naziri vurmağa cəhd edib.