IMG-LOGO

"Bulud həlləri" Azərbaycanda kibertəhlükəsizlikdə əsas çağırış adlandırılıb

25 Feb 2026 12:18 2 baxış
IMG

Hazırda "bulud həlləri" Azərbaycanda kibertəhlükəsizlik sahəsində əsas çağırış olaraq qalmaqdadır.

"Report" xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Baş idarə rəisinin müavini Tural Məmmədov Bakıda keçirilən "Azərbaycanda kibertəhlükəsizlik sahəsində qanunvericilik" mövzusunda keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, Azərbaycan hələ ki, dövlət sektorunda "bulud servisləri"ndən istifadəyə ehtiyatlı yanaşmanı qoruyub saxlayır.

"Biz hələ də "bulud həlləri" üçün açıq deyilik və əksər hallarda dövlət təşkilatlarına "bulud servisləri"ndən istifadə etməyə icazə vermirik. Yalnız ayrı-ayrı, istisna hallarda xüsusi razılaşma əsasında bu mümkündür. Ümumilikdə biz "on-premise" həllərə, yəni lokal infrastruktura, xüsusən də informasiya təhlükəsizliyi sahəsində üstünlük verməyə meylliyik. Söhbət məlumatların ölkə daxilində saxlanılmasından və dövlət qurumlarının daxili səviyyədə mühafizəsinin təmin edilməsindən gedir", - T.Məmmədov vurğulayıb.

O qeyd edib ki, hazırda dünyada "splinternet" – qlobal şəbəkənin fraqmentasiyası konsepsiyası fəal müzakirə olunur.

"Əgər əvvəllər biz vahid qlobal internetdən danışırdıqsa, bu gün onun bölünməsi getdikcə daha çox müzakirə olunur. Bir çox hökumətlər və Avropa İttifaqı kimi birliklər rəqəmsal suverenliyi möhkəmləndirməyə çalışırlar. Bu, məlumatların öz ərazisi daxilində saxlanılmasını, DNS sorğularına və internet trafik mübadiləsi nöqtələrinə nəzarəti nəzərdə tutur ki, hətta sanksiyalar, məhdudiyyətlər və ya digər böhranlar zamanı avtonom fəaliyyəti və rəqəmsal xidmətlərin fasiləsiz göstərilməsini təmin etmək mümkün olsun", - rəis müavini əlavə edib.

Xəbər lenti