2026-cı ildə almağa dəyər ən yaxşı “Samsung” smartfonlarının siyahısı açıqlanıb. Reytinqdə həm premium, həm qatlanan, həm də daha münasib qiymətli modellər yer alıb.
Lent.az xəbər verir ki, “Android Central” mütəxəssisləri aktual “Samsung” modellərini sınaqdan keçirərək avqust ayı üçün ən yaxşı seçimləri müəyyənləşdiriblər.
Siyahının lideri Samsung Galaxy S26 Ultra olub.
Hazırda şirkətin ən qabaqcıl smartfonu hesab edilən model Snapdragon 8 Elite Gen 5 for Galaxy prosessoru, 6,9 düymlük 120 Hz Dynamic AMOLED ekran, 12 GB operativ yaddaş və 5000 mAh batareya ilə təchiz edilib. Əsas kamerası 200 meqapikseldir və iki telefoto modulundan ibarət inkişaf etmiş zum sistemi var.
Modelin maraqlı xüsusiyyətlərindən biri “Privacy Display” funksiyasıdır. Bu rejim ekranı və ya onun müəyyən hissələrini yan tərəfdən baxan şəxslər üçün oxunmaz hala gətirərək mesaj və şifrələrin gizliliyini qorumağa imkan verir. “S26 Ultra” həmçinin “S Pen” dəstəkləyir və 7 il proqram yeniləməsi alacaq.
Samsung Galaxy S26 isə ən yaxşı klassik flaqman seçilib.
Telefon 6,3 düymlük 120 Hz AMOLED ekran, 12 GB RAM, Snapdragon 8 Elite Gen 5 for Galaxy prosessoru və 4300 mAh batareya ilə təqdim olunur. Model Ultra versiyası ilə müqayisədə daha kompakt və münasib qiymətlidir. Ona da 7 il Android yeniləməsi vəd edilir.
Qatlanan smartfonlar arasında Samsung Galaxy Z Flip 8 fərqlənib.
Onun xarici ekranı 4,1 düymə qədər böyüdülüb və çərçivələri minimuma endirilib. Cihaz Snapdragon 8 Elite Gen 5 prosessoru və 4800 mAh batareya ilə təchiz olunub. Ekspertlər onun kompakt ölçü ilə flaqman səviyyəli performansı birləşdirdiyini bildiriblər.
Orta qiymət seqmentində ən yaxşı seçim Samsung Galaxy A57 hesab olunub.
Təxminən 500 dollar qiymətə təqdim edilən model yaxşı kamera, uzun batareya ömrü, su və tozdan qorunma kimi xüsusiyyətləri ilə seçilir. Mütəxəssislər onu flaqmana yüksək məbləğ ödəmək istəməyənlər üçün uğurlu alternativ adlandırıblar.
Büdcə seqmentində isə Samsung Galaxy A17 önə çıxıb.
Smartfon 90 Hz AMOLED ekran, 50 meqapiksellik əsas kamera və 5G dəstəyi ilə təchiz olunub. Modelin əsas üstünlüklərindən biri də uzun proqram təminatı dəstəyidir. “Galaxy A17”in altı il ərzində yeniləmələr alacağı bildirilir.
Ekspertlərin fikrincə, “Samsung”un 2026-cı il modellərinin əsas üstünlükləri uzunmüddətli proqram dəstəyi, geniş funksionallıq və müxtəlif büdcələrə uyğun seçim imkanlarıdır.
telefon Samsung Samsunq uyğun qiymətli telefonlar




Mənbə: lent.az