IMG-LOGO

Sahildə qızıl tapıldı, okeanın dibində axtarışlar başladı

22 Aug 2026 15:11 3 baxış
IMG
0 0

Qananın sahil xəttinin müxtəlif hissələrindən götürülmüş qum nümunələrində qızıl aşkarlanıb. İndi kanadalı mütəxəssislər Atlantik okeanının dibində nə qədər qızıl ehtiyatının olduğunu müəyyənləşdirməyə çalışırlar.

Lent.az xəbər verir ki, Kanadanın “GoldCoast Resource” şirkəti Afrikada təxminən 10 min kvadratkilometrlik ərazidə okean dibində qızıl yataqlarını araşdırır.

Nümunələr 2026-cı ilin mart-may aylarında Qananın qərbində Esiama ilə Akvidaa arasındakı təxminən 75 kilometrlik sahil xəttindən toplanıb. 50 kilometr boyunca bir neçə nöqtədə gözlə görünən qızıl dənəcikləri aşkarlanıb. Şirkətin məlumatına görə, beş litrlik bir qum nümunəsində 13-ə qədər qızıl dənəsi tapılıb.

Bu nəticələrdən sonra şirkət Qananın kontinental şelfində araşdırmaları genişləndirmək qərarına gəlib. “GoldCoast Resource” burada 10 kəşfiyyat lisenziyasına malikdir.

Araşdırılan ərazi sahil boyunca təxminən 300 kilometr uzanır və bəzi hissələrdə dənizə doğru 33 kilometrədək məsafəni əhatə edir.

Mütəxəssislər Qana çaylarının uzun illər ərzində daşıdığı qızılın qədim çay yataqlarında, su altında qalmış çimərliklərdə və okean dibindəki digər geoloji strukturlarda toplanıb-toplanmadığını müəyyən etmək istəyirlər.

Perspektivli ərazilərin aşkarlanması üçün təxminən 50 metr yüksəklikdə uçan təyyarədən istifadə olunur. İndiyədək təxminən 50 min xətti kilometr həcmində maqnit məlumatları toplanıb.

Növbəti mərhələdə tədqiqatlar gəmilər vasitəsilə aparılacaq. Okean dibinin maqnit, seysmik və batimetrik xəritəsinin hazırlanması, daha sonra isə çöküntü süxurlarından nümunələrin götürülməsi nəzərdə tutulur.

Əgər perspektivli sahələr müəyyən edilərsə, şirkət qazma işlərinə və daha böyük həcmdə nümunələrin götürülməsinə başlamağı planlaşdırır.

2010-cu ilə aid əvvəlki məlumatlarda Ankobra çayı yaxınlığındakı bəzi nümunələrdə qızıl konsentrasiyasının hər kubmetrə 1,862 qrama qədər çatdığı göstərilib. Lakin şirkət bu nəticələrin müstəqil şəkildə təsdiqlənmədiyini vurğulayır.

Qana artıq Afrikanın ən böyük qızıl istehsalçılarından biridir. 2025-ci ildə ölkədə 5,94 milyon unsiya qızıl hasil edilib ki, bu da rekord göstərici olub və əvvəlki illə müqayisədə 23 faizdən çox artım deməkdir.

dünyadan xəbərlər qızıl Afrika Qana Kanada qızıl ehtiyatları dünya rekordları

Mənbə: lent.az

Xəbər lenti