Dünyanın ən uzunömürlü insanlarının immun sistemi yaşlandıqca zəifləmək əvəzinə müəyyən mənada daha aktiv işləyə bilər. Alimlər bunun 110 yaşdan çox yaşayan insanlarda xərçəngə qarşı əlavə müdafiə yaratdığını düşünürlər.
Lent.az xəbər verir ki, Yaponiyanın Osaka Universitetinin alimləri superuzunömürlü insanların, yəni 110 yaş və daha çox yaşayan şəxslərin immun sistemində xüsusi hüceyrələrin yüksək səviyyədə olduğunu müəyyənləşdiriblər.
Söhbət CD4 sitotoksik T-limfositlərindən gedir. Bu hüceyrələr orqanizmdə xərçəng hüceyrələri və virusla yoluxmuş hüceyrələr kimi təhlükələri tanıyaraq onları məhv etməyə kömək edir.
Tədqiqatda 70-99 yaş arasında 8, 100-109 yaş arasında 10, 110 yaş və daha yuxarı olan daha 10 nəfər iştirak edib. Alimlər qeyd ediblər ki, Yaponiya üzrə 110 yaşdan yuxarı cəmi təxminən 150 insan olduğu üçün 10 nəfərlik qrup belə bu sahədə əhəmiyyətli göstərici hesab olunur.
Qan analizləri göstərib ki, yaş artdıqca CD4 sitotoksik T-limfositlərinin bütün T-hüceyrələri arasındakı payı da yüksəlib. Bu göstərici daha gənc yaşlı qrupda təxminən 4 faiz olduğu halda, 100 yaşdan yuxarı insanlarda 10 faizə, 110 yaşdan çox yaşayanlarda isə 17 faizdən yuxarı qalxıb.
Mütəxəssislərin diqqətini çəkən digər məqam həmin immun hüceyrələrinin yaşlı insanlarda “tükənmə” əlamətləri göstərməməsi olub. Yəni onlar xərçəng və virusla yoluxmuş hüceyrələrə qarşı mübarizə qabiliyyətlərini qoruyublar.
Araşdırmanın müəlliflərindən Kosuke Haşimoto bildirib ki, bir əsrdən çox yaşayan insanlarda belə immun sisteminin dəyişən təhlükələrə uyğunlaşmağa davam etməsi diqqətçəkəndir.
Alimlərin ehtimalına görə, insan yaşlandıqca orqanizmdə xərçəng hüceyrələri və yenidən aktivləşən viruslar kimi təhlükələr artır. CD4 sitotoksik T-hüceyrələri də məhz bu təhlükələrə cavab olaraq çoxala bilər.
Tədqiqatçılar gələcəkdə bu mexanizmi daha yaxşı anlamağın digər insanlarda da oxşar qoruyucu immun reaksiyasının yaradılmasına kömək edə biləcəyini düşünürlər.
Araşdırmada 2024-cü ildə 117 yaş 168 günlük olarkən vəfat edən və bir müddət dünyanın ən yaşlı qadını hesab olunan Mariya Branyas Moreranın da nümunəsi xatırladılıb. Onun immun sisteminin çoxsaylı infeksiyalara qarşı uğurlu mübarizə apardığı, hətta COVID-19-u simptomsuz keçirdiyi bildirilib.
Alimlər hesab edirlər ki, məhz güclü və çevik immun sistemi bəzi insanların həm xərçəngə qarşı daha davamlı olmasının, həm də 110 ildən çox yaşamasının sirlərindən biri ola bilər.
dünyadan xəbərlər sağlıq xəbərlər xərçəng xəstəliyiMənbə: lent.az